XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Sığorta bazarında “müştəri ovu”: - Agent bazasına yol necə tapılır?

Sığorta bazarında “müştəri ovu”: - Agent bazasına yol necə tapılır?

Sığorta bazarında “müştəri ovu”: - Agent bazasına yol necə tapılır?
21-06-2017, 11:33

Maliyyə Bazarlarına Nəzarət Palatası 46 müstəqil sığorta agentinin lisenziyasını 3 ay müddətinə məhdudlaşdırıb. Səbəb olaraq isə sığorta agentlərinin rüblük hesabatları təqdim etməməsi göstərilir. Ancaq bu məsələ ilə bağlı iqtisadçılar, ekspertlər müxtəlif şərhlər verdilər. Məsələnin əsil mahiyyətini, sığorta bazarında yaşanan vəziyyəti aydınlaşdırmaq üçün hal-hazırda fəaliyyət göstərən müstəqil sığorta agenti Ruslan Hüseynovla əlaqə saxladıq. R.Hüseynov “Cümhuriyət” qəzetini maraqlandıran sualları cavablandırdı.
-Ruslan bəy, bu gün sığorta şirkətləri böhranlı dövrünü yaşayır. Xüsusilə, ölkədə baş verən devalvasiyadan sonra sığorta şirkətləri demək olar ki, işsiz qaldı. 2 il əvvəllə müqayisə etsək, sığorta bazarı hansı vəziyyətdədir?
-Düzdür, 2 il əvvəllə müqayisədə bəzi sığorta növlərində satışlar azalıb və ya dayanıb. Azərbaycanda vəziyyət elə idi ki, demək olar ki, hər bir bankın özünün sığorta şirkəti vardı və ya hansısa sığorta şirkətilə əməkdaşlıq edərək bir növ monopoliya yaradırdılar. Siz hansısa bankda əmlak qoyub kredit götürmək istəyərkən əmlakı yalnız bankın əməkdaşlıq etdiyi şirkətdə sığortalamalı idiniz. Belə həm sığorta şirkəti həm də banklar qazanırdı. Kreditlərin dayandırılmasından sonra sığorta şirkətlərinin bel sütunu qırıldı. Könüllü sığorta növlərində qazanc sıfıra yaxınlaşdı, bəzi şirkətlər bağlandı, qalanları isə hücum çəkdilər icbari sığorta növlərinə. 2 il bundan əvvəl bəzi iri və məşhur şirkətlər icbarı sığortaya demək olar ki, fikir vermirdilər. İcbari sığortada xeyir digər növlərdəki qədər deyil. Lakin indi həmin şirkətlər icbarı sığortaya marağı aktiv surətdə artırırlar. Artıq nəticəsi də odur ki, bəzi sığorta şirkətlərində satış azaldığından maliyyə vəziyyətləri pisləşib. Çox güman 2-3 aydan sonra ən azı 1-2 sığorta şirkətinin bağlanacağını eşidəcəyik. Bir tərəfdən Azərbaycan kimi kiçik ölkə üçün bu qədər sığorta şirkəti yaxşı hal deyil. Bəzi sığorta şirkətləri var idi ki, illik satışları 200-300 min manat idi, halbuki digər şirkətin aylıq satışı milyonu keçirdi. Az kapitallı şirkətlər ödənişlərdə problem yaratdığına görə sığortaya inam azalırdı. Suala cavabı konkretləşdirərək deyə bilərəm ki, sığorta şirkətlərində vəziyyət banklardakı kimi pis deyil. Düzdür, bəzi şirkətlər bağlanacaq, amma düzgün iş sistemi qurmuş, şəffaf şirkətlər işləməyə davam edəcək. Böhran həm də fürsətdir, bağlanan şirkətlərin bazar payı da yerdə qalan şirkətlər üçün bir növ "hədiyyədir".
-Ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatası 46 sığorta agentinin lisenziyasını ləğv etdi. Ekspertlər hesab edirlər ki, bu sığorta agentlərinin işinin zəifləməsilə əlaqədardır. Siz necə düşünürsüz, sığorta agentlərinin lisenziyalarının dondurulmasının əsas səbəbləri nə oldu?
-Sığorta bazarında rəqabət artdığı kimi sığorta agentləri arasında da rəqabət artıb. Təəssüf ki, agentlər arasındakı rəqabət çox iyrənc vəziyyətdədir. Adam bəzən bu vəziyyətdən bezir. Belə ki, bəzi iri şirkətlərin agentləri hansısa yolla başqa agentlərin bazasına yol tapır və digər agentlərin müştərilərinə sığorta təklif edirlər. Mən hal-hazırda sığorta vaxtı yaxınlaşan öz müştərimə zəng vurmağa utanıram, çünki zəng edən kimi, müştəri deyir səndən əvvəl 10-15 nəfər qız zəng edib. Elə düşünürlər ki, mən nömrələrini vermişəm. Müştərinin sığorta vaxtına 1 ay qalmışdan, istirahət günü, bayram günü fikirləşmədən gecə gündüz zəng vurub bezdirirlər. Bəzən müştərilər təngə gəlib razılaşırlar. Bəzi agentlər bir az da irəli gedərək sığortanı sistemə vururlar və müştəriyə deyirlər ki, artıq sığorta yazılıb, başqa yerdə yaza bilməyəcəksiz. Əslində o zəng vuran xanımlar agent yox, hansısa hüquqi şəxs agentin işçiləridir. Dəfələrlə şikayət olunmağına baxmayaraq MBNP bu barədə tədbir görməyib. Dəfələrlə facebookda da məşhur şəxslər statuslarında paylaşıblar ki, agentlər adamı bezdirir, yenə də problem həll olunmayıb. Bu ay artıq 3 müştərimi elə agentlər "oğurlayıb". Düşünürəm ki, agentlərin sayının azalmasına səbəblər yuxarıda yazdığım başda olmaqla aşağıdakılardır.
