SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rövşən Əkbərovun cinayət dosyesi

Rövşən Əkbərovun cinayət dosyesi

Tarix:

15-12-2020, 11:01

/ 989 dəfə oxundu.
Rövşən Əkbərovun cinayət dosyesi

Ukraynada ürəyinə bıçaq sancılan Elçin Əliyevin qətli açıqlacaqmı?..
Rövşən Əkbərovun adı yenidən gündəmdədir. Bu dəfə onun tutduğu vəzifədən uzaqlaşdırılması Ələkbərovu mətbuatın diqqət mərkəzinə gətirib. Ümumiyyətlə isə ordu korpusu komandanı, general-leytenant Rövşən Əkbərovun personası vəzifədə olduğu dönəmdə daim gündəmdə olub. 19 ildir ki, onun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqurant kimi keçir.

Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub. O dövrlərdə Elçin Əliyevin biznesinin əks-sədası Bakıya qədər gəlib çatırdı. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. O dövrdə onun özünün də nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı.

Amma 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı, bir anda bütün mətbuatın diqqət mərkəzinə gəldi. İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi.

Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun dəhşətli qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub. Hazırda Rövşən Əkbərov vəzifdə deyil və bu cinayətin üstünün açılması ehtimalı var. Səmayə Əliyevanın vaxtilə redaksiyamıza ünvanladığı məktubda qətllə bağlı ciddi faktlar, iddialar yer alır.

Həmin məktubunda Səmayə Əliyeva oğlunun qatilinin o zaman Kiyevdə hərbi akademiyada oxuyan Rövşən Əkbərovun olduğunu qeyd edirdi:

“Elçinlə Rövşənin arasında o vaxtlar söz-söhbət olub, amma bunun səbəbi bizə məlum deyil. Oğlumun cənazəsini Kiyev şəhərindən Nazim İbrahimov və oğlumla birlikdə iş birliyində olan Səməd Novruzov Bakıya gətirdilər. Soruşacaqsınız ki, ailə üzvlərindən cənazəni gətirməyə kimsə getmişdimi? Bizim Kiyevə getməyimizi şəxsən Nazim İbrahimov, hansı səbəbdənsə məsləhət bilmədi. Yeganə oğlumun, qatilinin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir. O vaxtlar Ukraynada müvəqqəti işlər vəkili, sonradan Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazım İbrahimov, oğlumun yas mərasimində iştirak edərkən mənə bildirdi ki, Səmayə ana, bu işin arxası ilə getməyin. Dedi ki, bu cinayətin arxasında böyük qüvvələr durur.

Elçin Əliyev 1 iyun 2001-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində qəsdən öldürülüb. Bundan sonra fakt üzrə Ukrayna Prokurorluğu cinayət işi başlayıb və cinayəti törədən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması, hadisəni törətdikdən sonra qaçıb gizlənməsi müəyyən edilib. Buna görə də cinayət dosyesi 27 fevral 2003-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Səmayə Əliyeva qətldə Rövşən Əkbərovu ittiham edirdi və istintaqın dolaşığa salınmasından narazılığını gizlətmirdi:

“Oğlum Elçin Əliyevə qarşı cinayəti hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində yüksək komandan postu tutan general Rövşən Əkbərov tərəfindən törədilməsinə dair hələ iş Ukrayna Respublikasında olarkən, kifayət qədər faktlara, məlumatlara və sənədlərə malik idik. Ukrayna hüquq-mühafizə orqanları da cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair mötəbər sübutlar əldə etdikdən sonra işi Baş Prokurorluğa göndərmişdi. Onun hərbçi olması nəzərə alınaraq, 8 aprel 2003-cü ildə cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verildi. Hərbi Prokurorluq aparılan iş üzrə həqiqətin müəyyən edilməsinə kömək etmədi. Buna görə bizim çoxsaylı şikayətlərimizdən sonra cinayət işi Hərbi Prokurorluğun icraatından götürülüb 24 fevral 2004-cü ildə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verildi.

12 may 2004-cü ildə iş üzrə istintaq aparılması bu idarənin xüsusi işlər üzrə böyük müstəntiqi Rasim Hacıyevə həvalə olundu. Rasim Hacıyev istintaq hərəkətlərini davam etdirmək üçün Ukrayna Respublikasında oldu və onunla əlaqə saxlayarkən cinayəti törətmiş şəxsin tezliklə məsuliyyətə cəlb olunacağına dair, bizdə inam yaratdı. Lakin sonradan nədənsə cinayəti törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün heç bir real addım atılmadı və sübutların azlığı bəhanə gətirildi.

