SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qırğızıstan Azərbaycanın Mərkəzi Asiyada etibarlı müttəfiqidir

Qırğızıstan Azərbaycanın Mərkəzi Asiyada etibarlı müttəfiqidir

Tarix:

26-04-2024, 10:20

/ 478 dəfə oxundu.
Qırğızıstan Azərbaycanın Mərkəzi Asiyada etibarlı müttəfiqidir

 
Azərbaycan və qırğız xalqları arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Keçmiş Sovet dövlətinin tərkibində müttəfiq respublikalar olan Azərbaycan və Qırğızıstan ötən əsrin sonlarında tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında diplomatik münasibətlərin əsası 31 il əvvəl qoyulub. Bundan əlavə, 26 il əvvəl ölkələrimiz arasında dostluq və əməkdaşlığa dair müqavilə imzalanıb. 
Hazırda Azərbaycan keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Qırğı­zıstanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalar­da uğurla əməkdaşlıq edir, bir çox məsələlərdə bir-birini dəstəkləyirlər. BMT, ATƏT, İslam Əməkdaşlıq Təş­kilatı, Türk Dövlətləri Təşkilatı, İqti­sadi Əməkdaşlıq Təşkilatı, Qoşul­mama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı buna misal çəkmək olar. Məhz bu­nun nəticəsidir ki, eyni kökə, mədə­niyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan ölkələrimiz arasında münasibətlər yüksək sə­viyyədə inkişaf edir. 
Son illər isə Azərbaycan Prezi­denti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşı­lıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndiril­məsinə yeni bir dinamizm gətirib. Həmin səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüş­ləri ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi mü­nasibətlərin inkişafı, əmtəə döv­riyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində əməkdaşlı­ğın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb. 
Bununla belə, Azərbaycan və Qırğızıstan hökumətlərinin iştirakı ilə investisiyaların təşviqi və qarşı­lıqlı qorunması haqqında, ticarət-iq­tisadi əməkdaşlığı haqqında sa­zişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri ge­nişləndirmək niyyətlərinə baxma­yaraq, iki ölkə arasında iqtisadi mü­nasibətlər elə də yüksək səviyyədə deyil. Bunu Azərbaycanla Qırğızıs­tan arasında əmtəə dövriyyəsinin mövcud vəziyyəti də sübut edir. Xatırladaq ki, 2020-ci ildə iki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi cəmi 5 milyon 417,18 min dollar təşkil edib. 2022-ci ildə dövlət başçılarının qarşılıqlı səfərləri bir çox sahələrdə əməkdaşlığa təkan verməklə yanaşı, əmtəə dövriyyəsi­nin də artmasına səbəb olub. Hə­min il iki ölkə arasında ticarət döv­riyyəsinin 10 milyon 800 min dolları ötməsi də bunu təsdiqləyir. 2023-cü ilin əvvəlindən etibarən isə idxal-ix­rac əməliyyatları sürətlə artmağa başlayıb. Belə ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 65 mil­yon dollar təşkil edib ki, bu da əv­vəlki illə müqayisədə 6 dəfə artım deməkdir. 
Yeri gəlmişkən, Mərkəzi Asiya tərəfdaşı qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 2024-cü ilin yanvar-fevral aylarının yekunlarına əsasən, Qırğızıstan ölkəmizdən 18,2 milyon dollar dəyə­rində qeyri-neft malları alıb ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 16,1 milyon dollar çoxdur. Beləliklə, bu ölkə Azərbaycanın qeyri-neft məhsullarının ilk beş idxalçısı siya­hısına daxil olub. Bununla belə, iki ölkə arasında ticarət dövriyyyəsinin artırılması üçün imkanlar olduqca genişdir. Təsadüfi deyil ki, aprelin 24-də dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan və Qırğızıs­tan Dövlətlərarası Şurasının 2-ci ic­lasında bu məsələyə toxunan Pre­zident İlham Əliyev deyib: “Əlbəttə, biz gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına ümid edirik. Bunun üçün perspek­tivlər mövcuddur. Bu gün imzalana­caq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq”. 
Qırğızıstan Prezidentinin səfəri zamanı ölkələrimiz arasında inves­tisiya və energetika sahələrində əməkdaşlığın perspektivləri də ge­niş müzakirə olunub. Bu məqsəd­lə Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin artırılması qərara alınıb.
Səfər çərçivəsində iki ölkə ara­sında gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsini nəzər­də tutan, energe­tika, gömrük, vergi, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlığa dair mühüm sənədlər, eləcə də hökumətlərarası əməkdaşlıq proq­ramı da daxil olmaqla, ümumilikdə, 18 sənəd imzalanıb. 
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Prezi­dent Sadır Japarovun Azərbayca­na səfərinin ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verə­cəyinə əminliyini bildirən dövləti­mizin başçısı iqtisadi-ticari sahədə əməkdaşlığın mövcud səviyyəsin­dən bəhs edərək Azərbaycan–Qır­ğız İnkişaf Fondunun Nizamnamə Fondu haqqında sazişə olunmuş əlavəyə əsasən fondun vəsaitləri­nin 25 milyon dollardan 100 milyon dollara qədər artırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bəyanatında İssık-Kul gölünün sa­hilində Azərbaycanın maliyyəsi ilə inşa edilən beşulduzlu otelin in­vestisiya sahəsində əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradacağına əminliyini ifadə edib. Bununla yanaşı, Qırğızıstan Prezi­dentinin təşəbbüsü ilə bu ölkənin maliyyə vəsaiti hesabına Ağdam rayonunda tikiləcək orta məktəb layihəsinə görə qırğız həmkarına minnətdarlığını bildirib. 
Heç şübhəsiz, dövlət başçıları­nın bəyanatlarında səsləndirdikləri fikirlər, eləcə də imzalanan sənəd­lər ölkələrimiz arasında münasibət­lərin yeni, daha sürətli inkişaf mər­hələsinə qədəm qoymasına səbəb olacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, səfərin yekunları ölkələrimiz və xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək.
 
Mirbağır YAQUBZADƏ - jurnalist
 

Şərhlər

XƏBƏR LENTİ