XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hakimiyyətin məşhur 6 keçmiş oliqarx naziri indi nə işlə məşğuldur? - Araşdırma

Hakimiyyətin məşhur 6 keçmiş oliqarx naziri indi nə işlə məşğuldur? - Araşdırma

Hakimiyyətin məşhur 6 keçmiş oliqarx naziri indi nə işlə məşğuldur? - Araşdırma
30-03-2017, 17:27

Azərbaycanda yaxın keçmişdə vəzifəsini itirən nazirlərin hazırda nə ilə məşğul olması barədə araşdırma aparmışıq.

Əldə etdiyimiz bilgilərə görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov biznesinin başındadır.
Keçmiş nazir “İmprotex” şirkətlər qrupunun rəhbəri kimi işini davam etdirir. Onun nazir təyinatına qədər də fəaliyyəti biznes olub.
2013-cü ildə İsmayıllıda baş verən xalq etirazlarından sonra onu vəzifəsindən kənarlaşdırıblar. Rayonda aksiyalara səbəb kimi onun oğlu Vüqar Ələkbərovun içkili halda sürücünü təhqir etməsi göstərilir.
Sabiq müdafiə naziri Səfər Əbiyev istefaya göndəriləndən sonra təqaüdə çıxıb və hazırda əasən vaxtını istirahətlə keçirir.
Onun da biznes əlaqələrinin olması və obyektlərinə nəzarət etməsi haqda xəbərlər var. S.Əbiyev əsgər ölümlərinə etiraz aksiyalarından sonra vəzifədən çıxarılıb.
Keçmiş təhsil naziri Misir Mərdanov isə AMEA-nın Riyaziyyat İnstitutunun rektorudur. Eks-nazirin biznesi də var, amma elmi-pedaqoji fəaliyyətinə daha çox vaxt ayırır.
Əldə etdiyimiz bilgilərə görə, milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ev dustağı olduğu və ölkədən çıxışına stop qoyulduğu bildirilir.
Onun nəhəng biznes imperiyasının böyük hissəsi əlindən çıxsa da, yenə də əlində böyük imkanları qalıb.
E.Mahmudov 17 oktyabr əməliyyatından sonra vəzifəsini itirib və MTN generallarının iş adamlarını hədə-qorxu, şantaj yolu ilə təhdid edib pullarını alması təsbit edilib.
Bu prosesdə işini itirən daha bir iri fiqur isə sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur.
Onun barəsində cinayət işi açıldığı deyilsə də, rəsmi şəkildə təsdiqini tapmayıb. Məlumatlara görə, Ə.Abbasov evindədir və öz adına rəsmiləşməmiş biznesi ilə məşğul olur.
Nəhayət, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Quran oxuduğu son xəbərlərdəndir.
Onun vəzifədə olduğu dövrdə də namaz qıldığı, dini ritualları yerinə yetirdiyi haqda məlumatlar var idi. Təbii ki, Quran oxuyan dindar eks-nazirin də böyük biznes şəbəkələri var.
Azərbaycan hakimiyyəti dəyişir. Prezident İlham Əliyevin iqtidarı gəncləşdirdiyi haqda yazdıqlarımız təsdiqlənir. Bir neçə ay əvvəl ölkə başçısının iqtidarı refreş edəcəyini yazmışdıq.
Struktur islahatları ilə yanaşı kadr dəyişiklikləri də olacaq. Nəqliyyat Nazirliyinin ləğvi struktur idisə, Ziya Məmmədovun gedişi də kadr islahatının davamıydı. İqtidar gənc kadrlarla yeni idarəçilik sisteminə keçid etməyə hazırlaşır.
Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.
ASAN Xidmət, poçtların ləğv olunub yeni sistem yaradılması, vitse-prezidentlik institutu yeni idarəçilik modelinin ilkin qaranquşlarıdır.
İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.
Əldə etdiyimi bilgilərə görə, bu 6 nazir zamanında hərəsi bir qubernator, oliqarx, iqtidarın idarəçiliyində mühüm fiqurlar idi.
Prezidentin etimad göstərdiyi həmin nazirlər indi adi vətəndaşa çevrilib. Çünki hərəsi bir formada hakimiyyətin ümumi siyasi kursuna zərbə vurublar.
Məsələn, F.Ələkbərovun oğlunun ucbatından az qala İsmayıllıdakı üsyan bütün əyalətlərə dalğavari yayıla bilər, iqtidara qarşı hərəkata çevrilərdi.
S.Əbiyevin dövründəki əsgər ölümləri mitinqləri idarə olunsa da, real problemlər və cəmiyyətdə ciddi etiraz hiddəti var idi. Bu mitinqlər zamanında idarə olunan prosesə çevrilməsə hakimiyyətə başağrısı yaradacaqdı.

Əli Abbasovla Eldar Mahmudovun İlham Əliyevə etdiyi xəyanətlər isə göz qarşısındadır. Ölkə başçısı isə onları vəzifədən kənarlaşdırmaqla təkcə problemləri həll etmədi, həm də onları zəiflədərək gücsüz vəziyyətə gətirib çıxardı.
Yeri gəlmişkən, hakimiyyət bölgüsündə merkantil və siyasi arsenalda gedən çəkişmələr reformist və Qərbmeyilli təsiri bağışlayan qanadın zəfəri ilə yekunlaşmaqdadır.
Sözügedən 6 nazirin vəzifəsini itirməsi də məhz bu klanlararası qarşıdurmanın göstəricisi kimi qiymətləndirilir.
Belə demək olarsa, de-fakto köhnə qvardiya tam zəiflədildi. İqtidar Paşayevlərin iqtidarındadır. Prezidentin “Sputnik”ə dedikləri isə ehtimal yaradır ki, 2018 yolu açılan Bakı qruplaşmasının gələn il keçiriləcək seçkilərdə böyük şansı var.

İ.Əliyevin söylədiyi kimi, namizədliyini verməyə bilər və bu halda M.Əliyevanın prezident seçilməsi mümkündür.
Çünki onun həm ölkə daxilində, həm beynəlxalq aləmdə siyasi nüfuzu var, islahatçıdır, təcrübəlidir, xalq tərəfindən dəstəklənir, Qərb ölkələrinin prezidentləri ilə görüşlərdə, beynəlxalq konfranslar çıxışları ilə böyük siyasi xadim kimi özünü təsdiqləyib.
Yuxarıda adıkeçən 6 nazirin vəzifəsindən getməsi isə rəhbəri olduqları sahələrdə kifayət qədər dönüş yarada bilib. Məsələn, nəqliyyat sahəsində, MTN yerinə yaradılan DTX-da müsbət irəliləyişlər var.

AnaXeber.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.