SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » COP29-un keçirilməsi ölkəmizə göstərilən növbəti etimaddır

COP29-un keçirilməsi ölkəmizə göstərilən növbəti etimaddır

Tarix:

25-04-2024, 10:49

/ 227 dəfə oxundu.
COP29-un keçirilməsi ölkəmizə göstərilən növbəti etimaddır

 
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra dövlətimizin başçısı İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasətə beynəlxalq ictimaiyyətin diqqəti göz önündədir. Azərbaycan regionda sabit, dayanıqlı inkişafı görmək istəyini atdığı addımları ilə təsdiqləyir. Ölkəmiz bu istəyini yalnız bu gün ifadə etmir. 30 illik işğal dövründə daim bu bəyanatla çıxış etdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, bu gün artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək göstərilsin, Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq hüquq çərçivəsində layiqli cəzasını alsın. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, dünya güclərinin maraqları naminə həlli prosesi 30 il uzanan Qarabağ münaqişəsinin regionun iqtisadi inkişafına böyük maneə olduğu beynəlxalq səviyyədə də qeyd edildi. Lakin ölkələr arasında əlaqələrin inkişafında əsas amil olan etimadın və səmimiyyətin olmaması, ikili yanaşmalar münaqişəli məsələlərin, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz mənfi təsirini göstərdi. Azərbaycan bütün hallarda daim ədalətin və beynəlxalq hüququn yanındadır. Ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir bu reallıqlara işıq salmaqla yanaşı, birgə səylərin hədəflərə vaxtında nail olmaq üçün əsas faktorlardan olduğunu təsdiqləyir. 
Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında cənab İlham Əliyev bir daha diqqəti bu məqamlara yönəltdi. Azərbaycanın uğurlarını şərtləndirən amillər sırasında ədalətli və səmimi olduğumuzu qeyd etməklə bir sıra məqamlara aydınlıq gətirdi. “Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır” söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki onlar bizə etimadla yanaşa bilərlər. Bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq. Göründüyü kimi, Azərbaycan daim ölkələr arasında etimadın qorunmasına xüsusi diqqət göstərir və bunun üçün zəruri olan addımları atır. Ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında da etimad faktoru əsas rol oynayır.
Prezident İlham Əliyev forumdakı çıxışında postmünaqişə dövrünün reallıqlarına, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyinə xüsusi diqqət göstərdi: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, biz mövqeyimizi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq. Dövlət başçısı onu da bildirdi ki, Cənubi Qafqazda ayrıca xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik.
Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında regional təhlükəsizliyin və sabitliyin mühüm meyarı olan Türkiyə-Azərbaycan münasibətlərindən də bəhs etdi Bir daha vurğulandı ki, Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.
Prezident İlham Əliyev belə bir reallığı diqqətə çatdırdı ki, yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı. Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağı da səsləndirilən çağırışlar sırasında oldu.”“Dövlət başçısı bu inamı da ifadə etdi ki, əgər Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoyulsa və sülh sazişi imzalansa, bütün söylədikləriniz yaxın zamanlarda reallığa çevrilə bilər.
 
 
 Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