SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Daşnak ideologiyası Ermənistanda rəsmiləşdi - Bakıya seçim qalmadı

Daşnak ideologiyası Ermənistanda rəsmiləşdi - Bakıya seçim qalmadı

Tarix:

22-05-2017, 09:03

/ 63 685 dəfə oxundu.
Daşnak ideologiyası Ermənistanda rəsmiləşdi - Bakıya seçim qalmadı

Havadarlardan İrəvana “İşində ol!” mesajı - qorxulu gəlişmə; Sərkisyan rejimi kövrək sülh şanslarını da sıfırladı - iki səbəb, Azərbaycan üçün tək yol...; ekspertlərə görə, yay yaxınlaşdıqca müharibə də yaxınlaşır...
Mayın 15-də Azərbaycan ordusunun işğal altındakı ərazidə ermənilərə məxsus “OSA” zenit-raket qurğusunu məhv eləməsinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin reaksiyası təəccüblü olmadı. Ancaq əgər buna qədər vasitəçilər “balans” xətrinə Azərbaycanla Ermənistanı eyniləşdirməyə çalışırdılarsa, bu dəfə “doza”nı işğalçı tərəfin xeyrinə bir az da artıq etdilər.
Yəni təcavüzkar yox, təcavüzə məruz qalan Azərbaycan faktiki, qınandı ki, bu da Ermənistanda sevinclə qarşılandı. Halbuki, bu qəbildən bəyanatlarda indiyədək bir dəfə də olsun, Azərbaycanın işğal altındakı ərazilərinin tezliklə azad olunmasının vacibliyi, konfliktin həllinin məhz torpaqların boşaldılmasından keçdiyi vurğulanmayıb. Elə son bəyanat da Laçının işğalının 25 illiyinə təsadüf edirdi, di gəl ki, həmsədrlərin bəyanatında bu haqda bir kəlmə yox idi.
Beləcə, 23 ildir problemin həllində heç bir irəliləyişə nail olmayan vasitəçilər neçənci dəfədir ki, Azərbaycanın öz qanuni ərazisində işğalçı ölkənin hərbi obyektini məhv etməsindən narahatlıq bildirən açıqlama yayır. Bu, elə erməni işğalına haqq qazandırmaq, İrəvana “İşində ol!” mesajı deməkdir. Eyni zamanda indiki status-kvonu dəyişməkdə vasitəçilərin maraqlı və həvəsli olmadığının, əslində isə həm də bunu bacarmadığının göstəricisidir.
Ayrıca olaraq, Rusiyanın məlum hadisə ilə bağlı mövqeyi da satellit Ermənistanın nəfinə işlədi, onu məmnun etdi. Rusiya XİN rəsmisi Mariya Zaxarova sözügedən olayla bağlı verdiyi açıqlamada dolayısıyla ölkəmizi suçladı, Kremlin işğalçıya məxsus hərbi obyekti və bir neçə hərbçisini ordumuzun sıradan çıxarmasından dilxor olduğunu nümayiş etdirdi.
Həmin açıqlama ilə eyni gündə Zaxarovanın ÜAK məsələsində Azərbaycanın narazılığı ilə bağlı rəsmi Bakıya haqsız sərt tənqidlər ünvanlaması, üstəgəl, narkotik üstündə Bakıda həbsdə yatan Rusiya vətəndaşı, erməni əsilli Marat Qalustyanın müdafiəsinə qalxması Moskvanın İrəvana məxsusi “İşində ol!” mesajı demək oldu.

*****
Bütün bunlar bir daha nə həmsədrlik institutunun, nə də ayrıca olaraq Rusiyanın Qarabağ ixtilafını yoluna qoymaq üçün Azərbaycanı qane edəcək addımlar atmaq fikrində olmadığını ortaya qoyur. Yaranmış vəziyyət isə, sözsüz ki, Ermənistanı işğalı davam etdirməyə, havadarlara arxayın olub, daha radikal mövqe tutmağa sövq və əmin-arxayın edir.
Təsadüfi deyil ki, ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan “müharibə partiyası”nın əlinə keçmiş yeni parlamentin ilk iclasında Dağlıq Qarabağ mövzusunda danışarkən cəzasızlığa arxayın olaraq, hər hansı sülh prosesini mümkünsüz edən, Azərbaycanı isə şantaj edən həyasız bir mövqe sərgiləyib. Problemin yalnız “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi əsasında, yəni ya müstəqil olması, ya da Ermənistana birləşməsi halında mümkün olduğunu söyləyib.
“Yeganə doğru yol - ”Dağlıq Qarabağ xalqı"nın (dırnaqlar bizimdir - A.X.) öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizəsidir. Qarabağın öz müqəddəratını təyinetmə hüququnun reallaşmasının və onun “xalqı”nın təhlükəsizlik qarantının başqa alternativi yoxdur. Bu mövqe danışıqlar prosesində də özünü dəqiq şəkildə göstərir", - deyə düşmən ölkənin başçısı iddia edib.

