XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Saatlının Baş həkimindən şikayətə səbəb nədir?

Saatlının Baş həkimindən şikayətə səbəb nədir?

Saatlının Baş həkimindən şikayətə səbəb nədir?
21-06-2017, 11:25

2017-ci ilin may ayının sonlarında səhhətimlə əlaqədar yolum yaşadığım Şirvan şəhərinin Mərkəzi Xəstəxanasına düşdü. MX-nın poliklinika şöbəsində hər bir həkimin otağı qarşısında çoxlu sayda vətəndaşlarımızın növbə tutduğunu gördüm. Məni təəccüb bürüdü. Fikirləşdim ki, əcəba şəhərimizdə yəqin yeni xəstəlik aşkarlanıb. Yoxsa bu qədər insan həkimlərə müraciət etməzdi. Diqqətlə baxdım ki, bəlkə bir tanış adam görəm. Ancaq heç kimi tanımadım. Söz yox ki, şəhərimizin sakinlərinin hamısını tanıya bilmərəm və buna ehtiyac da yoxdur. Amma hər halda tanış üzlər ola bilərdi.
Elə maraqla da həkim otağının qarşısında duran vətəndaşların birindən soruşdum ki, qardaş, mən müharibə veteranıyam, əgər icazə versəydiniz, bir dəqiqəliyə həkimin yanına girərdim söz soruşam. O da cavabında dedi ki, biz Saatlı rayonundan gəlmişik, hamımız da tələsirik. Maraq məni götürdü, əcəba Saatlıda müasir tələblərə cavab verən xəstəxana və poliklinika olduğu halda nə üçün çoxlu sayda Saatlı rayon vətəndaşları Şirvan şəhərinə üz tuturlar? Elə bu maraqla da Şirvan Mərkəzi Poliklinikasının statistika şöbəsinə üz tutdum. Şöbədən öyrənmək istədim ki, Saatlı əhalisinin adı çəkilən xəstəxana və poliklinikaya müraciəti bu gün təsadüfidir, yoxsa hər gün belədir? Statistika şöbəsinin əməkdaşı bildirdi ki, Saatlı rayonunun əhalisi müalicə və müayinə üçün bizə mütəmadi olaraq müraciət edirlər və bu müraciətlərin sayı günü-gündən çoxalır. Biz də öz növbəmizdə həm səhiyyə, həm də Saatlı rayon MX-nın baş həkiminə hər rüb ərzində nə qədər xəstə qəbul etməyimiz barədə rəsmi arayış veririk. Bəs nə üçün Saatlının kəndlərində xəstəxana və tibb məntəqələri olduğu halda insanlar Şirvan Xəstəxanasına gəlirlər sualıma cavab olaraq bildirdilər ki, deyəsən orada səhiyyəyə rəhbərlik edən baş həkim iki ildən çoxdur ki, işə gəlmir. Ona görə də Saatlı rayonunda əhalinin tibbi xidməti çox zəifdir. Vətəndaşlar da məcbur olub qonşu rayonların səhiyyə ocaqlarına üz tuturlar. Aldığım cavab məni çox narahat etdi. Qərara aldım ki, Saatlı rayonunun səhiyyə xidməti haqqında ətraflı bir jurnalist araşdırması aparım. Bu məqsədlə qonşu Salyan, Sabirabad, İmişli və Biləsuvar rayon xəstəxanalarında oldum. Şirvan Xəstəxanasında gördüklərimin eynisi adları çəkilən tibb ocaqlarında da mövcud idi. Yəni, Saatlı rayon əhalisi müalicə və doğuş üçün yuxarıda adları çəkilən rayonlara axın edirlər. Məsələnin mahiyyətinə tam aydınlıq gətirmək üçün araşdırmamızı Saatlı rayon MX-da davam etdirməyi qərara aldıq və bu məqsədlə oraya yola düşdük.
Saatlı rayonu Kür-Araz ovalığında yerləşir. Əhalisinin sayı 95 minə yaxındır. Rayonda 7 xəstəxana, 17 həkim ambulatoriyası, 16 feldşer-mama məntəqəsi yerləşir. Rayonda 44 yaşayış məntəqəsi var. Saatlı aqrar rayondur. İnsanları zəhmətsevər, vətənə bağlı və qonaqpərvərdirlər. Saatlı rayonu özünün ölkə və dünya səviyyəsində tanınan ziyalıları və iş adamları ilə haqlı olaraq fəxr edir. Bu rayon ölkəmizin aqrar və digər önəmli sahələrində öz sözünü demiş və respublikamızın inkişafında özünün təkzib olunmaz töhfəsini verməkdə davam edir. Rayon gəncləri vətənimizin ərazi bütövlüyü uğrunda Qarabağda erməni quldurlarına qarşı igidliklə döyüşmüş və çoxlu sayda şəhid vermişdir. Sözsüz ki, belə bir rayonun vətəndaşları hər cür hörmətə və diqqətə layiqdir.
