SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 102 yaşlı Azərbaycan Ordusu

102 yaşlı Azərbaycan Ordusu

Tarix:

30-06-2020, 15:59

/ 2 334 dəfə oxundu.
102 yaşlı Azərbaycan Ordusu

Rəşad Bayramov - Ekspert, "GələcəkSƏN" Təlim və İnkişaf proqramının rəhbəri, "İctimai.az" saytının baş redaktoru.

"26 iyun - Silahlı Qüvvələr günü"dür. 102 il öncə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən Milli Ordumuz, ötən əsrin sonlarından etibarən daha güclü olmağa başladı və hazırda nəinki regionda, o cümlədən dünyada ən güclülər sırasında yer almaqdadır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan rəhbərliyi hər zaman münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır, lakin Azərbaycan anlayır ki, qarşı tərəf buna razı olmayacağı təqdirdə geriyə bir yol qalır ki, buda müharibədir.
Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlərdə tarixi hadisələri, o cümlədən 1992-1993 cü illərdə işğal olunmuş rayonlardakə baş verənləri təhrif etməyə, saxtalaşdırmağa çalışırlar. Buna Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclaslarını nümunə göstərə bilərim. Ən son isə 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsinin açılışında iştirakı zamanı deyib ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində beynəlxalq standartları ilə yanaşı, Azərbaycan standartları da tətbiq olunur və bu standartlar ən yüksək qiymətə layiqdir: Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik.
Bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir: Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 15 il əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycanda heç vaxt hərbi sənaye yox idi. Əgər bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb, onlarla ölkəyə hərbi məhsul ixrac edirik.
Ona görə bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Ordumuz və vətənimizə sadiq olan zabitlər və onların ailəsi daim diqqət mərkəzindədir. İndiyə kimi 1700-dən çox zabit evlə təmin olunub və bu proses davam etdirilir.
Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatlarını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu böyük ərazini işğalçılardan azad etdi və o torpaqlarda bayrağımız dalğalanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq, eləcə də Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, müstəqil xarici siyasət yürüdən Azərbaycanla təcavüzkar, eləcə də faşist ideologiyası yürüdən, terrorizmi dövlət səviyyəsində dəstəkləyin Ermənistanı heç bir sahədə müqayisə etmək olmaz. Və inanırıq ki, ən qısa zamanda işğal olunmuş bütün torpaqlarımıza qovuşacaq və daha güclü, bütöv Azərbaycan olacaqdır.

Şərhlər

XƏBƏR LENTİ