XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Cavid Qurbanovdan Prezidentə şikayət olundu - QALMAQAL

Cavid Qurbanovdan Prezidentə şikayət olundu - QALMAQAL

Cavid Qurbanovdan Prezidentə şikayət olundu - QALMAQAL
7-05-2020, 00:52

Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Mətanət Əsgərqızı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Sozcu.az xəbər verir ki, o, müraciətində “Dövlət Dəmir Yolları” QSC-nin sədrini tənqid etdiyi üçün təhqir və təhdidlərlə üzləşdiyini bildirib.

M.Əsgərqızı müraciətində qeyd edib ki, bu günlərdə sosial şəbəkədə “Dövlət Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun atası Qəmbər Qurbanovla bağlı yüngül bir irad bildirib: “Onun artıq çox yaşlı olduğunu qeyd etmişdim. İndi də o fikirdəyəm ki, yaşlı nəsil kənara çəkilməli, digərlərinə şərait yaratmalıdır. Mən eyni məzmunlu yazını paylaşandan sonra səhifəmdə mənə hədələrin, şantajların, təhdidlərin yazıldığını gördüm. Səhifəmi açmamış mobil telefonuma zəng gəldi. Amia.az xəbər saytının baş redaktoru Nicat Ocaqlı özünü təqdim edərək niyə onun ağsaqqalı, Qəmbər babası və Cavid dayısından yazdığımı soruşdu. Tələb etdi ki, statusu silim. Ona başa saldım ki, statusda heç bir təhqir yoxdur. Bu ölkənin hər bir vətəndaşı fikrini azad ifadə edə bilər. Daha sonra səhifəmi açdıqda mənim və qızımın ünvanına yazılan təhdidləri, təhqirləri gördüm. İş o yerə çatdı ki, müxtəlif profillərdən mənə hücuma keçmək üçün çağırışlar edildi. Hətta “15 ildir Cavid Qurbanovun çörəyini yeyənlər, hardasınız, niyə vermirsiniz Cavid müəllimin atası ilə bağlı irad bildirən bir qadının cavabını?” tipli statuslar yayıldı. Nicat Ocaqlı statusumun altında bunu da yazırdı: “Kim mənim ağsaqqalıma və Cavid müəllimə dil uzadarsa dilii kəsərəm, əl uzadarsa əlini qıraram…”

Açığı bu adamların təhqir və təhdidindən qorxmadım. Qorxduğum o idi ki, torpağı işğal altında, qadını, qızı, kişisi əsirlikdə və girovluqda olan gənclər bir Azərbaycan qadınını linc etmək yolunu tutur. Lakin torpağının azad olunmasına çağırış etmir. O gənclər trolluğa sürüklənirlər. Şəxsi söhbətlərdə mənə dəfələrlə bildirildi ki, N.Ocaqlı və Qurbanovları müdafiə edənlər onların adamlarının (konkret olaraq Həbib adlı şəxsin-M.Ə) təşkil etdiyi trol qruplarından məni söyüb-təhqir etməyə yönəldilir. Bu, bir cinayətdir!”

M.Əsgərqızının sözlərinə görə, Cənab Prezident və ailəsi müəyyən qüvvələr tərəfindən təhqir olunanda bu adamların səsi çıxmır: “İndi bir sayt rəhbərinin səhifəsində 80 min kəlbəcərlinin bir qadını linc etmək çağırışı var. Bu ölkənin atributu sayılan Sizi müdafiə üçün 80 min kəlbəcərlini o qüvvələrə qarşı görəsən niyə çağıran yoxdur? Azərbaycan kişisi hər zaman mərd olub. O ailəsini dolandırmağı bacarıb. Bu gün o kişiləri işsiz qoyub, ailə, çörək dərdi çəkməyə məcbur edənlər gələcəkdə bəlkə də nə zamansa özləri üçün istifadə etməyi hədəfləyiblər. Belə çıxır ki, 80 min kəlbəcərli Cavid Qurbanova və atasına borcludur…

Görəsən niyə borcludu? Bir məmurun maaşı 2000-3000 civarında olsa belə, o qədər insanın problemlərini həll edə, onların rəğbətini bu yolla qadana bilməz. Hələ atasının Pandemiya ilə bağlı fonda keçirdiyi böyük məbləğdə vəsait və 500 nəfərlik yardım. Sadaladıqlarımın pul qaynağ haradandır? Niyə insanlar ələbaxım olmalıdır? Sabah onu yedirdən ağası kim olsa bir çağırışa nə tapşırıq verilsə edərlər. Belə təhlükəli məqamlara çox diqqət etmək lazımdır. Çünki bunlar dövlət üçün təhdiddir. Kim çağırış etsə ağ bayraq qaldırmağa hazır olan insanlar, trollar tapılar. Çünki onları yedizdirən var. İnsanların əllərdə alət olmaması üçün torpaqlarını qaytarmaq, onları işlə təmin etmək lazımdır”.

M.Əsgərqızı ölkə başçısından bu kimi hallara müdaxilə etməsini xahiş edib.AFN

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.