SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Kritik görüşlər və fürsətlər ayı - Bakı yenə episentrdə...

Kritik görüşlər və fürsətlər ayı - Bakı yenə episentrdə...

Tarix:

5-06-2017, 09:03

/ 227 113 dəfə oxundu.
Kritik görüşlər və fürsətlər ayı - Bakı yenə episentrdə...

İyunda Azərbaycana, Qarabağın taleyinə dəxli olan 5 önəmli hadisə gözlənilir; Bakı bu aya ordumuzun möhtəşəm hərbi paradı ilə də akkord vura bilər, 25 il öncəki hərbi uğuru təkrarlamaqla da....
İyun ayı ən yeni müstəqillik tariximizə həm də 1992-ci ilin uğurlu yay hərbi kampaniyası ilə düşüb. Bu ay 25 illiyi tamamlanan həmin hərbi kampaniya zamanı təzəcə təşəkkül tapmaqda olan ordumuz qısa müddətdə iki rayonu - keçmiş Şaumyan (kənd) və Ağdərə rayonlarını işğalçı-separatçılardan təmizləmişdi. Təəssüf ki, içimizdə, orduda olan Rusiyaya bağlı satqın qüvvələr o vaxt bu möhtəşəm hərbi zəfəri məntiqi siyasi sonluğa çatdırmağa qoymadı.
Lakin ötən ilin aprelindəki 4 günlük müharibə göstərdi ki, Azərbaycan xalqı, onun şanlı silahlı qüvvələri istənilən an və tezliklə öz torpaqlarını yağıdan təmizləməyə qadirdir - yetər ki, yenə daxildəki Rusiyaya bağlı xainlərə əl-qol açmağa imkan verilməsin.
Məsələ də elə bundadır - Rusiya faktorunda. Qarabağ məsələsində daim ciddiyə almalı olduğumuz Kremldə, Ermənistanın arxasında duran fövqəldövlətdə, nəhayət, önümüzdəki şərikli işğalçıda. Əfsus ki, bu şərikli işğalçı - Moskva əlində böyük rıçaqlar ola-ola hələ ki Qarabağ probleminin dinc və ədalətli həllinə töhfə verməyə həvəsli görünmür.
Bu ay - iyun ayı ərzində daha bir neçə fürsət yaranacaq ki, Rusiya nəhayət, sözdən işə keçsin; gündən-günə böyəyən və əslində özünün də marağında olmayan müharibə ehtimalını azaltmaq üçün nəsə eləsin. Söhbət ən əvvəl iyunun 11-də Astanada MDB sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin planlaşdırılan görüşündən gedir.
İyunun 19-da isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri gözlənilir. Səfər zamanı həmsədrlər çalışacaq ki, Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etsin, savaş riskini azaldacaq hansısa başqa səylərə baş vursunlar.
Qarabağ mövzusunun bu ay Tehranda keçiriləcək İran, Azərbaycan və Rusiya prezidentlərinin üçlü formatda zirvə görüşü çərçivəsində də müzakirəsi istisna edilmir. Bir sözlə, iyun Qarabağ üçün unikal fürsətlər ayı sayıla bilər. Əks halda, müharibə gerçəkdən də qapını kəsdirəcək. İyun ayı isə hərbi kampaniya üçün ən əlverişli aylardan sayılır və Azərbaycan Ordusu bunu artıq bir dəfə sübut edib.
Yeri gəlmişkən, iyun ayında həm də qonşu Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimləri planlaşdırılır (“Qartal” adlanan və xüsusi təyinatlı qüvvələrin qatıldığı bu təlimlər dünəndən etibarən artıq başlayıb və iyunun 14-dək davam edəcək). Ümumiyyətlə, iyunda Dağlıq Qarabağ münaqişəsi ətrafında həm diplomatik, həm də hərbi hərəkətliliyin artacağı gözlənilir.
Lakin hələ ki Qarabağ ixtilaflı ilə bağlı dinc anlaşma imkanları itirilməyib və Azərbaycan da buna ümid edir. Bu isə nə qədər yaxasını kənara çəkməyə çalışsa da, ilk növbədə Rusiyadan, onun iradəsindən, Moskvanın öz marionetini nə dərəcədə ağla gətirəcəyindən asılıdır.
Bu xüsusda sabiq xarici işlər naziri Tofiq Zülfaqarovun şərhi diqqət çəkir. Musavat.com-un məlumatına görə, ötən ilin payızından Azərbaycana qarşı Rusiyanın bu ölkədən səslənən qeyri-dost bəyanatları və Ermənistana silah-sursat verilməsində özünü göstərən pressinqinin hələ də davam etdiyinə diqqət çəkən politoloqa görə, bütün bunlar onu göstərir ki, Rusiyanın hazırkı vasitəçiliyi Azərbaycanın kompromis imkanları üçün “qırmızı xətti” keçib.
