SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məktəb direktorluğu imtahanında bərbad nəticə - HARA GEDİRİK?

Məktəb direktorluğu imtahanında bərbad nəticə - HARA GEDİRİK?

Tarix:

27-03-2021, 12:58

/ 452 dəfə oxundu.
Məktəb direktorluğu imtahanında bərbad nəticə - HARA GEDİRİK?

Təhsil Nazirliyinin orta məktəblərə direktor olmaq istəyənlər üçün keçirdiyi imtahanın nəticələri məlum olub. Direktorların işə qəbulu üzrə test imtahanı nəticələrinin ətraflı təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyindən verilən məlumata görə, ilk dəfə cari il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda – 2683 namizəd iştirak edib.

Nəticələr isə o qədər də ürəkaçan olmayıb. İmtahan iştirakçılarından cəmi 846 nəfəri 60 test tapşırığının 30-dan çoxuna cavab verib, yəni 50 faizdən yuxarı nəticə göstərib. 2017 nəfər isə 50 faizdən aşağı nəticə göstərib. İddialar var ki, 50 faizdən aşağı nəticə göstərənlər, hətta 10-15 bal toplayanlar arasında hazırda orta məktəblərdə direktor və direktor müavini vəzifəsini yerinə yetirənlər də var. İmtahan iştirakçıları arasında maksimum bal toplayan isə olmayıb.

Bəs, bu cür acınacaqlı vəziyyətin səbəbi nədir?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Press Klub”un sorğusuna cavabında bu cür yanaşma ilə razı olmadığını söylədi:

“Bu, doğru yanaşma deyil. Hansısa rekordsmenin olmaması orada yaxşı nəticənin olmaması demək deyil. Dünyanın heç bir qiymətləndirmə sistemində belə bir yanaşma yoxdur. 2683 namizədin nəticələrini ictimaiyyətə açıqlamışıq. Hər bölgə üzrə müvafiq nəticə toplayan, eləcə də qrafik üzrə ən yüksək nəticə göstərən namizədlər haqqında ictimaiyyətə müvafiq açıqlamalar verilib. Biz nəticələri uğurlu sayırıq. Bir sıra yeniliklər də olub. Bu yenilikləri də infoqram şəklində paylaşmışam”.

Təhsil eksperti Elşən Qafarov isə qeyd etdi ki, ümumilikdə nəticələr aşağı olsa da, direktorların işə qəbulu dördüncü dəfədir keçirilir və ildən-ilə proses təkmilləşir:

“Direktorluğa qəbul üçün 3400 nəfər müraciət etmişdi. Bunların təqribən 3200 nəfəri imtahana buraxıldı, 400 nəfər isə imtahana gəlmədi. 2863 nəfər imtahanda iştirak edib, onların 846 nəfəri, təqribən 30 faizi 50-dən yuxarı nəticə göstərib”.

Aşağı nəticələrin səbəblərinə gəldikdə, ekspert qeyd etdi ki, keçirilən imtahan 2020-ci ilin imtahanı idi:

“Bu imtahan bir neçə dəfə təxirə salındı, vaxtı uzadıldı. İnsanlar tam olaraq imtahanın vaxtını bilmədikləri üçün hazırlaşa bilmədilər, pandemiyanın yaratdığı sosial-psixoloji mühit, Vətən müharibəsi dövründə olan hadisələr insanların psixologiyasına çox ciddi təsir göstərdi. Bunları da qeyd etmək lazımdır. Bu, məsələnin bir tərəfidir. Hazırda məktəb direktoru və direktor müavini işləyənlər arasında qiymətləndirmə aparsaq, mənzərə daha acınacaqlı, balları bundan da aşağı olacaq. Ölkənin ümumtəhsil sektorunda rəhbər vəzifələrdə işləyənlər – istər təhsil şöbəsinin müdiri, məsləhətçiləri, istərsə də məktəb direktoru və direktor müavinlərinin təhsil və əmək qanunvericiliyi ilə bağlı problemləri çox ciddidir, bilik və bacarıqları çox azdır. Hətta vəziyyət o yerə gəlib çatıb ki, təhsillə bağlı məhkəmələrə müraciət etdikdə, verilmiş qərarların 99 fazini ləğv edirlər. Çünki qanunvericilik hüququ təsis olunmur”.

Qafarovun fikrincə, ümumtəhsil müəssisələrində direktor və direktor müavini işləyənlər üçün ya bir illik magistr təhsili, ya bir illik əlavə təhsil təşkil etmək lazımdır ki, insanlar təhsil qanunvericiliyini, məktəb işini, məktəbşünaslığı, əmək qanunvericiliyini öyrənmiş olsunlar:

“10-15 bal toplayan direktor və direktor müavinlərinin olması faktı doğrudur. Bu, onunla bağlıdır ki, vakant yerlərə direktor təyin oluna bilmir, müsahibədən keçə bilmirlər. Rayon təhsil şöbələrinin bu işi həvalə etdikləri insanlar var, hansı ki onlar da imtahanda iştirak edib, çox cüzi bal toplayırlar, hər dəfə də direktor əvəzləyicisini dəyişməkdənsə, həmin insanları saxlayırlar. Məsələn, tutaq ki, məktəbdə direktor yoxdur, istədikləri şəxsdən müəyyən məbləğ alaraq onları direktor və direktor müavini təyin edirlər, eyni zamanda, direktor əvəzləyicisi kimi məktəbi onlara həvalə edirlər. Bəzən elə olur ki, 3-5 il bir məktəbin direktoru vəzifəsi kiməsə həvalə olunur. Həmin əvəzləyici direktorlar imtahanda iştirak edir, istənilən nəticəni verə bilmir, çünki biliyi azdır. Amma onu təyin edənlərin təzyiqi altında hər il istədikləri məbləği verərək direktor olaraq çalışırlar. Şərti də belə kəsirlər ki, biz səni gətirib direktor qoymuşuq, imtahanı isə özün ver”.

Ekspertin fikrincə, bu neqativ halları aradan qaldırmaq üçün Təhsil Nazirliyi ölkədə məktəb direktorları ilə bağlı vahid keçid balı yox, hər rayon üzrə keçid balı qoyur ki, hər rayon üzrə vakant yerlərə direktorlar seçilsin. E. Qafarov təklif edir ki, hazırkı vəziyyətdə Təhsil Nazirliyi ümumi plan, layihə əsasında məktəb rəhbərlərinin peşəkarlığının artırılması ilə bağlı müəyyən bir addım atmalıdır:

“Bu addım ondan ibarət ola bilər ki, birinci növbədə onlar onlayn şəkildə bir illik təhsilə cəlb olunsun, burada onlara təhsil, əmək qanunvericiliyi, məktəb işi öyrədilsin, eyni zamanda, müxtəlif məzuniyyətlər dövründə yay, yaz, qış məktəbləri təşkil etməklə, məktəblər arasında təcrübə mübadiləsi həyata keçirilsin və s… Bu işləri görməklə qısa müddətdə müəyyən irəliləyişlər əldə etmək olar”.

Şərhlər

XƏBƏR LENTİ