SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Tarix:

11-05-2024, 09:11

/ 660 dəfə oxundu.
Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Azərbaycan xalqının tanınmış soylarından olan Dillbazilərin nümayəndəsi olmuş Çingiz Ağa Dilbazidən xarirə qalan ev muzeyi bərbad hala düşüb.

Vəziyyət o hala gəlib ki, nəslin nümayəndələri görkəmli şəxsiyyətlərdən olan Çingiz Ağa Dilbazinin evini şəxsi vəsait hesabına da olsa təmir etmək üçün lazımı qurumlara müraciət etmək istəyir.

Onlar bu barədə 32gun.az-a məlumat verib.

Maraqlıdır ki, Mədəniyyət Nazirliyi bu tarixdən qalma evə sahib durmalə və nəzarət etməli olsa da illərdir heç kim o yerin ətrafından da keçmir.

Hətta deyəsən hər "dərdə dəva" olmaq, öz işlərinə yarayan və publikaya oynamaq üçün dəridən qabıqdan çıxan Qazax rayon İcra Hakimiyyəti də tarixi şəxsiyyəti unudub, unutdurmaq istəyir.

Xatırlatma...
Çingiz ağa Dilbazov 1861-ci ildə Xanlıqlar kəndində doğulub. Savadlı adam olub, əski türkcədə yazıb-oxuyur, rusca rəvan danışıb. Ata mülkü və ticarət işləri ilə bağlı olaraq Qazax şəhərində yaşayıb. Burada dükanları, kirayə verdiyi evləri, malı-mülkü olub. Eyni zamanda kənddəki torpaq sahələrini və heyvandarlıq təsərrüfatını da idarə edirdi. Çingiz ağa son dərəcə insanpərvər, xeyirxah, səxavətli bir adam kimi xatırlanır.

Çingiz ağa 1918-20-ci illərdə Qazax şəhəri və kəndləri İrəvan quberniyasından gəlmiş qaçqınlarla dolub-daşdığı zaman taxıl anbarlarının ağzını açaraq onlara paylamış, müharibənin, ermənilərin törətdikləri qırğınların qovub pərən-pərən saldığı bu zərərdidə insanlardan çoxlarına həyan olmuşdu. Çingiz ağa sovetləşmədən sonrakı ilk illərdə, yeni iqtisadi siyasət dövründə Qazaxda xırda ticarətlə məşğul olurdu. Onun adı sovet quruluşunu gözü götürməyən adamların sırasında çəkilirdi. 20-ci illərin sonlarında Qazaxda Çingiz ağa Dilbazovun çayxanası tez-tez ÇK donosçularının məlumatlarında «müsavatçı antisovet ünsürlərin toplaşdıqları» yerlərdən biri kimi xatırlanır. Qazaxda 1930-cu il fevralın 3-də müsavatçılıq və antisovetizm zəminində həbs edilən Hasan bəy İsmayıl ağa oğlu Vəkilova aid cinayət işində Çingiz ağa Dilbazovun da adı keçir. Hasan bəyə qarşı irəli sürülən arqumentlərdən biri də, fəal firqəçilərdən Vəliyulla Axundovun ifadəsinə əsaslanmaqla, onun «bütün əksinqilabçıları Çingiz ağa Dilbazovun evinə yığması»na dair ittihamıdır ki, Hasan bəy müstəntiq Xaçaturova verdiyi ifadəsində bunu rədd edir və deyir ki, «Çingiz ağa ilə bir-birimizi tanıyırıq, lakin heç vaxt Çingiz ağanın evində olmamışam». (Hasan bəy Vəkilov 5 il iş alıb, Daşkəndə göndərilir, 1934-cü ildə qayıdır, 1937-ci ildə təkrarhəbs edilirvə sentyabrın 3-də güllələnir.) Bu ifadə onu göstərir ki, o illərdə Çingiz ağa Dilbazov sovet orqanlarının nəzərində şübhəli ünsür sayılırdı və həbs edilməsi bəlkə də zaman məsələsi idi. Onu repressiyalardan yalnız Qazağın sadə insanları arasında populyarlığı xilas etmişdi. Yerli kommunistlər müəyyən adamları ona qarşı təhrik etməyə çalışsalar da, həmin illərin İrəvan qaçqınları kütləsindən olan sözükeçər adamlar onu qətiyyətlə müdafiə etmişdilər. Mülkləri sarıdan ona o həcmdə fərdi vergi qoyulmuşdu ki, bir neçə dəfə mülklərini az qala hərraca çıxaracaqdılar. Lakin hər dəfə dostları və qohumları onu xilas edirdilər. 1912-13-cü illərdə tikdirmiş olduğu və hazırda içərisində yaşadığı ikimərtəbəli mülk xüsusi diqqət mərkəzində idi. Nəhayət, 1931-ci ildə Qazax qəza icraiyyə komitəsinin sədri ona evini xoşluqla hökumətə verməyi təklif etdikdə, bu şərtlə razılaşır ki, buradan səhiyyə ocağı qismində əhalinin faydasına istifadə edilsin. Qazax şəhər poliklinikası o vaxtdan onun bu evində yerləşərək fəaliyyət göstərmişdir. İndi həmin binanın qarşısında bu məzmunda bir lövhə vurulmuşdur:

«Bu bina 1912-1918-ci illərdə Dilbazi Çingiz ağa Rəhim ağa oğlu tərəfindən şəxsi ev kimi tikilmişdir. 0, 1918-31-ci illərdə bu binada yaşamışdır».

