SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Müslümovun Lənkərandakı adamı da cəzalandırılır - Yeni nazirin DSMF islahatları davam edəcək

Müslümovun Lənkərandakı adamı da cəzalandırılır - Yeni nazirin DSMF islahatları davam edəcək

Tarix:

18-05-2018, 10:24

/ 2 016 dəfə oxundu.
Müslümovun Lənkərandakı adamı da cəzalandırılır - Yeni nazirin DSMF islahatları davam edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.

Bu gün S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri və Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.

S. Babayevin kadr islahatlarını bundan sonra da davam etdirəcəyi, adları korrupsiya faktlarında çəkilən şəxsləri də nazirliyin sistemindən kənarlaşdırılacağı gözlənilir.

Daxil olan məlumata görə vəzifəsi ilə vidalaşacaq növbəti şəxs DSMF-nin Lənkəran rayon Şöbəsinin müdiri Maarif Bayramov olacaq.

Buna səbəb isə bir müddət öncə DSMF-nin Lənkəran Şöbəsində korrupsiya faktının aşkarlanmasıdır.

Xatırladaq ki, Hesablama Palatasının ötən ilki hesabatında DSMF-nin Lənkəran rayon Şöbəsinin məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlaşdırma prosesini əsaslı aparmadığı, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, eləcə də mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin gəlir potensialının tam nəzərə alınmadığını, məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar isə tam icra edilmədiyini aşkarlamışdı.

Bununla yanaşı, DSMF-nin Lənkəran rayon Şöbəsində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsinə bir sıra hallarda sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması, bəzi hallarda məhkəmə qətnaməsi ilə təmin edilmiş fiziki şəxslərin işçilərinin əmək haqqı fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının "Sığortaedənin Dövlət Sosial Müdafiə orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı (Forma B1)”na bərpa edilməməsi, hüquqi və fiziki şəxslər üzrə hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyasının tətbiq edilməməsi səbəbindən şöbələr üzrə ümumilikdə 340,9 min manat məbləğində məcburi dövlət sosial sığorta haqqı az hesablandığı müəyyən edilmişdi.

Həmçinin Hesablama Palatasının araşdırması nəticəsində müəyyən edilib ki, DSMF-nin Lənkəran rayon Şöbəsində bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanılmış vəsaitlər müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının bağlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülməyib.

Məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən ödəmələrə gəldikdə isə müəyyən olunub ki, pensiya və müavinətlər üzrə müraciətlərin qəbul edilməsi, hesablanması, ödənilməsi və çatdırılması istiqamətində də bir sıra nöqsanlara yol verilib. Belə ki, nəzarət tədbirlərinin əhatə etdiyi dövrdə əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, bir çox hallarda pensiya işləri üzrə uçot vərəqələrinə ailə başçısını itirmiş ailələrin pensiya almaq hüququ ailə üzvlərinin, əlilliyə görə pensiyaçının himayəsində olan uşaqlarının doğum haqqında şəhadətnamələrinin sürətləri, əmək qabiliyyətsiz ailə üzvünə görə pensiyaçılar haqqında məlumatlarda və pensiya məbləğlərində dəyişikliklər barədə uçot vərəqlərində müvafiq qeydlər aparılmayıb.

Yuxarıdakı məlumatlardan da aydın görünür ki, DSMF-nin Lənkəran rayon Şöbəsinin müdiri Maarif Bayramov fəaliyyəti dövründə ciddi maxinasiyalara yol verilib. Saytımıza verilən məlumatda vurğulanır ki, Maarif Bayramov bu maxinasiyaları sabiq nazir Səlim Müslümovun və eləcə də, nazirliyin yüksək vəzifəli şəxslərinin "himayə"si altında edib.

Baş verən korrupsiya faktına görə, Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevin yaxın günlərdə Maarif Bayramovu vəzifəsindən azad edəcəyi gözlənilir.

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