Daha sonra cinayət işi Rasim Hacıyevin icraatından götürülərək hərəkətlərindən Nəsimi Rayon Məhkəməsinə şikayət etdiyimiz Rövşən Maqsudovun icraatına verildi. Rövşən Maqsudov apardığı istintaq hərəkətləri və qəbul etdiyi prosessual qərarlar barədə bizə heç bir məlumat vermirdi. Nəticədə biz onun hərəkətlərindən Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədova və Baş prokurora şikayət etmək məcburiyyətində qaldıq. Bizim bu şikayətlərimiz də fayda vermədi.

Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin müəyyənləşdirdiyi qaydada 9 oktyabr 2007-ci ildə Rövşən Maqsudovun qanunsuz hərəkətsizliyindən ərazi aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə şikayət təqdim etdik. İşi icraatına qəbul edən hakim İkram Şirinov bu halda “şikayətin başqa qaydası” nəzərdə tutulmasını əsas göstərərək ona baxmaqdan imtina etdi. Hakimin tövsiyəsinə uyğun olaraq 28 dekabr 2007-ci ildə Rövşən Maqsudovun hüquqlarımızı pozan hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə şikayət təqdim etdik. Bu şikayət də hakim Şirinovun icraatına verildi.

Hakim Şirinov şikayətə açıq məhkəmə iclasında, tərəflərin iştirakı ilə baxılmasını və əvvəllər bizə verilməyən bir sıra prosessual qərarların surətlərinin təqdim olunmasını təmin etsə də, cinayət tənqidi orqanının qanunsuz hərəkətlərinə aid şikayətimizi təmin olunmamış saxladı.

Məhkəmə qərarının 3-cü vərəqində bu iş üzrə istintaq müddətinin sonuncu dəfə Azərbaycan Respublikası Baş prokurorunun 26 dekabr 2007-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə - 12 aprel 2008-ci ilədək uzadılması (bu barədə bizə heç bir məlumat verilməmişdi) qeyd olunur, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 84.5.16., 218.8. və 218.9 maddələrinə istinad edilməklə istintaq müddətinin uzadılmasının prosessual rəhbərliyi həyata keçirən prokurorun hüququ olması göstərilir. Məhkəmə qərarının həmin vərəqdəki digər hissəsində göstərilir: “Azərbaycan Respublikası CPM –nin 449-cu maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydası müəyyən edilib. Həmin maddədə şikayət olunan hərəkət və qərarların dairəsi konkret göstərilib. Qeyd olunan maddədə istintaq müddətinin uzadılmasına dair istintaq orqanının qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz”.

Zənnimizcə, şikayətdə qoyulan tələblərdən birinin rədd edilməsinin əsası kimi məhkəmənin belə yanaşması səhvdir”.

Səmayə Əliyeva qeyd edirdi ki, onlara təqdim olunan məhkəmə qərarının 4-cü vərəqinin əvvəlində Rövşən Əkbərovun onun oğlunu qəsdən öldürməkdəı ittiham edildiyi yazılır: “26 fevral 2003-cü il tarixdə Əliyev Elçin Faday oğlunun öldürülməsi faktına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-leytenantı Əkbərov Rövşən Telman oğlu barəsində Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb”.

CPM-nin 223.1. və 223.2. maddələrinə istinad edən hakim daha sonra qərarın həmin vərəqində aşağıdakıları qeyd edir: “Göründüyü kimi, ibtidai istintaq zamanı hər hansı şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi istintaqı həyata keçirən şəxsin toplanmış mötəbər sübutların məcmusu ilə yanaşı, həm də onun daxili inamı ilə bağlı olan müstəsna hüququdur və məhkəmə qərarı əsasında istintaqı həyata keçirən şəxsə bu cür göstərişin verilməsi qanunun tələblərinə ziddir və yolverilməzdir... Belə olan halda aydın olur ki, şikayətçinin müstəntiq R.Maqsudovun “kifayət qədər sübutlar” mövcud olmasına baxmayaraq, general Rövşən Əkbərovu məsuliyyətə cəlb etməməkdə ifadə olunan hərəkətsizliyinin qanunsuz olması barədə” qərar qəbul edilməsinə dair tələbi də əsassızdır və təmin edilə bilməz”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