Tofiq Zülfüqarov: “Azərbaycan Ermənistanın təhlükəsizliyi və müdafiəsində Rusiyanın iştirakını başa düşür və qəbul edir, həmçinin, Rusiyanın vasitəçilik rolunu anlayışla qarşılayaraq, Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsiz yaşamasının şərtlərini konstruktiv şəkildə müzakirə eləməyə hazırdır. O sırada Bakı beynəlxalq təhlükəsizlik zəmanətlərini qəbul etməyə hazırdır. Ancaq Azərbaycanda heç kim, heç bir siyasi qrup Rusiyanın ermənilər tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ ətrafındakı ərazilərin təminatı və müdafiəsinə yönəlik siyasətini qəbul etməyəcək. Və heç vaxt Dağlıq Qarabağ ətrafındakı ərazilərin Dağlıq Qarabağın müstəqilliyinə, tarixi torpaqlarımızda daha bir erməni dövlətinin yaradılmasına dəyişməyi nəzərdə tutan nizamlama sxemini qəbul etməyəcək”.
Keçmiş diplomat daha sonra bildirir: “Mən əminəm ki, bu siyasətin Rusiya XİN-dəki müəllifləri də çox yaxşı başa düşürlər ki, Azərbaycana münasibətdə belə siyasət nəyə gətirə bilər. Bu nəticənin bəzi elementləri artıq görünür - Azərbaycan ictimaiyyəti daha Rusiyanı uzunmüddətli tərəfdaş və dost qismində görmür. Rusiya tədricən və hiss olunmaz şəkildə Azərbaycandan çıxıb gedir”.
Eks-diplomata görə, əgər Rusiyanın Azərbaycana yönəlik siyasətində ciddi korrektələr baş verməsə, o zaman Kreml Azərbaycanı dost ölkə kimi uzun müddətə itirə bilər. “Və qoy heç kimi Qərbin bölgəyə münasibətdə indiki passivliyi çaşdırmasın. Mən ona da əminəm ki, orada siyasətçilər yuxarıda toxunduğum tendensiyanı yaxşı dərk edir. Onlar yalnızca gözləyirlər ki, nə vaxt ”meyvə" yetişəcək və onların əlinin içinə düşəcək. Qərb Cənubi Qafqazın iqtisadi və siyasi lideri olan bir ölkənin - Azərbaycanın bütünlüklə onun təsiri altına keçməsində maraqlı olacaq. O amacla ki, Azərbaycan Orta Asiyaya Qərb təsirinin yayılması üçün fəal rol oynasın, Bakı Avropanın enerji təchizatında özünün diversifikasiya siyasətini davam etdirsin. Ən başlıcası, Azərbaycan Yaxın Şərqin “təzədən formatlaşdırılması”nda daha aktiv rol oynaya bilər. Bakının Ankara, Tehran, Ər-Riyad, Təl-Əviv və İslamabadla qarşılıqlı münasibətlərin səviyyəsi Qazaxıstan kimi ona imkan yaradır ki, bu paytaxtlar üçün mühüm tərəfdaş olsun", - deyə sabiq XİN başçısı əlavə edib.
Nəhayət, bu ayın son günlərindən biri - iyunun 26-ı həm də Azərbaycan Silahlı Qüvvələri Gününə təsadüf edəcək. Qarabağ ətrafındakı durum, işğalçı Ermənistanın son vaxtlar daha təxribatçı mövqedən çıxış etməsi və davakar ritorika sərgiləməsi fikrimizcə, rəsmi Bakının bu gündə daha bir möhtəşəm hərbi parad keçirməsini zəruri edir. Türkiyə və Gürcüstanla ortaq təlimlərin ardınca bu, Ermənistanın gizli-açıq havadarlarına, son vaxtlar özünü qərəzli aparan və status-kvonun müsbətə dəyişməsi üçün ciddi heç bir təşəbbüs göstərməyən Minsk Qrupunun həmsədrlərinə növbəti bir xəbərdarlıq mesajı olardı.
Yada salaq ki, Azərbaycan son hərbi paradı 2013-cü ildə keçirib. Ondan sonra keçən 4 illik zaman kəsiyində ordumuz xeyli sayda müasir döyüş sistemləri alıb, öz hərbi parkını əhəmiyyətli dərəcədə modernləşdirib, həmçinin Azərbaycan bir sıra silahların, düşmənin “qorxulu röyası” olan kamikadze-dronların istehsalına başlayıb, qoşun növlərinin hamısı keyfiyyətli inkişaf dövründən keçib, yekun olaraq, Ermənistan üzərində öz əzici hərbi üstünlüyünü təmin edib.
Bütün bunların hərbi paradda nümayişi öncəliklə işğalçı Ermənistana soyuq duş effekti yaradar, İrəvanı nəhayət ki, sülh danışıqlarında konstruktiv mövqe tutması üçün son dəfə götür-qoya vadar edərdi. Əks halda, 25 il öncəki hərbi uğurumuzu təkrarlamaq şansını kimsə əlimizdən almayıb.

Şərhlər

XƏBƏR LENTİ