XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Aktyoru evindən qovdular: “Pul verib məhkəməni uddular, qaldım küçələrdə”

Aktyoru evindən qovdular: “Pul verib məhkəməni uddular, qaldım küçələrdə”

Aktyoru evindən qovdular: “Pul verib məhkəməni uddular, qaldım küçələrdə”
4-04-2017, 10:55

Akademik Milli Dram Teatrının keçmiş aktyoru Cavanşir Eyyubzadə analığının qızı tərəfindən öz evindən qovulub.
Bu barədə aktyor özü məlumat verib. O, hazırda məhkəmə çəkişməsinin davam etdiyi evin atasının vətəndaş nikahında yaşadığı qadının qohumları tərəfindən zəbt edildiyini bildirib.
Söhbət Sumqayıt şəhəri, Azərbaycan prospekti 5/28 ünvanında yerləşən 56 nömrəli mənzildən gedir. C. Eyyubzadənin sözlərinə görə, o, 1962-ci ildə sözügedən mənzildə dünyaya gəlib. Valideynləri 1976-cı ildə boşandıqdan sonra anası öz atasının evinə qayıdıb. Cavanşir Eyyubzadə isə atası Məmmədşad Eyyubov ilə qalıb. M. Eyyubov 1978-ci ildən sonra Qusar rayonundan olan Ağayeva Həqiqət adlı qadınla vətəndaş nikahında yaşamağa başlayıb: "O gündən sonra qara günlərimiz başladı. Analığım mənimlə dolanmırdı. Mənə görə atamla tez-tez dalaşırdı, evdən getməyimi istəyirdi. 1995-ci ildə atam rəhmətə getdi və Həqiqət Ağayeva məni evdən qovdu. Mən də məhkəməyə verdim. Analığım hakimin qarşısında ağladı, sızladı ki, tənha qadınam, evdən çıxarmayın və s. Hakim də dedi ki, gedin ümumi razılığa gəlin. Biz də evdə bir yerdə yaşamağa başladıq. Lakin elə rəftar edirdi ki, mən evə gəlmirdim. Öz evimdən didərgin düşmüşdüm. Gəlib Bakıda kirayə ev tutub, orada qalırdım. Həmin vaxt da Bakıda kinostudiyada və "Azdrama”da işləyirdim”.
Cavanşir Eyyubzadə yaranmış problemlər səbəbindən kinostudiyadakı və teatrdakı işlərindən ayrılmaq məcburiyyətində qalıb. İşsizlikdən əziyyət çəkən aktyor Rusiyaya üz tutub. Onun Rusiyaya getməsindən istifadə edən analığı yaşadığı mənzilə sahib olmaq üçün özünü evin sahibi Məmmədşah Eyyubovun yeganə varisi elan edib və 2007-ci ildə bunu notariusla təsdiqlədib: "Mənim onun bu cinayətindən xəbərim olmayıb. Notarius da atamın yeganə övladı mən olduğum halda atamla heç bir hüquqi bağlılığı olmayan qadını onun yeganə varisi kimi təsdiqləyib. Görünür, məsələni rüşvətlə həll ediblər. Həmin qadın 2012-ci ilin sentyabr ayında rəhmətə gedib. Mən də bu vaxtlar Bakıda idim. Evimizə gedib içəri daxil olmaq istəyirdim ki, gördüm qapı dəyişdirilib.
Qonşulardan nə məsələ olduğunu soruşanda dedilər ki, o qadının qızı gəlib, evə yiyələnib. Halbuki Həqiqət Ağayeva başqa bir kişidən dünyaya gətirdiyi həmin qızın üzünü 2-cə ay görüb. Sonradan heç vaxt nə xəbər tutub, nə də görüb. Bu qız – İradə Ağasıyeva anası öləndən sonra peyda olub, özünü varis adlandırıb və evimiz keçib analığımın başqa kişidən olan və atama heç bir aidiyyəti olmayan bir qadının əlinə. O da iz itirmək üçün evi öz qohumuna satıb”.
Doğma atasının yeganə varisi olan Cavanşir Eyyubzadə haqqı olan evi almaq üçün üz tutub məhkəməyə. Lakin hakimlər İradə Ağasıyevanın xeyrinə qərar çıxarıb: "Apellyasiya məhkəməsi də oldu. İndi Ali Məhkəməyə verməyə hazırlaşıram. Pul verib bütün qərarları öz xeyirlərinə çıxartırırlar. Onlarla üzləşəndə mənə dedilər ki, "sən kimsən ki, ləzgilərin qarşısında at oynadırsan?” Vallah mən belə həyasızlıq görməmişəm. Atama heç bir aidiyyəti olmayan bir qadın gəlib evi zəbt edib və məhkəmə də onun xeyrinə qərar çıxarır. Hamısını pulla həll ediblər. Çünki mən məhkəməyə verəndə də dedilər ki, boş yerdən özünü yorma, çünki heç bir məhkəməni udmayacaqsan”.
C.Eyyubzadə deyir ki, imkansızlıqdan məhkəmələrdə onu təmsil etməsi üçün bir vəkil belə tuta bilmir. O hazırda atasının vətəndaş nikahında yaşadığı qadının vərəsəlik hüququnun ləğvini istəyir. Lakin bu iddiası da məhkəmə tərəfindən rədd edilir.
Aktyor Prezident İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və aidiyyəti qurumlardan kömək istəyir.
Məlumat üçün bildirək ki, C. Eyyubzadə 1989-2003-cü il tarixlərində Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında çalışıb. 1997-2002-ci il tarixlərində isə həm də Akademik Milli Dram teatrında müqavilə ilə aktyor kimi işləyib. Bu müddət ərzində o, bir çox tamaşalarda əsas rolların ifaçısı olub: "Eşq və intiqam” tamaşasında baş rol, "Hökmdarın qızı” tamaşasında "Əbülfət ağa” və bir çox rollar canlandırıb. Bundan əlavə, filmlərdə də rol alıb.

Bakı Post

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.