SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İnam Kərimov Azərbaycanın Kənd Təsərrüfatı naziridir, yoxsa Uruqvayınmı?

İnam Kərimov Azərbaycanın Kənd Təsərrüfatı naziridir, yoxsa Uruqvayınmı?

Tarix:

18-06-2020, 15:37

/ 2 090 dəfə oxundu.
İnam Kərimov Azərbaycanın Kənd Təsərrüfatı naziridir, yoxsa Uruqvayınmı?

Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun Uruqvaya səfəri gözlənilir.

Ovqat.com xəbər verir ki, bunu Azərbaycanım Uruqvaydakı səfiri Rəşad Aslanov elçimiz olduğu ölkənin “El Pais” nəşrinə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, əslində bu səfər çoxdan planlaşdırılıbmış. Fəqət koronavirus pandemiyasının yayılması nazirlə yanaşı, bir qrup iş adamı və mütəxəssisinin hələ martda planlaşdırılan səfərlərinin təxirə salmasına səbəb olub.

Bununla belə, Uruqvaydakı səfirliyimiz nazir İnam Kərimovun rəhbərliyi altında nümayəndə heyətinin bu ölkəyə səfərinə ciddi şəkildə hazırlaşır. Səfirin dediyinə görə, İnam Kərimov və onun komandası Uruqvaydan mal-qara və düyü almaq üçün bu səfərə çıxmaq niyyətindədir. Səfərin əsas məqsədlərindən biri də uruqvaylıların mal-qara yetişdirmə təcrübəsini öyrənib Azərbaycana tətbiq etməkdir.

Bura qədər hər şey çox normaldır. Hər bir nazirin işi rəhbərlik etdiyi sektorun inkişafına çalışmaq olduğundan İnam Kərimovun da mal-qaranı necə saxlamağı öyrənmək və ölkəmizə bizdə az yetişən düyü gətirmək üçün yayın bu cıracırında tər tökə-tökə dünyanın o başına (Baxmayaraq ki, Uruqvay indi özünün sərin fəslini keçirir) getməsi təqdirəlayiqdir. Hətta bu təşəbbüsə görə ona Azərbaycan boyda desək, balaca olar, Uruqvay boyda “afərin” düşür.

Amma açıqlamanın bundan sonrakı hissəsi İnam Kərimovu çətin vəziyyətdə qoyacaq mahiyyətdədir. Zira Rəşad Aslanovun sözlərindən belə çıxır ki, KTN-nin nümayəndə heyətinin məqsədi yalnız Azərbaycanın düyü ehtiyaclarını qarşılamaq deyil. Onlar həmçinin Orta Asiyanı da Uruqvay düyüsü ilə təmin etmək barəsində də düşünürlər.

“Düyü Azərbaycanın və yüksək səviyyəli nəqliyyat-kommunikasiya əlaqələrimizin olduğu Orta Asiya ölkələrinin ənənəvi istehlak malıdır. Odur ki, bütün regiona ixrac baxımından sərfəli bazar mövcuddur. Digər yandan, Uruqvayın Azərbaycanda diplomatik nümayəndəlik açması ona öz məhsullarını tanıtmaq, 300 milyon əhalisi olan regionun bazara çıxmaq imkanı verərdi”, - R.Aslanov belə deyib.

Səfirin bu sözləri istər-istəməz “KTN hara, başqa ölkənin ixracat problemləri ilə məşğul olmaq hara?” sualına yol açır və “özünə umac ova bilmir, özgəsinə əriştə kəsir” atalar sözünü yada salır. Axı KTN-nin təyinatı transmilli və ya transkontinental ticarətlə məşğul olmaq yox, öz ölkəsinin aqrar sektorunu inkişaf etdirməkdir. Bu nazirlik ixracat haqqında düşünəcəksə, beynini yerli fermer təsərrüfatlarının məhsulları üzərində yormalıdır. İqtisadi böhran keçirən, loru dillə desək, qəpiyə güllə atan Azərbaycan niyə əlində-ovcunda qalan 5 quruşu da Uruqvayın fermer təsərrüfatının inkişafına sərf etməlidir? Ümidvarıq ki, KTN bu müəmmalara aydınlıq gətirəcək.

Şərhlər

XƏBƏR LENTİ