1. Əvvəllər hər avtosalon, bank və ya sığorta ilə bağlı hansısa müəssisə işçilərindən biri mütləq sığorta agenti lisenziyasına malik olurdu. Həmin müəssisələrin bağlanması agentlərin azalmasına səbəbdir.
2. Sığorta şirkətləri özləri də lisenziyalı agentlərin azalmasında maraqlıdırlar. Səbəb hesabatlardır. Ona görə də bir neçə agenti bir lisenziyalı agentə bağlayaraq hesabat işlərini azaldırlar.
3. Bazarda olan lisenziyasız "subagentlərin" sayı lisenziyalı agentlərin sayından qat-qat çoxdur. Lisenziyasiz işləyən "subagentlər" vergi vermirlər, DSMF ödənişləri etmirlər. Onların yazdığı sığortalar hansısa lisenziyalı agentin adına rəsmiləşdirilir və vergini o agent ödəyir. Bu yenə də hesabat və DSMF xərclərini azaldır. Buna görə də sığorta yazanların əksəriyyətinin şərtlərdən xəbəri yoxdur yalnız sığortanı sistemə vurmağın qaydasını bilirlər. Mən imtahan verəndə(2011-ci il) suallar elə idi ki, o suallara cavab verən sığorta sahəsində böyük anlayışlara sahib olurdu. İndi hamı sığorta yazır amma.
-Bu gün vətəndaşlar sığorta agentlərindən nə tələb edir?
-Təəssüf ki, bu gün vətəndaşlar sığorta agentlərindən yalnız endirim istəyirlər. Keyfiyyətli xidmət və ya sığorta şərtlərinin izah edilməsini istəyən yoxdur, yalnız endirim.
-Əhali arasında belə bir fikir formalaşıb ki, sığorta şirkətləri vətəndaşı aldatmaqla məşğuldur. Sığorta hadisəsi zamanı süründürməçiliyə yol verilir. Bu fikirlərin formalaşması nədən qaynaqlanır?
-Bu məsələdə yalnız sığorta şirkətini günahlandırmaq düzgün deyil. Sığorta ödənişinin məbləğinin hesablanmasında vahid yanaşma yoxdur. Bir usta 1 detalı 10 manata düzəldir, digəri 15 manata. Amma arada keyfiyyət fərqi olur. Detalın qiymətində mübahisə yaranmasa da usta pulunda narazılıq olur. Müştərilər əsasən işi öz ustalarına gördürmək istəyirlər, bəzən ustalar da maşının sığorta ödənişi əsasında təmir olunacağını bilib qiyməti qaldırırlar. Usta işinin qiymətləndirilməsi çətin olduğu üçün narazılıq yaranır. Buna görə də hesab edirəm ki, usta işinin qiymətinə vahid yanaşma lazımdır. Müxtəlif ustalar üzrə qiymətlər öyrənib ortaq qiymət təyin etmək lazımdır. O ki qaldı ödənişin müddətindəki narazılığa, burda əsas səbəb Forma 4 deyilən sənədin DYP-dən sığorta şirkətinə gəlmə müddətidir. Sənəd poçtla gəldiyi üçün bəzən gec gəlir, bəzən gəlib çatmır və ödəniş müddəti uzanır. Bu sənəd elektronlaşdırılsa, müddət məsələsini həll etmək olar. Düzdür, hal-hazırda bəzi şirkətlərdə maliyyə sıxıntıları olduğuna görə ödənişi 2-3 dəfəyə keçirir, amma yaxşı maliyyə vəziyyəti olan şirkətdə problemlərin səbəbi dediklərimdir. Məbləğə səbəb usta pulu, müddətə səbəb isə Forma 4 deyilən sənəddir.
-Sığorta şirkətləri bankların əlavəsi kimi qəbul olunur. Bu baxımdan banklarda baş verən neqativ hadisələr sığorta şirkətlərinə də aid edilir. Bankların vəziyyəti isə göz qabağındadır. Sığorta şirkətlərini hansı təhlükələr gözləyir?
-Bu problemlə mən də dəfələrlə rastlaşmışam. Əvvəllər işlədiyim sığorta şirkətinin eyniadlı bankı bağlanandan sonra sığorta portfelimdə azalma oldu. Amma portfelimdə olan adamların əksəriyyəti tanıdıqlarım adamlar olduğundan onlara vəziyyəti izah etməklə portfelimi bərpa elədim. Düşünürəm ki, o sığorta şirkətlərini təhlükə gözləyir ki, icbari sığorta ilə aktiv məşğul olmurlar və agent şəbəkələri zəifdir. Və bu vəziyyət uzun davam etsə, çox güman 4-5 sığorta şirkətindən başqa qalanı bağlanacaq. Əlavə üçün deyim ki, məqalədə sığortanın onlayn olması agentlərin işini azaldır. Öz işimdən deyim ki, bu çox cüzi təsir edib. İlk növbədə müştərilər onlayn sığortaya maraq göstərmirlər, çünki agentlərdən endirim tələb edirlər. İkincisi də ki, onlayn ödənişlərlə bağlı ölkədəki vəziyyət yaxşı deyil. Əhalinin maarifləndirilməsi lazımdır. Yaşlı nəsilin kompüterdən istifadə bacarıqları çox azdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.