XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » İqtidarın sensasion 2018 hədəfi

İqtidarın sensasion 2018 hədəfi

İqtidarın sensasion 2018 hədəfi
18-02-2017, 00:16

Hakimiyyət nazirlər və deputatlar qarşısında qeyri-rəsmi tələb qoyub

Bu barədə iqtidardakı mənbələrdən verilən məlumata görə, göstəriş əhalini qıcıqlandıran çıxışlarda korrekt olmaqla əlaqədardır.

2017-ci ili qada-bəlasız, sabitlik içərisində başa vurmağı və 2018-ci il prezident seçkilərinə kimi şəffaf idarəçilik sistemi yaratmağı qarşısında hədəfləyən hakimiyyət komandada qaykaları bərkidir.

Nazirlərin və deputatların ağzını “mum”layaraq, çıxışlarında ehtiyatlı və həssas olmağı təmin edərək xalqla işləmək strategiyası proqramda nəzərdə tutulub.

Ölkə rəhbərliyi il başlayandan bəzi deputatların çıxışlarına görə ajiotaj yaranmasından narahat olub. Bunun fəsadlarının daha böyük və xoşagəlməz insidentlərə gətirməsindən narahatlıq olduğu üçün tədbirlər planı həyata keçirilir.

O baxımdan qeyri-rəsmi göstəriş nazirlərin, komitə sədrlərinin, ayrı-ayrı məmurların, icra başçılarının, deputatların hər birinə şamil olunub.

İqtidardakı mənbələrdən verilən məlumata görə, hakimiyyət xalqla təmasları artırmaq, problemləri həll etmək, müxalifətə zərrə qədər də şans yeri qoymamaq niyyətindədir.

Son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür. Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir.

Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər, narazı qaçqın ordusu yetişməsinə zəmin yaratmasınlar. Əldə etdiyimiz xəbərə görə, bəzi deputatların fikirləri qıcıq yaradıb.

İqtidar həmin millət vəkillərinə zamanında cəza verib, xəbərdarlıq edib. İndi yeni situasiya yaranıb və onlardan köçkünlərə qarşı daha sıx münasibət göstərilməsi tələb edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.