
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, bir zamanlar Ümid Partiyasından Mərkəzi Seçki Komissiyasının üzvü olmuş Akif Qurbanovun Qərb dövlətləri səfirliklərinin müxtəlif layihələrə ayırdıqları qrantların hesabına varlanması və daşınmaz əmlak əldə etməsi barədə KİV-də informasiyalar yayılıb.
Yayılan informasiyalarla bağlı açıqlama yayan Akif Qurbanovun fikirləri arasında, aşağıdakı cümlə də yer alıb: “2016-cı ilədək Mərkəzi Seçki Komissiyasında çalışıb və yüksək əmək haqqı almışam. Bundan əlavə, müxtəlif seçkilər dövründə rəsmi şəkildə yaxşı məbləğdə mükafat almışam. Sonrakı dövr üçün fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, 3 il üçün 100 min manatdan çox gəlirim olub və bunun da müvafiq vergisini ödəmişəm və vergi borcum yoxdur”.
Maraqlıdır, bəs Mərkəzi Seçki Komissiyasının işçiləri nə qədər maaş alırlar?
Öncə məlumat verək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası daimi fəaliyyət göstərən dövlət orqanıdır. Bu orqanın müxtəlif vəzifələri var. Belə ki, MSK seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir, aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir. Eyni zamanda dövlət orqanı seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir. Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir.
İşçilərin maaşına gəlincə isə bu dövlət orqanının sədri ölkədə ən çox rəsmi maaş alan məmurlar sırasındadır. Sonuncu dəfə bu dövlət orqanının əməkdaşlarının maaşları 2018-ci ilin iyun ayında qaldırılıb. Belə ki, iyunun 6-da prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edilməsi bərədə" sənəd imzalayıb.
Sərəncama əsasən, MSK sədrinin aylıq vəzifə maaşı 1855 manatdan 2040 manata, MSK sədrinin müavininin aylıq vəzifə maaşı 1720 manat manatdan 1895 manata, MSK katibinin aylıq vəzifə maaşı 1275 manatdan 1405 manata qaldırılıb. MSK üzvlərinin aylıq vəzifə maaşı isə 1280 manat olub. Həmin vaxta qədər MSK üzvləri 1160 manat aylıq vəzifə maaşı alıblar.
Yəni konkret desək, Akif Qurbanovun MSK-da çalışdığı zaman rəsmi maaşı 1160 manat olub.
“Yeni Müsavat”