SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » MTK sayğac qoymayıb, “Azəriqaz” oğru axtarır, ortada qalan sakinlərdir - “Binanı tikən şirkətə 520 manat sayğaca görə pul ödədim”

MTK sayğac qoymayıb, “Azəriqaz” oğru axtarır, ortada qalan sakinlərdir - “Binanı tikən şirkətə 520 manat sayğaca görə pul ödədim”

Tarix:

9-06-2020, 10:14

/ 1 045 dəfə oxundu.
MTK sayğac qoymayıb, “Azəriqaz” oğru axtarır, ortada qalan sakinlərdir - “Binanı tikən şirkətə 520 manat sayğaca görə pul ödədim”

Abşeronda qanunsuz qaz qoşulmaları aşkar olunub. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb. Belə ki, rayonun Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1A ünvanında “R+R” MTK-nın inşa etdiyi binada qaz verilməyən mənzillərdə mavi yanacaqdan istifadə edildiyi müəyyən olunub.

İki blok, 66 mənzildən ibarət olan binanın 55 mənzilində yaşayış var. Onlardan yalnız 33 mənzildə qaz sayğacı quraşdırılıb. Əraziyə baxış keçirilən zaman binanın fasad hissəsindən iki qanunsuz qoşulmanın olduğu aşkarlanıb. Bununla yanaşı, binada daha 10 mənzildə də belə halların mövcudluğuna ciddi əsaslar var. Faktlarla bağlı araşdırma aparılır.

Binanın sakinləri isə oğurluq qaz istifadəsini təkzib edirlər. Onların sözlərinə görə, qonşularının bəzilərində mavi yanacaq var, bəzilərində yoxdur. Bina sakini Anar Abdullayev AYNA-ya deyib ki, o, xeyli müddətdir, mənzilinə köçüb, amma hələ də qazdan istifadə edə bilmir: “Binaya ilk qaz veriləndə yaşayış olan mənzillərə sayğaclar quraşdırılıb, qaz açılıb. Hansı mənzildə yaşayış olmayıb, onlar sayğacsız qalıb. Mən sonradan köçdüyüm üçün mənzilimdə sayğac yoxdur. Binanı tikən “R+R” MTK-ya 520 manat sayğaca görə pul ödədim. Amma hələ də gətirib quraşdırmayıblar ki, qazdan biz də istifadə edək. Hələ də elektrik enerjisindən istifadə edirik”.

“Dəfələrlə “Azəriqaz”ın Abşeron şöbəsinə müraciət etmişik. Ordan dolğun cavab ala bilməmişik. İndi sakinlərə “qaz oğrusu” deyilir. Bəlkə kimsə doğrudan da qoşub, qanunsuz istifadə edir, bilmirəm. Amma mənim və tanıdığım bir neçə qonşunun evində qaz yoxdur, qanunsuz istifadə halı da yoxdur. Sakinləri “qaz oğurluğu”nda ittiham etmək əvəzinə, problemi həll etsinlər. Məsələ gündəmə gəlmişkən, tələb edirik ki, qaz problemimiz həllini tapsın”, - sakin bildirib.

“Azəriqaz”ın Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov AYNA-ya açıqlamasında sayğacı tikinti şirkəti quraşdırmalı olduğunu qeyd edib: “Şirkət sayğacları alır, gətirib mənzillərə quraşdırır, sonra bizə müraciət edir. “Azəriqaz” işçiləri də gedib baxırlar, texniki tərəfləri uyğundursa, qaz açılışı təmin edilir. Sözügedən binada 66 mənzil var ki, cəmi 31 mənzil üçün bizə müraciət edilib, qazı açmışıq. Hazırkı problem bizdən asılı deyil, MTK-nın məsələsidir. Bəlkə də alıblar, amma quraşdırmayıblar, bəlkə heç almayıblar. Onlar sayğacları quraşdırıb, “Azəriqaz”a müraciət edəcək. İdarəmiz də qanuna uyğun olaraq qaz açılışını təmin edəcək. Biz sayğac quraşdırmırıq, o binaya giriş ixtiyarımız yoxdur. Çünki MTK-nın binasıdır. Əməkdaşlarımız binaya kənardan baxış keçiriblər, şəxsən özüm də orada idim. Bir neçə mənzilin qanunsuz olaraq qazdan istifadə etdiyi məlum oldu. Şübhələr var ki, qanunsuz istifadə edən mənzillərin sayı daha çoxdur”.

Binanın Elnur adlı komendantının AYNA-ya dediyinə görə isə, qaz sayğacları alınıb, sabah quraşdırılmasına başlanacaq: “Bundan sonra “Azəriqaz”a müraciət ediləcək, qaz olmayan mənzillər mavi yanacaqla təmin olunacaq”.

Qanunsuz qaz qoşulmasına gəldikdə isə, komendant bununla bağlı açıqlama verməyib.

Şərhlər

XƏBƏR LENTİ