SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib” - GİLEY

“Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib” - GİLEY

Tarix:

14-04-2018, 12:00

/ 1 484 dəfə oxundu.
“Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib” - GİLEY

“5 ildən çoxdur ki, şəhid ailələri və Qarabağ əlilləri üçün ev tikilir. Amma tikilib başa çıxmır. Səlahiyyətli şəxslərə bu haqda deyəndə də cavab verirlər ki, gözləyin, pul ayrılsın, həll edəcəyik. Gözləməkdən ürəyimiz üzülüb”.

Bu sözləri redaksiyamıza müraciət edən bir qrup Qarabağ əlili deyir. Onlar Nizami rayonu, Çobanzadə küçəsi - 59 ünvanında yerləşən əlil və şəhid ailələrinə tikilən binanın tikintisinin başa çatmasının yubanmasından və bina ilə bağlı problemlərin yaranacağından narahatdırlar.

Qarabağ əlillərinin sözlərinə görə, çoxmərtəbəli yaşayış binasının qurtarıb təhvil verilməsi üçün nədənsə yubadılır:

“Bina demək olar ki, hazırdır. Amma tamamlama işləri qalır. İki ildir iş dayandırılıb. Heç bir irəliləyiş yoxdur. Dəfələrlə oranın işçilərindən soruşmuşuq. Deyiblər ki, otaqların içərisi hazırdır. Sadəcə bəzi-para işlər qalıb”.

“Pul ayrılsın ki, binanı tamamlayaq”

Qarabağ əlilləri bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sifariş və dəstəyi ilə tikdirdiyi binada işin dayandırılması ilə bağlı etirzlarını bildiriblər. Nazirlikdən də onlara belə cavab verilib: “2 il bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tkinti obyektlərinin müdiri Natiq Əzizovla görüşdük, o bizə dedi ki, qalan işlərin yekunlaşması üçün əlavə vəsait lazımdır. Bununla bağlı büdcədən pul ayrılması gözlənilir. Binanın bəzi əlavə işləri, ətrafdakı meydança, istirahət yerlərinin hazırlanması qalıb. Orda kompleks yaşayış yeri olacaq. Büdcədən pul ayrılan kimi bu məsələlər də həll olunacaq. O vaxtdan iki il keçib. Amma nə pul ayrılıb, nə də iş gedir”.

Şikayətçilərin deyir ki, bir müddət əvvəl yarımçıq binaların tikintisi ilə bağlı verilmiş sərəncam onlarda ümid yaradıb. Di gəl, səlahiyyətlilər onların bu ümidlərini də suya salıb: “Bir qədər əvvəl ölkə başçısı İlham Əliyev yarımçıq yaşayış obyektlərinin başa çatması ilə bağlı vəsait ayrılmasına göstəriş verdi. Biz də bununla bağlı nazirlikdən məlumat öyrəndik. Amma dedilər ki, o sərəncam bu binaya aid deyil”.

“Bizi qorxudan odur ki...”

Qarabağ əlillərinin niganarçılığı, təlaşı yalnız binanın tikintisinin yarımçıq qalmasıyla bağlı deyil. Onlar bu binanın da illər əvvəl Qarabağ qaziləri üçün tikilən digər yaşayış evinin aqibəti ilə eyni olacağından ehtiyatlanırlar: “İllər əvvəl Nərimanov rayonunda Qarabağ əlilləri üçün belə bir ev tikdilər. Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikdirdiyi o binanın bir neçə dəfə yeri dəyişdirildi. Ən nəhayət, Əhməd Rəcəbli küçəsi 46 ünvanında qərarlaşdı. Biz qorxuruq, deyirik, görən bu binanı da kimsə ələ keçirəcəkmi? ”.

