XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Poliklinikaya gəlməyin” deyən həkimin səsyazısı yayıldı: - Baş həkim araşdırmaya başladı

"Poliklinikaya gəlməyin” deyən həkimin səsyazısı yayıldı: - Baş həkim araşdırmaya başladı

"Poliklinikaya gəlməyin” deyən həkimin səsyazısı yayıldı: - Baş həkim araşdırmaya başladı
9-12-2020, 10:24

Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsində yerləşən 23 saylı şəhər poliklinikası karantinə alına bilər.

Cebhe.info xəbər verir ki, bu iddia ilə həmin poliklinikada çalışan həkimlərdən biri pasiyentlərinin olduğu “Whatsapp” qrupunda məlumat verib və yayılmasını istəyib. Həkim çalışdığı polinklinikada kifayət sayda tibb personalının koronavirusa yoluxduğunu və durumun ciddiliyini vurğulayıb. Səsyazısında 23 saylı poliklinika və bütövlükdə Hövsan qəsəbəsinin karantinə alınacağını iddia edən həkim pasiyentlərinə poliklinikaya gəlməmələri barədə çağırış edib.

Həkimin səsyazısını təqdim edirik:

“Poliklinikada vəziyyət çox ciddidir. Artıq üçüncü həkimimiz yoluxub. Onun tibb bacısı da sual altındadır. Dünən həkimin test cavabı pozitiv gəlib və xəstəxanaya aparılıb. Poliklinikanın şöbə müdiri yeni sağalıb gəlmişdi. Ola bilsin ki, poliklinika karantinə bağlansın. Amma karantinə bağlanmasa da, mən sizdən xahiş edirəm, oranı karantin hesab edin və gəlməyin. “UZİ-yə girəcəyəm”, “qan analizi verməliyəm”, “zobumu yoxlatdırmalıyam” kimi şikayətlər COVİD-lə müqayisədə heç nədir. Əgər həkim və tibb bacıları koronavirusa yoluxublarsa, görün nə qədər xəstə də yoluxmuş hesab olunur. Hövsanla yanaşı, Dədə Qorqud qəsəbəsi, Quşçuluq sovxozu, Zeytunluq, Südçülük və Hövsan kəndindən olan pasiyentlər də bizim polinklinikaya gəlir. Biri gəlir ki, hərarətim var. Heç bir şəkildə izah edə bilmirsən ki, bu halda poliklinikaya gəlməzlər. Hamı elə bilir ki, həkimlər özlərini qoruyurlar. Həkim də insandır, daşdan-divardan deyil.

Necə ki, insanlar yoluxmaq və xəstələnmək istəmirlər, eləcə də həkimlər... Biz hamımız bu təhlükənin altındayıq. Həkim də insandır və ətrafı var. Bir həkimin yoluxması, onun yanına gələn 10-15 xəstənin, eyni zamanda yanında çalışan tibb bacısının yoluxması deməkdir. Həmin tibb bacısı da neçə-neçə evlərdə xəstələrə iynə vurur. Yoluxma beləcə qəsəbəni başına götürüb. Təkcə Hövsan qəsəbəsindəki yoluxma sayı Bakıdakı yoluxma sayından çoxdur. Ola bilsin ki, bütün qəsəbəni karantinə alsınlar və bağlı qəsəbə elan etsinlər. Ona görə ki, hamımız küçələrdə və doğum günlərindəyik. Hamı deyir ki, koronavirusa inanmır.

Xəstələnəndə də deyir ki, COVİD deyil... Mən sizi xəbərdar etmək istəyirəm. Mümkün qədər poliklinikaya gəlməyin, onlayn məsləhətləri əsirgəməyəcəyəm. Əvvəllər qiyabi dərman demirdim, indi dərman da deyəcəyəm. Amma bacardıqca və çox ciddi təhlükələr olmasa, polinklinikaya gəlməyin. Bunun üçün təcili yardım var, çağırın, ilkin yardım etsinlər. Poliklinikada onsuz da ilkin yardım olmur”.

23 saylı şəhər polinklinikasının şöbə müdiri Vahid Əliyev səsyazma ilə tanış olduqdan sonra Cebhe.info-ya bu cavabı verib: “Səsyazmanı dinlədim. Səs elə də tanış gəlmədi. Baş həkimə bu barədə məlumat verdim. Araşdırıldıqdan sonra sizə məlumat verəcəyik”.

Mövzunu diqqətdə saxlayacağıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.