SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Rayonlararası Ruhi-Əsəb Dispanserində səlahiyyət davası

Gəncə Rayonlararası Ruhi-Əsəb Dispanserində səlahiyyət davası

Tarix:

19-02-2019, 16:23

/ 8 691 dəfə oxundu.
Gəncə Rayonlararası Ruhi-Əsəb Dispanserində səlahiyyət davası

Gəncə şəhəri, Gülüstan qəsəbəsi 1-ci binanın 8-ci mənzilində yaşayan Gülnarə Məmmədova prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova, DTX rəisi Mədət Quluyevə və Səhiyyə naziri Oktay Şirəliyevə ünvanladığı şikayət məktubunun bir surətini də Turkustan.info saytına yönəldib.

Şikayətçi Gülnarə xanım məktubundan bəzi məqamları olduğu kimi çap edirik. Xanım ərizəsində göstərir ki, “ hər bir sahədə olduğu kimi səhiyyədə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı vaxtda Gəncə şəhər Səhiyyə idarəsi, Rayonlararası Ruhi-Əsəb Dispanserinin baş həkimi Tərlan Hüseynova və psixiatr həkim Tamilla Hüseynova tərəfindən prezidentin bu haqda verdiyi sərəncam bilərəkdən pozulur. Bunların çirkin əməllərinə isə Səhiyyə Nazirliyi bilərəkdən göz yumur, heç bir tədbir görmür. Baş həkim Tərlan Hüseynova və Tamilla Hüseynova vəzifələrindən sui-istifadə edirlər, saxta sənədlər hazırlayırlar. Bununla da həkim adına ləkə vururlar. Baş həkim ixtisasca terapevt, Tamilla Hüseynova isə psixiatrdı. Tərlan Hüseynova dolayı yolla 2017-ci ilin aprel ayında Gəncə Rayonlararası Ruhi-Əsəb Dispanserinə baş həkim gətirilib. Əvvəllər isə 1 nömrəli Abbas Səhhət adına xəstəxananın poliklinikasında baş həkim işləyib. Poliklinikada baş həkim işlədiyi vaxtlarda da vəzifəsindən sui-istifadə edib, saxta sənədlər düzəldib, dövlət büdcəsinə kifayət qədər ziyan vurub. Dəfələrlə onun işləri araşdırılıb.

Dispanserə gəldiyi ilk gündən də köhnə vərdişlərini davam etdirib və bu gün də əməllərindən əl çəkmək fikrində deyil. Hazırda baş həkim Tərlan Hüseynova, Tamilla Hüseynova və digər bir neçə həkim barəsində Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi araşdırılıb və məhkəməyə göndərilib.Hazırda Gəncə Ağır Cinayətlər məhkəməsində məhkəmə prosesi gedir. Amma Tərlan Hüseynova bundan da nəticə çıxarmır. Dispanserin psixiatr həkimi Tamilla Hüseynova ilə birlikdə çirkin əməllərini davam etdirir, prokurorluq və polis idarəsində təqsirləndirilən şəxslər barəsində göndərilən ekspertiziya sənədlərini qəbul edib təqsirləndirilən şəxsləri görmədən onların barəsində saxta rəylər yazaraq insanların taleyini məhv edirlər. Yəni bu iki həkim əlbir olaraq mənə işləmyə imkan vermirlər. Mənim adıma yazılan rəylərin hamısının imza yerinə özləri imza atırlar. Hətta mən məzuniyyətdə olan zaman ekspertiziya rəylərində həkim yerində mənim ad familiyamı və atamın adını yazıb, imza yerinə öz imzalarını ataraq aidiyyatı üzrə prokurorluq və polis orqanlarına qaytarıblar. Mən o proseslərin heç birində iştirak etməmişəm. Yazılan saxta rəylərin surətini də bu ərizəmə əlavə edirəm.”

Gülnarə Məmmədova ərizəsini “ Tərlan həkimin saxta sənədlərlə xeyli insanın təqaüdə çıxmasını da təmin edib və düzəltdiyi saxta sənədlərin kötüyü heç bir arxivdə yoxdur” cümləsi ilə tamamlayır və ölkənin rəhbər şəxslərindən kömək istəyir.

P.S. 2018-ci ilin noyabr ayının əvvələrində ölkənini aparıcı mediasında belə xəbərlər yayılmışdı.

Gəncə Dispanserinin baş həkiminə cinayət işi açıldı

Gəncə Rayonlararası Psixo-nevroloji Dispanserinin baş həkimi Hüseynova Tərlan Məmməd qızı barəsində cinayət işi açılıb. T.Hüseynova xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib.

Belə ki, o, dispanserin həkim psixiatrı Məhərrəmova Sevil Ənvər qızı və digərləri ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək, müalicə müddəti başa çatmayan, dispanserdə qeydiyyatda olan psixi xəstəlikdən əziyyət çəkən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcəsinin və sağlamlıq imkanının məhdud olması ilə əlaqədar müavinətlərin verilməsinə nail olmaq üçün vəzifə saxtakarlığı edib. Müalicə almadıqları halda, xəstələrə tibbi çıxarış verib.

Buna görə də T.Hüseynova barəsində Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də, vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Mövzunu diqqətimizdə saxlayacağıq. Məsələ ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini yayınlamağa hazırıq .

Xia.Az

Şərhlər

XƏBƏR LENTİ