"Xahiş edirəm, mənə əlilliyin təyin olunmasına süni maneələr yaradan Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin özbaşınalığına son qoyasınız"
Cəlilabad rayonunun Söyüdlü kənd sakini Şahverənova Asudə Sabir qızır redaksiyamıza göndərdiyi məktubunda Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevdən səhiyyə naziri Oqtay Şirəliyevə şikayət edib.
Şikayətçi yazır:
"Hörmətli cənab nazir!
Bildirmək istəyirəm ki, mən Şahverənova Asudə Sabir qızı 1965-ci ildə Yardımlı rayonunun Alar kəndində anadan olmuşam. Sonradan Cəlilabad rayonunun Söyüdlü kəndində məskunlaşmışıq. Ailəliyəm və dörd övladım var. Bir oğlum hal-hazırda hərbi xidmətdədir. Sizə müraciət etməyimə səbəb Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin bizə qarşı olan özbaşınalığıdır.
Belə ki, gözlərimin zəif görməsi ilə bağlı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən artıq ikinci dəfə rəy alaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasının Oftalmologiya şöbəsindən TSEK-ə çıxarış alıb ikinci dəfədir müraciət edirəm. Baş həkim İlham Əliyevə dəfələrlə müraciət etsəm də, o, məni qəbul etmir və hər dəfə get-gələ salır. Haqsız yerə incidilirəm. Mənim gözlərimin zəifliyi sənədlərdə öz əksini tapıb, lakin baş həkim bütün bunları görməzlikdən gəlir. Mən bu haqsızlığa artıq dözə bilmirəm.
Hörmətli cənab nazir!
Gözlərimin zəif görməsiylə yanaşı, həm də ankoloji xəstəyəm. Hər ay dərmanlarıma 100-150 manat civarında pul xərcləyirik. Sizdən xahiş edirəm, mənə əlilliyin təyin olunmasına süni maneələr yaradan baş həkim İlham Əliyevin özbaşınalığına son qoyasınız. Ümidim ancaq sizədir.
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tezadlar.az