
Xalqımızın taleyində elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün tarixi, ictimai, siyasi baxımından xalqın həyatında böyük rol oynayan bir gündür. 15 İyun - mahiyyətcə əsl qurtuluş tarixidir və bu tarixin yazılmasında müstəsna rol oynamış şəxs isə Ulu Öndər Heydər Əliyevdir. 1993-cü ilin 15 iyun tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Müstəqilliyimizin ilk illərində hakimiyyəti qanunsuz olaraq qəsb etmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi də suverenliyimizə təhdid yaradan amillərdən idi. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması və torpaqlarımızın işğalı ilə nəticələndi. Bu şərtlər daxilində nəinki ölkənin inkişaf trendlərini müəyyən etmək mümkün deyildi, hətta dövlətimizin mövcudluğu böyük bir sual altında idi. Belə bir məqamda yeganə nicat yolunu ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən Azərbaycan xalqı onu təkidlə Bakıya, Azərbaycan adlı gəminin sükanı arxasına keçməyə çağırırdı.
Ulu Öndərin siyasi təcrübəsi, müdrikliyi, tarixi xidmətləri, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik nümunələri və öz xalqına olan sonsuz sevgisi Azərbaycanın mütərəqqi insanlarının onun ətrafında sıx birləşməsinə səbəb olmuşdu. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır.
Ümummilli lider Heydər Əliyevin siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır. Danılmaz həqiqətdir ki, onun xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
İnsafəli Teymurov,
Salyan rayon Kürsəngi kənd tam orta məktəbin direktor əvəzi