Çingiz ağa 1934-cü ildə Qazaxdan Gəncəyə köçmüş, 1942-ci ilin yanvarında burada vəfat etmiş və Gəncədə dəfn olunmuşdur.
Çingiz ağa öz nəslindən Səltənət xanım Abdulla ağa qızı Dilbazova ilə evlənmişdi. Səltənət xanım 1964-cü ildə Gəncədə vəfat etmişdir.

İki oğlu uşaq yaşlarında tələf olmuş, altı qızı qalmışdır: Mirvari xanım, Sayalı xanım, Sənəm xanım, Şahrux xanım, Cəmilə xanım, Həmidə xanım.

Mirvari xanım öz nəslindən Vəli ağa Böyük ağa oğlu Dilbazinin birinci arvadı olmuş, 1339/1922-ci ildə doğuş üstdə həyatını itirmişdir.

Sayalı xanım Dilbazova (1907-1978, yanvar) ilk təhsilini Qazaxda almış, 1920-ci ildə Mədinəxanım Qiyasbəylinin açdığı Bakı Darülmüəllimatına (qızlar seminariyası) daxil olmuş, buranı bitirdikdən sonra Gəncədə qızlar gimnaziyasının direktoru işləmişdir. Sonralar Azərbaycan Pedaqoji İnstitutunu da bitirmişdir. İran təbəələri üçün məktəbin direktoru Əjdər əfəndi Əlizadə ilə evlənmiş, Əjdər əfəndi Tehrana qayıtmalı olduqda, anasının təkidi ilə Sayalı xanım Gəncədə qalmışdır. Lakin Əjdərin Tehrandan təkidli yalvarışlarından sonra atası Çingiz ağa qızının Tehrana getməsinə izin vermişdi.

Sayalı xanım ömrünün sonrakı illərini Tehranda yaşamış, 1965, 1970, 1977-ci illərdə turist kimi Bakıya gəlmişdir. Onun övladlarından Pərvin uşaq yaşlarında həyatdan gedib, qızı Nəzrin hazırda İngiltərədə, oğlu Ənvər isə - Kanadada yaşayır. Bakıda xalaları Həmidə xanımın ailəsi ilə əlaqə saxlayırlar, gediş-gəlişləri var. Sənəm xanım (1910-1976, 5 iyun) ilk təhsilini Qazaxda almış, Gəncədə Pedaqoji İnstitutu bitirmişdi. Bu şəhərdə ən hörmətli maarif işçilərindən sayılırdı. Orta məktəbdə təbiətşünaslıq fənnini tədris edirdi. Əslən Qarabağdan olan müəllim Əhməd Əhmədovla ailə qurmuşdur. Bir oğlu qalmışdır - Akif Əhmədov.

Şahrux xanım Gəncədə Pedaqoji Texnikumu bitirmişdi.
Gənc ikən vəfat etmişdir. Ailə qurmamışdı.Cəmilə xanım - uşaq vaxtı ağır xəstəlik keçirdiyindən, kamil təhsil ala bilmədi. Ailə qurmamışdı.
Həmidə xanım (1920) ibtidai təhsilini Qazaxda, orta təhsiiini Gəncədə almışdır. 1936-cı iidə əla attestatla orta məktəbi bitirib, Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsilini başa vurduqdan sonra (1941), altı ay Qonaqkənddə həkim işləmişdi. Atasının vəfatı ilə bağlı iş yerini Gəncəyə dəyişdirməli olmuş, burada toxuculuq kombinatının tibb məntəqəsində, daha sonra Stalin rayon xəstəxanasında 5 il baş həkim işləmişdir.

Müharibə illərində arxa cəbhədə çalışan Həmidə xanım «Rəşadətli əməyə görə», «Qafqazın müdafiəsinə görə» medalları, yubiley medalları ilə təltif olunmuşdur.1948-ci ildə institutda bir yerdə oxuduğu Əlikram Hümbət oğlu Eyvazovla (Abşeronun Saray kəndindən) ailə qurmuş və Bakıya köçmüşdür. Səhiyyə əlaçısı, ali kateqoriyalı həkim olan Həmidə xanım 1948-ci ildən 2006-cı ilə qədər (56 il fasiləsiz) 3 saylı poliklinikada sahə həkimi olaraq çalışmışdır. Üç qızı var: Zemfira (1949, həkim), Kəmalə (1953, ingilis dili müəlliməsi), Rəna (1956, həkim).

F. Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə alınıb.

Xalq şairi Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında yazıb: "17, 18 və 19-cu yüzilliklərin axırına qədər nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir.

Qazaxda tarixi abidə XARABA QALIB
Qazaxda tarixi abidə XARABA QALIB
Qazaxda tarixi abidə XARABA QALIB
Qazaxda tarixi abidə XARABA QALIB

Şərhlər

XƏBƏR LENTİ