XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Erməni vandalizminin növbəti qurbanı – “Gövhər Ağa” məscidi

Erməni vandalizminin növbəti qurbanı – “Gövhər Ağa” məscidi

Erməni vandalizminin növbəti qurbanı – “Gövhər Ağa” məscidi
1-07-2017, 14:27

Ermənilər Şuşa şəhərində yerləşən və işğalçı erməni ordusu tərəfindən dağıdılmış tarixi "Gövhər Ağa" məscidinin təmir olunması barədə məlumat yayıb. Məsciddə təmir-bərpa işləri Ermənistan Təşəbbüslərin İnkişafı və Şərq Tarixi İrsinin İntibahı fondlarının proqramı əsasında həyata keçirilir.

Əslində məscidin bərpası işləri 2015-ci ildən həyata keçirilir. Həmin vaxt ETİF-nun donoru, sahibkar Kayrat Boranbayev Ermənistana və Dağlıq Qarabağa səfər edib. Məscidi görən Boranbayev bərpa işlərinin xərcini öz üzərinə götürüb və bu məqsədlə iri məbləğdə ianə ayırıb. Proqrama əsasən, "Gövhər Ağa" məscidinin tam şəkildə bərpası və ilkin görünüşünün saxlanılması, ətraf ərazilərin və mədrəsə binasının yenidən qurulması nəzərdə tutulub. Lakin ermənilərin Şuşa məscidini yenidən bərpa etməsi Azərbaycan xalqına və müsəlmanlara hörmətdən irəli gəlmir. Separatçılar məscidi gələcəkdə tarixi abidə və turizm obyekti kimi saxlamaq istədiklərini bildiriblər.

Hazırda məsciddə başlanmış təmir-bərpa işləri ilə İran İslam Respublikasının "Part Saman Jahan” arxitektura şirkəti məşğul olur. Bu da təsadüfi deyil. Çünki ermənilər "Gövhər Ağa" məscidinin İran tarixi və mədəniyyətinə məxsus olduğu barədə qondarma iddia ilə çıxış edirlər. Onu da qeyd edək ki, təmir işlərinin 2018-ci ilin payız aylarında başa çatdırılması planlaşdırılır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov bildirdi ki, ermənilər işğal etdikləri ərazilərdə, Şuşada, Ağdamda və başqa yerlərdə saxtakarlıq üçün tarixi və mədəniyyət abidələri ətrafında qazıntı işləri aparırlar: "İşğaldan əvvəl və sonra bu sahədə etdikləri saxtakarlıqları indi beynəlxalq ictimaiyyətə sırıyırlar. Guya ki, həmin ərazilərdə vaxtilə ermənilər yaşayıblar, mədəni irsləri var və sair. Şuşada "Gövhər Ağa” məscidi ətrafında apardıqları qazıntılar isə ermənilərin növbəti fitnəsidir”.

E.Məmmədov İran şirkətlərinin bu qazıntılarda iştirakına toxunaraq vurğuladı ki, bu məsələdə bir tarixi həqiqət var: "İranın bundan əvvəlki prezidenti Ermənistan prezidenti Serj Sərkisyana dəfələrlə eyni kökdən olduqlarını, mədəniyyətlərinin, tarixlərinin eyni olduğunu deyib. İndiki prezident Həsən Ruhani də Sərkisyanla qucaqlaşıb görüşəndə bu fikirləri deyirdi. Məlumdur ki, erməni dili fars dil qrupuna aiddir və eyni kökdən olmaqları bunları çox sevindirir. 1988-ci ildən, Dağlıq Qarabağ məsələsi başlayandan İran həmişə Ermənistanın yanında olub, daim bu ölkəyə ərzağı, yanacağı ilə dəstək verib. Azərbaycanın işğal altında olan torpaqlarındakı bütün tikinti materiallarını, təbii sərvətlərini İran daşıyıb aparıb. Minlərlə İran maşınları bizim işğal olunmuş ərazilərimizdə işləyib. Bu gün də İran-Ermənistan dostluğu davam etdirirlir. Təəssüflər olsun ki, bu gün Şuşadakı "Gövhər Ağa” məscidini fars məscidi adlandırırlar. Guya bunu farslar tikib və İranın haqqı var ki, bu məscidi bərpa eləsin. Məqsəddə odur ki, ermənilərlə əməkdaşlıq edən iranlılar bu məscidə gələrək öz dini ayinlərini yerinə yetirsinlər, namaz qılsınlar”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan hələlik ermənilərin bu mənfur addımının qarşısını ala bilmir: "Çünki torpaqlarımız işğal altındadır. İran da Ermənistanla əməkdaşlığına son qoymur, əksinə, getdikcə münasibətləri intensivləşdirir. Torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edəndən sonra özümüz ərazilərimizə, məscidlərimizə sahib olacağıq. Bu gün isə etirazımızı bəyanat verməklə bildiririk, gücümüz başqa bir şeyə çatmır”.

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli bildirdi ki, Şuşada "Gövhər Ağa” məscidi ətrafında aparılan qazıntılar Ermənistanın beynəlxalq hüquq normalarına zidd olan növbəti addımdır: "Digər bir tərəfdən, bu kimi işləri həyata keçirən Ermənistan kimin qarşısında məsuliyyət daşıyır? Hansı dövlətlərin, beynəlxalq təşkilatların qarşısında cavabdehliyi var? Bir sıra təşkilatlar istisna olmaqla, dünyanın hansı böyük dövləti Ermənistanı öz adı ilə, yəni işğalçı adlandırıb? Minsk qrupuna daxil olan həmsədr dövlətlərin heç biri Ermənistanı işğalçı hesab etmir, amma problemi həll etmək istəyir. Əlbəttə, Ermənistanı işğalçı adlandırıb, onu işğal etdiyi torpaqlardan geri çəkilməyə məcbur edə bilərlər. Ermənistan dünya qarşısında hesabat verməyən bir ölkədir. Ümumiyyətlə, gücün beynəlxalq hüquqa diktə etdiyi bir zamanda, işğalçıya qarşı laqeyd münasibətlərin olduğu belə bir vəziyyətdə ermənilər qızıl da axtara, eyni zamanda, guya qədim erməni məskənlərini, qədim maddi mədəniyyət nümunələrini də üzə çıxara bilərlər. Çünki Ermənistan cəzasızlıq mühitində yaşayır”.

F.İbrahimli qeyd etdi ki, əgər İran şirkətlərinin işğal altındakı ərazilərdə fəaliyyəti varsa, Azərbaycanın xarici siyasət idarəsi ciddi bəyanatla və tələblərlə çıxış edə bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.