SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DSMF-nin bu idarəsi narazılıq yaradır... - GİLEY

DSMF-nin bu idarəsi narazılıq yaradır... - GİLEY

Tarix:

21-10-2020, 11:42

/ 892 dəfə oxundu.
DSMF-nin bu idarəsi narazılıq yaradır... - GİLEY

"Ortalıq bir ay olar ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi sakini, güzəştli şərtlərlə pensiyaçı Nəzərov Yaşar Əliş oğlunun 5 ildir məhkəmə qərarı ilə təsbit edilən pensiyasının ödənilməsini ƏƏSMN -in audit şöbəsinin müdiri Heybət İmanovun şifahi göstərişi ilə DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin dayandırması barədə mətbuatda məlumat dərc olunub . Sosial məmurların özlərini dövlətin Ali Qanunundan üstün tutması özbaşınalığı işıq üzü görəndən sonra Xüsusi Şərtlərlə Təyinat İdarəsindən (XŞTİ) pensiyaçıya zəng edib anlaşılmazlıq olduğunu və pensiyanın köçürüləcəyinə söz veriblər . Amma..." DİA.AZ bildirir ki, bu barədə Nəzər Yaşar oğlu və başqaları adından edilən müraciətdə deyilir.

Daha sonra müraciətdə bildirilir: "“Əmma” bundadır ki, bu elə söz olaraq da qalıb. XŞTİ bu yol vətəndaş pensiyaçıya kələk gəlmək yolunu tutub. Belə ki, gözünü aylıq pensiyaya dikən yataq xəstəsinə qanunda nəzərdə tutulmayan şərt irəli sürülüb ki, “it ilində” guya ona DSMF tərəfindən toplam 2900 manat səhv ödəniş edilib və bu məbləğin ondan tutulmasına razılıq ərizəsi yazandan sonra pensiyası köçürüləcək. Yəqin ki, ƏƏSMN və yanındakı DSMF-in rəhbərliyinin XŞTİ -nin belə qanunsuz şərtlərindən xəbərləri yoxdur və belə şərtin məsuliyyət yaratmasını sosial xidmətçilər və onların xidmət göstərdiyi pensiyaçılar, insanlar bilməsələr də, hüquq mühafizə orqanları yaxşı bilirlər. VƏTƏNDAŞA (MƏHKƏMƏ QƏRARI İLƏ ) TƏYİN EDİLƏN PENSİYA MƏBLƏĞİ HEÇ BİR ŞƏRT İRƏLİ SÜRÜLMƏDƏN ÖDƏNİLMƏLİDİR! DSMF-in səhvi ucbatından artıq məbləğ ödənilibsə, niyə indi məlum olub və niyə buna görə pensiyanın tam şəkildə ödənilməsi dayandırılmalıdır? Yataq xəstəsi pensiyaçı Yaşar Nəzərov ailəsinin də onun pensiyasına göz dikdiyini nəzərə alaraq XŞTİ məmurlarının şərtinə əməl edib və ərizəni yazıb. Lakin XŞTİ yenə sözündən qaçıb , hələ də vətəndaşın pensiyası köçürülməyib. Pensiya təyin edən idarənin bu dəfəki “səbəbi” lap gülüncdür : Daxili İşlər Nazirliyində guya oxşar faktla bağlı araşdırma aparılır! (?) Özbaşınalığa baxın, əvvəla, bunun pensiyanın ödənilməsinə nə aidiyyatı var? Və, ikincisi, Daxili İşlər Nazirliyi Konstitusiyadan üstün deyil axı!

Ümumiyyətlə, məhkəmə qərarı ilə təsbit edilən pensiyanı heç bir dövlət hakimiyyəti orqanı, heç məhkəmənin özü də kəsə bilməz! Konstitusiyaya hörmətsizlik o həddə çatıb ki, ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi şifahi göstərişlə vətəndaşların məhkəmə hakimiyyəti ilə təsbit edilən pensiyalarının icrasını dayandırır, sonra qanunda nəzərdə tutulmayan şərtlər irəli sürür və .... hələ də vəzifəsini icra edib , pensiyanı təyinatı üzrə köçürmür!

Görəsən, Xüsusi Şərtlərlə Təyinat İdarəsi xüsusi şərtlərlə pensiya təyin edir, yoxsa xüsusi şərtlərlə pensiyanı “sünnət edir”?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