*****
Belə mövqe artıq bəri başdan kövrək danışıqları da pozmaq, öz torpaqlarını azad eləmək üçün Azərbaycanı son varianta - silaha əl atmağa çağırışdır. Çünki işğalçı tərəf sülhə arxa çevirirsə, Azərbaycanın ayrı yolu qalmır. Yeri gəlmişkən, bir sıra təhlilçilər yayın gəlişi ilə müharibə ehtimalının artdığı barədə xəbərdarlıq etməkdədirlər.
Bəs, iqtisadiyyatı böhran keçirən, orduya çağırışçı problemi yaşayan işğalçı ölkə budəfəki savaşdan çıxa bilərmi? Azərbaycan ordusunun sabiq korpus komandiri, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov hesab edir ki, Ermənistan Azərbaycanla açıq döyüşə girə bilməz (Axar.az). Onun sözlərinə görə, Ermənistan ordusu ordu səviyyəsində deyil və silahlı qüvvələrimizlə müharibə aparmaq qabiliyyətindən çox uzaqdır.
“Ermənistan nə texniki-təminat məsələlərində, nə döyüş qabiliyyətində, nə də döyüş təlimlərinin keçirilməsində lazımı vəsaiti tapa bilir. Ona görə də Azərbaycanla açıq, qarşı-qarşıya döyüşlərdə iştirak etmək əvəzinə ön cəbhə xəttində və yaşayış məntəqələrində dinc əhaliyə qarşı müxtəlif təxribatlara yol verir. Bu, ermənilərin həmişəki sifətidir, onların psixologiyası əvvəldən də bundan ibarət olub. Əgər ermənilər təxribatları bu şəkildə davam etdirərlərsə, sözsüz ki, bundan da ağır zərbələr alacaqlar. Ordumuzun iradəsi, dözümlüyü nə qədər möhkəm olsa da, Azərbaycan ermənilərin həyasızlığına göz yuma və yaxud sakit reaksiya verməyə bilməz, odur ki, çox kəskin zərbələr alacaqlar”, - deyə sabiq general qeyd edib.
*****
Rusiyalı tarixçi-alim və politoloq Oleq Kuznetsov isə Sərkisyanın son radikal çıxışını təsadüfi saymır və həmin çıxışı ölkənin yeni - parlament idarəçiliyi dövründə İrəvanın Qarabağ danışıqlarında özünü necə aparacağına dair bir siyasi proqram, anons hesab edir. Musavat.com-un məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” saytına danışarkən deyib.
Ermənistandakı son durumu şərh edən analitikə görə, Sərkisyanın bu cür mövqe dəyişməsi Ermənistan daxilində gedən siyasi proseslərin qanuni nəticəsidir: “Mən konstitusion-hüquqi islahatın başa çatması və prezidentli üsul-idarədən parlamentli üsul-idarəyə keçməyi nəzərdə tuturam. Əgər prezidentli respublikada Serj Sərkisyan dövlətin beynəlxalq miqyasda istənilən hərəkətinə şəxsən məsuliyyət daşıyırdısa, parlamentli idarəçilikdə belə bir məsuliyyət artıq yayğındır və bütün deputatlar arasında bölünüb”
Analitikin fikrincə, mövcud sistemdə Serj Sərkisyanın mənəvi və hüquqi imkanı var ki, kənara çəkilsin: “Heç kim onu əvvəllər əldə edilmiş anlaşmaları pozmada rəsmi şəkildə suçlaya bilməz. Axı indi o formal olaraq belə mövqeyi hazırlayan tək şəxs deyil. Sərkisyan indi artıq cavabdehliyi başqalarının da üzərinə qoymaq üçün imkan əldə edib”.
Rusiyalı tarixçi-alimə görə, bütün bunlar işğalçı Ermənistanın yeni ideologiyasından xəbər verir. “Ancaq mən onun Qarabağ məsələsində mövqeyinin dəyişməsini təkcə konstitusiya islahatları ilə deyil, həm də daşnakların ideologiyasına dövlət statusu verilməsi ilə izah edərdim. İkinci motiv bu. Bu, parlaq şəkildə özünü hələ nasist əlaltısı Qaregin Njdeyə İrəvanın mərkəzində - hökumət binaları komplekslərinin yanında abidə qoyulmasında göstərib. Belə gəlişmələr sübut edir ki, Ermənistan indiki şərtlərdə Azərbaycan ərazilərinin işğal rejimindən imtinaya heç vaxt hazırlaşmayıb və hazırlaşmır. Əgər öncələr yenə hansısa söz oyunu, diplomatik hoqqalar var idisə, indi buna da lüzum qalmayıb və həmişə mövcud olmuş barışmaz mövqe nəhayət ki, çılpaqlığı ilə üzə çıxıb”, - deyə analitik sonda əlavə edib.
*****
İrəvanın Qarabağ məsələsində müharibə amilinin xeyrinə ifrat radikallaşması və tamamilə daşnak siyasətinə köklənməsi isə, təəssüf ki, həmsədrləri narahat etmir. Belə vəziyyətdə, xüsusən də Rusiyanın Azərbaycana qarşı tərəfdaşlığa sığmayan addımları fonunda bizə həddən ziyadə diqqətli olmaq və döyüş qabiliyyətimizi yüksək səviyyədə saxlamaqdan savayı yol qalmır.
Klassik deyimlə ifadə eləsək, “Sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq”. Təbii ki, bundan ötrü bütün yaxın müttəfiqlərimiz - Türkiyə, İsrail, Pakistan, postsovet ölkələri ilə (Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan) əlaqələrimizi daha da dərinləşdirməklə. Söhbət, təbii ki, həm də hərbi və hərbi-texniki əməkdaşlıqdan gedir.

Şərhlər

XƏBƏR LENTİ