Saatlı RMX-na gəldik. Əlbəttə ilk növbədə MX-nın baş həkimi Ələkbər Əkbərovla görüşüb, suallarımıza ondan cavab almaq istədik. Qəbul otağında oturan katibə xanımdan baş həkimin yanına keçmək üçün icazə istədik. O isə bildirdi ki, baş həkim işə çıxmır. Səbəbini də bilmirəm. “Həkim nə vaxtdan işə gəlmir” sualımıza katibə xanım cavab verdi ki, iki ilə yaxındır. Kimə müraciət edəcəyimizi soruşduq. Dedi ki, baş mühasib Rafael Quliyevin yanına gedin. Bütün işləri o icra edir. Möhür də ondadır. Hətta onu da öyrəndik ki, hərbi komissarlıq üzrə həkim komissiyasının möhürü də Rafael Quliyevdədir. Baş mühasiblə görüşməmişdən öncə xəstəxana və poliklinikanın ümumi abu-havası ilə tanış olmaq istədik. Gördüklərimiz bizi dəhşətə gətirdi. Baxmayaraq ki, MX əsaslı təmir olunmuş və müasir tibbi avadanlıqlarla təmin edilmişdir, ancaq palatalarda bir nəfər də olsun xəstə yox idi. Həkim və orta tibb işçilərinin yarısı koridorlarda, yarısı isə xəstəxananın həyətində iki-bir, üç-bir var-gəl edirdilər. Bu gəzintinin səbəbini bir neçə tibb işçisindən soruşsam da, heç bir cavab ala bilmədim. Yalnız üzlərində acı təbəssüm gördüm. Ancaq adının çəkilməsini istəməyən bir tibb işçisi dedi ki, palatalarda xəstə olmasa da, bütün şöbələrin növbətçi kitablarında istənilən qədər xəstənin adı var ki, guya burada stasionar müalicədədirlər. Bu “xəstələr”in adına da hər gün ərzaq anbarından külli miqdarda müxtəlif növ ərzaq məhsulları çıxarılır. Baş aşbaz da qaiməni imzalayır. Eyni qaydada dərman anbarından da hər gün müxtəlif adda dərman götürülür və şöbələrdə “yatan” xəstələrə sərf olunur. Ən təəccüb doğuran o idi ki, cərrahiyyə şöbəsində xəstə olmadığı halda, dərman anbarından uyuşdurucu dərman götürülür. Sözsüz ki, belə dərmanların silinməsi yollarını baş həkim Ələkbər Əkbərov və baş mühasib Rafael Quliyev yaxşı bilir.
Onu da öyrəndik ki, Rafael Quliyevin havadarlığı ilə xəstəxananın dərmanları satış üçün özəl apteklərə verilərkən polis tərəfindən saxlanılıblar. Bu haqda əlavə araşdırma aparacağıq.
Bütün bu gördüklərimiz və eşitdiklərimizdən sonra Rafael Quliyevin kabinetinə yollandıq. Baş mühasibin otağının qarşısında bir neçə həkim və tibb bacısı əllərində sənədlərlə gözləyirdilər. Həkimlərdən biri acıqlı şəkildə: “Oturub evində, işə gəlmir. Bu yaşımızda qalmışıq uşaq-muşaq əlində”. Digər həkimlər də: “Görəsən bu işlərin axırı necə olacaq? Dərdimizi deməyə yer də tapmırıq” deyir. Baş mühasibin otağı bağlı idi. Hamı gözləyirdi. Mən də onlara qoşulub gözlədim. Təxminən yarım saatdan sonra bir nəfər sevinclə qışqırdı: “Ağa gəlir”. Hamı susdu. Sanki bayaq gileylənən insanlar deyildilər.
Rafael Quliyev məni görən kimi arı sancmış adam kimi qışqıra-qışqıra üzünü həkimlərdən birinə tutub dedi” “Ə, onu başa sal”. Həkim də dönüb yazıq-yazıq üzümə baxdı. Nə deyəcəyini bilmədi. Rəfael təkrar həmin həkimin üstünə qışqıraraq: “Ə, sənə demədimmi onu başa sal” dedi. Baş həkimin müavini olan bu həkimə yazığım gəldi. Yazığım gəldi ona görə ki, ali təhsilli həkim etik normada danışıq qabiliyyəti olmayan bir mühasibin əlində giriftar qalmışdır. Növbədə duran həkimlər gözləyirdilər ki, Rafael Quliyev onların gətirdikləri “sənədlərə” baş həkim Ələkbər Əkbərovun əvəzinə möhür vursun.
***
Xəstəxanada olarkən onu da öyrəndik ki, MX-nın doğuş şöbəsi mütəxəssis olmaması ucbatından bağlı qalıb. Təxminən bir neçə ay bundan əvvəlki müddətə qədər xəstəxanada doğuş aparılmayıb. Çünki doğuş şöbəsində bir nəfər də olsun mama-ginekoloq və digər tibb işçiləri olmayıb. Doğuş şöbəsinə işə girmək istəyən həkimlərə Rafael Quliyev hansı şərti qoyubsa, yazıq həkimlər ordan gedərək bir daha geri dönməyiblər.
Xəstəxanada olarkən baş həkim Ələkbər Əkbərovla telefon əlaqəsi saxlamaq istəsək də, hər dəfə “Bu nömrəyə zəng çatmır” cavabını aldıq.
Geri qayıdarkən Saatlı rayonunun yolüstü kəndlərinin bir neçəsinə baş çəkdik. Kəndlərdə tibb məntəqələrinin fəaliyyəti ilə maraqlandıq. Ancaq boşuna əziyyət çəkdik. Bütün məntəqələrin qapısı qıfıllı idi. Onda başa düşdük ki, Saatlı rayon sakinləri niyə öz rayonlarından perik düşüb, qonşu rayonların xəstəxanalarına axın edirlər.
İnanırıq ki, Saatlı rayonunun icra başçısı və Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyev Saatlı rayon Mərkəzi Xəstəxanasında qayda və qanunu lazımınca bərpa edəcəklər.

Mirhüseyn Alarçaylı

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.