XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » ŞUŞADA SON NƏFƏSİNƏDƏK VURUŞAN XÜSUSİ TƏYİNATLI HƏRBÇİ RƏHİMOV YALÇIN ELÇİN OĞLU

ŞUŞADA SON NƏFƏSİNƏDƏK VURUŞAN XÜSUSİ TƏYİNATLI HƏRBÇİ RƏHİMOV YALÇIN ELÇİN OĞLU

ŞUŞADA SON NƏFƏSİNƏDƏK VURUŞAN XÜSUSİ TƏYİNATLI HƏRBÇİ RƏHİMOV YALÇIN ELÇİN OĞLU
16-12-2020, 13:56

20 yaşlı Xüsusi Təyinatlı hərbçi Rəhimov Yalçın Elçin oğlu 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı, ərazi bütövlüyümüz uğrunda göstərdiyi igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı.

Rəhimov Yalçının keçdiyi həyat yolu qısa, lakin şərəfli, gələcək nəsillərimizə örnək olacaq, vətənin tarixinə şanlı səhifələr yazmış nadir və yalnız seçilmiş insanların gedə biləcəyi bir yoldur.

Rəhimov Yalçın 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailənin üçüncü övladı – sonbeşiyi idi. Evdə bir bacı, iki qardaş idilər. Atası Elçin kişinin, anası Dilarə xanımın nümunəvi tərbiyəsi ilə böyümüşdü.

Orta məktəbi Nardaranda oxuyan Yalçın boş vaxtlarında çalışaraq ailəsinə çörəkpulu qazanmağa kömək edərdi. Hələ uşaqlıqdan kikboksinq, güləş və üzgüçülük ilə məşğul olurdu. Kikboksinq üzrə yarışlara qatılıb, “Fəxri Fərman”, “Diplom” və medallara layiq görülmüşdür. Yeniyetməlik dövrünə qədəm qoyanda ən böyük arzusu peşəkar hərbçi olmaq idi.

Yalçın, həyatı çox sevirdi, gülərüz, pozitiv, yaraşıqlı və istiqanlı, bütün qohum-əqrəbanın, qonşuların, dostların sevimlisi, çox mərhəmətli, ailəcanlı, dostcanlı, qohumcanlı, mehriban bir insan idi. O, hamıya əl tutmaqdan xüsusi zövq alar, qohum-qardaş yanında olmaqdan doymaz, yaxşılıq etməkdən yorulmazdı. İnsanlara kömək etməyi sevən Yalçın öz hərbçi maaşı ilə 2020-ci ildə Müqəddəs Qurban bayramı münasibəti ilə ehtiyacı olan beş ailəyə yardım etmişdir. Onda mərdlik, səmimiyyət, qeyrət, ləyaqət, düzgünlük, Vətəninə, bayrağına bağlılıq və əsl kişilərə məxsus digər xüsusiyyətlərin hamısı öz əksini tapmışdı.

2018-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yollanır. Həqiqi hərbi xidmət keçərək dövlətinə vətəndaşlıq borcunu şərəflə yerinə yetirdikdən sonra ürəyində sonsuz Vətən eşqi olan Yalçın xidmətini Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) davam etdirir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət nümayiş etdirmək lazımdır. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq özü bir qəhrəmanlıqdır. XTQ-yə seçim ciddi tələblərlə həyata keçirilir. Məlumatlara görə, bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatın ala bilir. Bu kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək, müxtəlif heyvanların ətini (qurbağa, ilan) yemək öyrədilir.

Yalçın xidməti dövründə bir çox kurslarda və təlimlərdə iştirak edib, dəfələrlə “Fəxri Fərmanlara”, sertifaktlara layiq görülmüşdür. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi. O, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə seçilən bir hərbçi olub.
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə atılan qəhrəmanımız müharibənin ən qızğın döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib.
Qarabağ müharibəsinin ən həlledici nöqtələrindən olan Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşdə Yalçın özü yaralansa da, yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb, ölumün gözünə dik baxaraq yenidən döyüş meydanına geri dönərkən mühasirəyə düşür.

Düşmənə təkbaşına meydan oxuyan igid döyüşçü əlbəyaxa döyüşlərdə namərd düşmənin çox sayda canlı qüvvəsini məhv etmişdi. Erməni quldurlarına qarşı üz-üzə, təkbətək vuruşarkən boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən qələbəyə bir gün qalmış, noyabrın 7-də döyüş meydanında şəhidlik zirvəsinə ucalıb.

O, vətən yolunda ölümün gözünə dik baxaraq, həyatını vətənə qurban verib.
Rəhimov Yalçın 13 noyabr 2020-ci il tarixində Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn edilmişdir.
Qardaşı Rasim Rəhimov da könüllü olaraq Vətən müharibəsinə gedib, düşmənə qarşı qəhramancasına döyüşüb.

Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Buna görə adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazılan Yalçın kimi Vətənpərvər, mərd və cəsur qəhrəmanlarımızın xatirəsi heç bir zaman unudulmayacaq, gələcək nəsillərə örnək göstəriləcək. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Ruhun şad olsun, Yalçın!
Yalçın qardaşımıza Ulu Tanrıdan rəhmət, ailə üzvlərinə isə, səbir və təmkin diləyirik.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Allah şəhidlərimizə rəhmət eləsin!
ŞUŞADA SON NƏFƏSİNƏDƏK VURUŞAN XÜSUSİ TƏYİNATLI HƏRBÇİ RƏHİMOV YALÇIN ELÇİN OĞLU


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.