XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bərbad vəziyyətdə olan su-təchizat sistemi - Hər il nə qədər itkimiz olur?

Bərbad vəziyyətdə olan su-təchizat sistemi - Hər il nə qədər itkimiz olur?

Bərbad vəziyyətdə olan su-təchizat sistemi - Hər il nə qədər itkimiz olur?
19-06-2020, 15:10

Ölkənin suvarma və melorasiya sistemi isə bərbad vəziyyətdədir. Bu da hər il Azərbaycanda böyük ölçüdə su itkisinə səbəb olur...
Kənd təsərrüfatı üzrə mütəxəssis: “Bizim 32 milyard kub metr su resursumuz var və bunun böyük hissəsi bərpa olunan resurslardır. Bu resurslardan ildə 1.5 milyard kub metr içməli və məişətdə suyu ilə əhalini təmin etmək heç bir problem yaratmır”.

“Azərbaycanda su resursundan səmərəli istifadə olunmur. Hətta Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistikaya görə Azərbaycan MDB ölkələrində su itkisinə görə birinci yerdədir”.

Bu sözləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Azərbaycanda hazırda suda olan problemlərin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İlham Əliyev Dünya Bankının yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda su qıtlığı və sudan istifadə diqqət mərkəzində olub. Prezident suvarma və su təchizatı ilə bağlı məsələlərlə bağlı xüsusi hökümət komissiyası yaradıldığını bildirərək sudan indiki kimi istifadəni qəbuledilməz hal adlandırıb.
Bilirik ki, “Melorasiya və Su Təsərrüfatı” ASC uzun illərdir ki, Azərbaycanda suvarma sisteminə nəzarət edir və bu quruma hər il küfayət qədər maliyyə ayrılır. “Melorasiya və Su Təsərrüfatı” ASC-yə böyük büdcə pullarının ayrılmasına baxmayaraq, hələ də sovet dönəmindən qalma su təchizat qurğularından istifadə olunmaqdadır və ASC demək olar ki, son 30 ildə heç bir yeni sistem yaratmayıb. Ölkənin suvarma və melorasiya sistemi isə bərbad vəziyyətdədir. Bu da hər il Azərbaycanda böyük ölçüdə su itkisinə səbəb olur. Əvvələr su itkisi heç kəsi narahat etməsə də, artıq bütün dünya da olduğu ki, Azərbaycanda da su problemi ortaya çıxıb və bu problem artıq beynəlxalq səviyyədə narahatlıq yaradır.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmliyə müraciət edib.

Vahid Məhərrəmli: “Hökümət su siyasətini doğru müəyyənləşdirməlidir və bu çox vacib məsələdir”.

Ölkənin coğrafiyasını, relyef və suvarma sistemini mükəmməl bilən kifayət qədər mütəxəssislərin olduğunu nəzərə çatdıran ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bu adamları işə cəlb etmək və komissiyanın işini səmərəli vəziyyətə gətirmək olar:

“Prezidentin suvarma və su təchizatı ilə bağlı yaratdığı komissiya ya qeyri-peşəkar komissiya olacaq, ya da həqiqətləri gizlətməyə çalışacaq. Çünki uzun illərdir ki, həmin adamların rəhbərlik etdikləri qurumlar bu vəziyyəti yaradıblar. Qeyri-peşəkarlar da su mənbələrini müəyyənləşdirmək, hansı torpağın sudan nə qədər götürülməli olduğunu, hansı rayonlara hansı həcmdə suyun verilməsi məsələlərini bilməyəcəklər. Düşünürəm ki, baş nazirin müavinlərindən hansısa komissiyaya sədr təyin ediləcək. Mən də orada mütəxəssis görmürəm. Baş nazirin müavinlərinin heç biri o sahə üzrə mütəxəssis deyil.

Bu sahə üzrə peşəkar adam olmalıdır. Əsas o, deyil ki, həmin adam hökumət tərəfdən olsun. Ölkədə kifayət qədər bu sahəni mükəmməl bilən, ölkənin coğrafiyasını, relyef və suvarma sistemini mükəmməl bilən adamlar var. Bu adamları işə cəlb etmək və komissiyanın fəaliyyətini səmərəli vəziyyətə gətirmək olar. Həmçinin də bu məsələ ilə bağlı hökumət komissiyası yox, işçi qrupu yaratmaq olar. İşçi qrupunun da rəhbəri o sahəni mükəmməl bilən adam olmalıdır ki, çıxış yolunu müəyyən edə bilsin.
Bu gün suya təkcə “Melorasiya və Su Təsərrüfatı” ASC cavabdeh deyil. Mən həmişə onları tənqid edirəm. Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi birbaşa olaraq su təsərrüfatına cavabdehdir. Əhməd Əhmədzadə istifadəçidir. Yəni o suyun mənbəyindən suyu götürüb fermerlərə, əkin sahələrinə çatdırmalıdır. Onun su bölgüsündən necə istifadəsini isə hökumət müəyyən edir. Yəni hökumət ölkənin suvarma siyasətini müəyyən edir. Melorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətdir və səhmləri dövlətə məxsusdur. Hətta nizamnaməni də hökumət təsdiq edir. Ona görə də hökümət su siyasətini doğru müəyyənləşdirməlidir və bu çox vacib məslədir.

Vahid Məhərrəmli: “Azərbaycanda su resursundan səmərəli və düzgün istifadə olunmur”.

İçməli və suvarma su ilə bağlı, həm “Melorasiya və Su Təsərrüfatı” ASC-nin, həm “Azərsu” ASC-nin, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yarıtmaz işləri var. Ümumi vəziyyətin çox yarıtmaz olduğu ortadadır və ölkədə nə qədər suyun olduğu, bu suyun nə qədərinin itkiyə getdiyi haqqında məlumat var. Məsələn ildə təqribən 28.3 faiz su itkiyə gedir. Bu isə böyük rəqəmdir və demək olar ki, dqünyanın çox az ölkəsində bu qədər su itkiyə verilir.
Onu da qeyd edim ki, Azərbaycan suya olan tələbatını tam ödəməyə qadirdir. Bizim 32 milyard kub metr su resursumuz var və bunun böyük hissəsi bərpa olunan resurslardır. Bu resurslardan ildə 1.5 milyard kub metr içməli və məişətdə suyu ilə əhalini təmin etmək heç bir problem yaratmır. Amma Azərbaycanda su resursundan səmərəli və düzgün istifadə olunmur. Hətta Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistikaya görə Azərbaycan MDB ölkələrində su itkisinə görə birinci yerdədir. Baxmayaraq ki, Azərbaycanın su resursu kifayət qədərdir böyük su itkisinə yol verilir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.