“Əlil üçün ev tikiblər, nə kanalizasiya var, nə də kampus”

Qarabağ əlilləri söhbət əsnasında digər həmkarlarına verilən binanın da yarıtmazlığından gileyləndilər: “Əhməd Rəcəbli küçəsindəki binadan ev alan əlillərin əksəriyyəti həmin binada böyük problemlərlə üzləşdi. 9 ildir o bina təhvil verilib. Amma nə kanalizasiyası, nə də kampusu var. Əlillər üçün tikilən evləri kampussuz necə təsəvvür edirsiz? İndi kampussuz avtobusları istismara buraxmırlar, onda ki, yaşayış binası ola. Əlil o binaya necə qalxıb-düşməlidir, onu soruşan yoxdurmu? Ora köçənlər çoxsaylı şikayətlərdən sonra ora qaz xəttinin çəkilməsinə nail oldular. Üstəlik, orda nə uşaq meydançası var, nə də istirahət yeri. Ətrafda bircə dənə ağac belə yoxdur. Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib. Etiraz edənə də minnət qoyurlar”.

“Şəhid anası şəraitsizlikdən bezib köcdü”

Əlil qazilərin sözlərinə görə, illər öncə təhvil verilən binada vəziyyət o qədər çətin olub ki, bəzi ailələr həmin binada yaşamaqdan vaz keçməli olublar: “O binada ev verilən iki şəhid anası orda yaşaya bilmədi. Evi dəyər-dəyməzə verib köçməyə məcbur oldu. Qaz, kanalizasiya problemindən başqa ətrafdakı villada yaşayanlar onlar üçün problem oldu. Həmin binadan 1metr aralı hündür hasar çəkiblər. Hasarın o biri üzündə isə villalar tikilib. Hasarın o başında da cərgəylə şam ağacları əkilib. Ordakı ailələr dedi ki, o hasar dəmir məhəccərlə əvəzlənsin ki, bizə də hava gəlsin, villa sahibləri razı olmadı. Sonra da 3 metrə yaxın hasarın yanındakı küknar ağaclarını yüksək təzyiqli şırnaqla sulayırdılar. Onda da həmin su üçüncü mərtəbədə yaşayan şəhid ailəsinin mənzilinə tökülürdü.

İllərdir mənzilləri özəlləşdirə bilmirlər

12 ilə yaxındır bina təhvil verilib. Hələ də ordakılar o mənzilləri özəlləşdirə bilmir. Çünki Fövqəladə Hallar nazirliyi binadakı kommunal xətlərdə yanlışlıq olduğu üçün onu qəbul etmir.

Əslində o binanın ərazisi üçün 36 sot yer ayrılmışdı. Orda istirahət meydançası, uşaq parkı olmalıydı. Amma hamısı təxirə salındı. Oranın ərazisi kimlər tərəfindənsə zəbt olundu. Biz istəmirik ki, bu binanın da aqibəti onunku kimi olsun.

“Məsələni ictimailəşdirən cəzalanır”

Əlil qazilər deyir ki, onlar bina ilə bağlı mətbuata danışmağa, yaxud səlahiyyətlilərdən haqlarını tələb etməyə belə ehtiyatlanırlar: “Kim səsini çıxarıb etiraz eləsə, onun adını qara siyahıya salırlar. Ev almaq şansın əlindən alınır. Bilir ki, ev verilmə məqamı çatanda məsələni ictimailəşdirdiyi üçün cəzalanacaq, min bəhanə gətirib onu bu imkandan məhrum edəcəklər”.

“Qarabağ Əlillər Cəmiyyəti” nə deyir?

Şikayətçilər sözügedən məsələni Qarabağ Əlillər Cəmiyyətində də qaldırıblar. Amma belə anlaşılır ki, bu qurum da onlara “hay” verə bilmir: “Dəfələrlə “Qarabağ Əlillər Cəmiyyəti”nə müraciət etmişik. Ümidsiz cavab vermişdilər ki, bu il də olmayacaq. Çünki nazirlikdən də onlara həmin sözü deyirlər. Deyirlər ki, pul ayrılandan sonra tikinti başa çata bilər. Haqqına danışmaq lazımdır, “Qarabağ Əlillər Cəmiyyəti” həmişə çalışır ki, bizə dəstək versin. Onlar da istəyir ki, bu iş normal qaydada həl olunsun”.
Hurriyyet.org
“Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib” - GİLEY
“Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib” - GİLEY
“Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib” - GİLEY
“Binanın yan-yörəsini məmur villaları və kommersiya obyektləri zəbt edib” - GİLEY

Şərhlər

XƏBƏR LENTİ