
Beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, dünyanın enerji siyasətinin mərkəzində duran ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın enerji strategiyası elə mükəmməl hazırlanıb və həyata keçirilir ki, onun uğurları regionu, eləcə də dünyanı əhatə etməkdədir. Əgər bir zamanlar biz bu sahədə hansısa dövlətlərdən asılı idiksə, bu gün isə bunun tam əksidir: artıq uzun illərdir Azərbaycan özü tərəfdaşlarına enerji ixrac edir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi enerji siyasəti iqtisadiyyatımızı gücləndirməklə, vətəndaşlarımızın rifahını dəfələrlə yüksəltməklə yanaşı, həm də böyük siyasi və strateji anlam daşıyaraq müstəqilliyimizi möhkəmləndirib, ölkəmizə böyük nüfuz gətirib, həmçinin beynəlxalq mövqelərinə müsbət təsir edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz dəhlizi” kimi enerji layihələri Azərbaycanı regionun, o cümlədən Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən birinə çevirib. Bu, beynəlxalq aləmdə ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bildiyimiz kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6, trilyon, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrdir. Bu da imkan verir ki, Azərbaycan hələ uzun illər etibarlı enerji təchizatçısı kimi yoluna davam etsin.
Azərbaycanın enerji siyasətinin, bu sahə üzrə həyata keçirdiyi layihələrin uğurlu və cəlbediciliyi, təbii ki, onun güvənli olması ilə sıx bağlıdır. Belə ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn layihələrin tarixinə nəzər salsaq, görərik ki, ölkəmiz atdığı hər bir imzasına məsuliyyətlə yanaşıb, öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, sənədlərdə heç bir dəyişiklik etməyib, ixracda gecikmə də olmayıb. Bir sözlə, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan son dərəcə məmnundurlar. Odur ki, ölkəmizin bu istiqamətdə atdığı yeni-yeni addımlar, təşəbbüslər böyük dəstək qazanır, ona qoşulmaq istəyənlərin sayı isə durmadan artır.
Azərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri də hər il keçirilən Bakı Enerji Həftəsidir. Bu platforma şərait yaradır ki, dünyada enerji sənayesi ilə məşğul olan təşkilatlar, onların lider və nümayəndələri bir araya gəlsin, enerji təhlükəsizliyi, enerji istehsalı və digər vacib məsələləri müzakirə etsinlər. Uzun illərin təcrübəsi göstərir ki, Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlar, təcrübə mübadilələri, gələcək perspektivlərin müəyyən edilməsi baxımdan olduqca faydalıdır. Hər il olduğu kimi, bu dəfə də tədbirə maraq yüksəkdir – 39 ölkədən 267 şirkət burada cəm olub. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Eləcə də dövlətimizin başçısı cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etməsi, mövzu üzrə dəyərli fikirlərini bölüşməsi, qiymətli tövsiyələri tədbirin əhəmiyyətini artırmaqla yanaşı, yüksək statusunu da göstərir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”. “Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bakı Enerji Həftəsinin önəmli tərəfi həm də “yaşıl enerji” sahəsinin inkişafına, təcrübələrin bölüşməsinə, bunun zəruriliyinin təbliğinə geniş yer verməsidir. Təmiz ətraf mühit və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən olunub və bu istiqamətdə qısa müddət ərzində görülən işlər də göz qabağındadır. Bildiyimiz kimi, iqlim dəyişikliyi ağır fəsadlara yol açıb və qlobal xarakter daşıyır. Bütün dövlətlərin həssas yanaşmalı olduğu bu məsələdə Azərbaycan etibarlı və məsuliyyətli davranır. Belə ki, 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını ölkəmiz qarşısına hədəf olaraq qoyub.
Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji üzrə gördüyü işlər barədə iştirakçılara məlumat verdi. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru