XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » ADIF əhalinin sığortalanmış əmanətini qaytarmaqdan NİYƏ İMTİNA EDİR? - NARAZILIQ...

ADIF əhalinin sığortalanmış əmanətini qaytarmaqdan NİYƏ İMTİNA EDİR? - NARAZILIQ...

ADIF əhalinin sığortalanmış əmanətini qaytarmaqdan NİYƏ İMTİNA EDİR? - NARAZILIQ...
22-06-2020, 10:44

Bağlanmış 4 bankın sığortalanmış əmanətçilərinin xeyli hissəsinə vəsaitləri qaytarılmır. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müxtəlif bəhanələrə əl ataraq vətəndaşların əmanətlərinin guya sığortalı olmadığını bildirir.

FED.az xəbər verir ki, bununla bağlı şərh verən hüquqşünas Əkrəm Həsənov deyir ki, onda olan məlumata görə ƏSF əsasən 2 bəhanədən istifadə edir:
1. ADIF deyir ki, guya bağlanan 4 bankın bəzilərinə bank nəzarəti orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank) vaxtilə əmanət qəbul etməyi yasaq etmişdi. Buna baxmayaraq banklar əmanət qəbul etməyə davam edib. İndi də ADIF həmin əmanətləri qanunsuz hesab edərək qorunan (sığortalı) statusunu tanımaq istəmir.

Cəfəng mövqedir! Əvvəla, bank nəzarəti orqanının vaxtilə verilmiş qərarının nə dərəcədə qanuni olub-olmamasının özü araşdırılmalıdır. Qərar heç yerdə dərc edilməyib, buna görə də bu məsələyə qiymət verə bilmərik.

Daha sonra, araşdırmaq lazımdır ki, bank həqiqətən həmin gizli qərarı pozub ya yox. Bu barədə də məlumatımız yoxdur!

Əslində, yuxarıdakı iki məsələnin əmanətçilərə heç aidiyyəti də yoxdur. Tutaq ki, lap bank nəzarəti orqanının qərarı qanuni olub və bank həmin qərarı pozaraq əmanət qəbul etməyə davam edib (bu halda sual yaranır ki, bəs bank nəzarəti orqanı hara baxıb, niyə tədbir görməyib! Bundan sonra heç həmin bağlanmış bankların inzibatçılarının da hər hansı məsuliyyətindən söhbət gedə bilməz! Getsə belə, Mərkəzi Bankla bərabər məsuliyyətdir!). Bu, sırf bank qanunvericiliyinin pozulması deməkdir. Yəni publik (inzibati) hüquq çərçivəsində bankla nəzarət orqanı arasında ola münasibətlərdən irəli gələn pozuntudur. Əmanətçi ilə bank arasındakı münasibətlər isə mülki hüquqla tənzimlənir və bu müstəvidə hər hansı pozuntu yoxdur. Necə ki, məsələn, bank Mərkəzi Bankın tələblərinə zidd olaraq kredit verəndə məgər borc alan buna istinad edə bilir? Xeyr! Ona deyirlər ki, həmin pozuntuya görə bank yalnız Mərkəzi Bank qarşısında təqsirlidir, borc alana bunun heç bir aidiyyəti yoxdur. Eyni məsələ də buradadır! Təəssüf ki, ADIF-də kadr potensialı, hüquqi biliklər o qədər bəsitdir ki, hələ də bank hüququ ilə mülki hüququn fərqini bilmir. Onlara tövsiyəm: mənim Moskvada və Bakıda 2011-ci və 2013-cü illərdə nəşr olunmuş “Azərbaycanın bank hüququ” kitabımı oxusunlar!

Hətta hüquqi arqumentləri kənara da qoysaq, sağlam məntiq də ADIF-nin haqsız olduğunu göstərir. Vətəndaş bank nəzarəti orqanının gizli qərarını hardan bilməli idi axı? Bilməyib və bilə də bilməzdi. Buna görə də bankla əmanət müqaviləsi bağlayıb. Sığortalı əmanət müqaviləsi!

Yeri gəlmişkən, həmin əmanətlər üzrə sözügedən banklar ADIF-ə rüblük sığorta haqqı da ödəyiblər. Necə olur: ADIF əmanət üzrə sığorta haqqını ala bilir, amma sığorta ödənişini edə bilmir? Alanda qanuni idi, vermək lazım olanda qanunsuz olur?

Məlumat var ki, ADIF məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək istəyir ki, məsələyə hüquqi qiymət verilsin. Niyə məhz ora? Çünki bankların ləğvi üzrə inzibati icraat həmin məhkəmədədir. Amma problem odur ki, həmin məhkəmə məsələyə münasibət bildirə bilməz. Çünki orada yalnız bankların ləğvi prosesi üzrə icraat gedir. ADIF də orada əmanətlərin sığortaçısı kimi deyil, ləğvedici kimi çıxış edir (ADIF rəhbərliyi hələ də nə vaxt hansı statusda çıxış etdiyini bilmir!). Əmanətin sığortalnması məsələsi isə mülki məsələdir və mübahisəyə rayon məhkəməsi baxmalıdır. Məhz bu mütəvidə ADIF sığortaçı qismində çıxış edir. Amma təbii ki, özü iddia qaldıra bilməz. Çünki onun hüququnu pozan yoxdur. Əksinə, o əmanətçilərin hüququnu pozur. Buna görə də əmanətçilər ADIF-nin ünvanı üzrə Nəsimi rayon məhkəməsində ADIF-ə qarşı iddia qaldıra bilər. Və onlara da bunu tövsiyə edirəm! ADIF-nin vədlərinə inanmayın. Sadəcə vaxt udmaqla məşğuldur!

Ümumiyyətlə, axı ADIF-ə nə düşüb ki, vaxtilə bank tərəfindən bank nəzarəti orqanının göstərişini pozduğunu əlində bayraq edib? Bunun ADIF-ə nə aidiyyəti var? Mərkəzi Bank susursa, ADIF-ə nə düşüb? Deməli, səbəb yalnız birdir: əhalinin pulunu qaytarmaqdan maksimal yayınmaq!

2. İkinci bəhanə guya qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin pozulmasıdır. Belə ki, ötən ilin 1 iyul tarixinədək manat üzrə həmin hədd 15% idi. 1 iyuldan etibarən isə 10%. Bağlanan bankların bir qismində əmanət müqaviləsində əlavə yatırım imkanı nəzərdə tutulub. Məsələn, 1 aprel 2019-cu ildə vətəndaş banka 15%-lə 10000 manat yerləşdirib. 1 avqust tarixində 5000 manat məbləğində əlavə yatırım edib. ADIF də indi deyir ki, 10000 manat sığortalıdır, 5000 manat isə yox. Çünki sonuncu 15%-lə qəbul edilə bilməzdi.

Əslində, həqiqtən də göstərilən misalda bank əlavə yatırımı 15%-lə qəbul etməməli idi. Çünki əmanət müqaviləsinin şərtinə görə əmanət qorunandır (sığortalıdır). Bank onu maksimum 10%-lə qəbul etməli idi. Burada da əmanətçinin təqsiri yoxdur. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi barədə qərarı ADIF özü qəbul edir. Bu qərar qanunvericilik aktı deyil. Əmanətçi onu bilməli deyil. Bunu bank bilməlidir. Çünki məhz bank sığorta sisteminin iştirakçısıdır və ADIF-ə üzvlük haqqı ödəyir. Deməli, bank faktiki ADIF-nin adından çıxış edir. Buna görə də ADIF bu məbləğləri də kompensasiya etməlidir!

Əmanətçilərə tövsiyə edirəm ki, bu məsələ üzrə də Nəsimi rayon məhkəməsində ADIF-ə qarşı iddia qaldırsınlar!

ADIF əvvəllər də sığortalanan əmanətlərin bir qisminin kompensasiya edilməsindən yayınmağa cəhd edir. Amma indiki kimi kütləvi yox! Mən özüm dəfələrlə belə işlər üzrə məhkəmədə əmanətçiləri müdafiə etmişəm. Bu işlər üzrə məhkəmələr, bir qayda olaraq, ədalətli qərarlar qəbul edir, əmanətçiləri müdafiə edir. Odur ki, əmanətçilərə müraciət edərək deyirəm: heç kəsin şirin dilinə, vədinə etibar etməyin! Məhkəməyə üz tutun! Dərəbəylik deyil ki! Dövlət var, onun məhkəməsi var!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.