SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Yeni Sərkisyan dönəmi və... köhnə Qarabağ “yükü”

Yeni Sərkisyan dönəmi və... köhnə Qarabağ “yükü”

Tarix:

5-03-2018, 15:58

/ 1 644 dəfə oxundu.
Yeni Sərkisyan dönəmi və... köhnə Qarabağ “yükü”

Ötən həftə Rusiyanın satelliti və faktiki, ucqar quberniyası olan Ermənistan özünə formal olaraq növbəti - dördüncü prezidentini seçdi. Əgər buna seçki demək mümkünsə. Yeganə namizəd olan Armen Sərkisyan parlamentdə alternativsiz seçkidə 101 deputatdan 90-nın səsini qazanaraq dövlət başçısı vəzifəsinə təsdiq edildi. Onun andiçmə mərasimi aprelin 9-a, soydaşı Serj Sərkisyanın səlahiyyətlərinin bitdiyi günə nəzərdə tutulur.

Alternativsiz seçki. Bu da sizə “erməni demokratiyası”na aid növbəti parlaq nümunə. Başqa bir ilginc detal isə 65 yaşlı təzə prezident Armen Sərkisyanın Böyük Britaniya vətəndaşı olmasıdır. Ancaq bunların heç biri önəmli deyil, - hər necə olmasa, Ermənistanda hansı rejimin iqtidarda olduğu məlumdur, - önəmlisi yeni prezidentin Qarabağ məsələsində indiki hakimiyyətin kursunu davam etdirəcəyi barədə verdiyi vəddir.

Əslində bu da təəccüblü deyil. Serj Sərkisyan yalnız özü kimi birisini, onun “işini davam etdirəcək” bir şəxsi prezident edə bilərdi və istəyinə çatdı. Hərçənd, parlamentli idarəçilik sistemində əsas söz sahibi təzə prezident - Armen Sərkisyan yox, baş nazir və parlament olacaq...

*****

Beləliklə, şübhə qalmır ki, aprelin 9-da iki Sərkisyan - Armen və baş nazirliyi artıq şübhə doğurmayan Serj Sərkisyanlar ölkəni siyasi-iqtisadi bataqlıqda saxlayan ənənəvi siyasəti, o cümlədən müharibəni qaçılmaz edən destruktiv Qarabağ kursunu birgə davam etdirəcəklər. Bu kursun tərkib hissələrindən biri də sözsüz ki, işğal altındakı ərazilərin qanunsuz şəkildə məskunlaşdırılması və orada qanunsuz tikinti işlərinin aparılmasıdır. Bu da növbəti fakt.

“Erməni saytları az qala, hər gün Dağlıq Qarabağın ətrafını necə məskunlaşdırdıqlarına, Xocalı, Laçın və Kəlbəcərdə infrastruktur formalaşdırdıqlarına dair xəbərlər yayırlar. Sonuncu xəbər bundan ibarətdir ki, Göyçə-Kəlbəcər-Ağdərə yolu boyu bir neçə yerdə ictimai iaşə obyekti tikiləcək. Geniş plan hazırlanıb. Bir sözlə, separatçılar onlara aid olmayan torpaqlarda iş yerləri açırlar”.

Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. O, bu xəbərlərin bir hissəsinin dezinformasiya olduğunu istisna etməsə də, ermənilərin hər şeyin yolunda getdiyini təlqin etməyə çalışdıqlarını bildirib: “Birincisi, erməni separatçılarının işğal altındakı rayonlarda həyata keçirdiyi məskunlaşma və müəssisələr açılması siyasəti qanunsuzdur, beynəlxalq vasitəçilər duruma müdaxilə etməlidir, çünki həll planlarına görə həmin rayonlar əsl sakinlərinə qaytarılmalıdır. İkincisi, erməni separatçıları işğal altındakı torpaqlarda bu siyasəti davam etdirərlərsə, Azərbaycan Ordusu buna qarşı müvafiq tədbirlər görəcək. Üçüncüsü, Ermənistan hakimiyyətinin və erməni lobbisinin işğal altındakı torpaqlarda apardığı məskunlaşma və tikinti işləri müharibə tarixini yaxınlaşdırır”.

Politoloq bu xüsusda bir maraqlı məqamı da qeyd edib: “Türkiyə ordusunun bu gün Suriyaya müdaxiləsinin iki başlıca səbəbi var: birinci səbəb budur ki, terrorçular Türkiyə sərhədindən uzaqlaşsın. İkinci səbəb isə odur ki, Afrin və Menbiç həqiqi sahiblərinə qaytarılsın. Orada indi kürdlər yaşayır, halbuki bu ərazilər döyüşlərdən əvvəl ərəblərə və türkmanlara məxsus idi. Türkiyə bu haqsızlığı ortadan qaldırmaq istəyir. Bu, Azərbaycan üçün də örnək olmalıdır ki, Dağlıq Qarabağda etnik təmizlənmənin nəticəsi olaraq məskunlaşma və infrastruktur çalışmaları ilə barışmayacaq”.

*****

“Ermənilər torpaqlarımızı işğal etməklə kiyafətlənməyib, eyni zamanda, son vaxtlar Dağlıq Qarabağın ərazisində istədikləri kimi sərəncam verir, məskunlaşma siyasəti həyata keçirirlər”. Bu sözləri isə Axar.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O, haqlı olaraq vurğulayıb ki, ermənilərin Azərbaycan torpaqlarında planlaşdırdığı uzunmüddətli strategiyanı məhv etməyin yeganə yolu Qarabağ və ətraf rayonların dərhal işğaldan azad edilməsidir.

“Azərbaycan torpaqlarının azad edilməsi üçün əhalinin hərtərəfli səfərbər olmasına ehtiyac var. Bu problem elitanın məşğul olduğu bir problem deyil. Ermənilərin ərazilərimizdə bu hərəkətliliyi və Dağlıq Qarabağda atılan addımlar uzunmüddətli erməni strategiyasından irəli gəlir. Bu, bizi ciddi şəkildə narahat etməlidir. İşğal olunmuş torpaqlarımızda aparılan məskunlaşma siyasətinin qarşısını almaq üçün erməniləri fakt qarşısında qoymalıyıq. Burada söhbət təkcə ermənilərlə deyil, eyni zamanda onları himayə edənlərlə də savaşdan gedir. Çünki erməni havadarlarının məsələyə müdaxiləsi kifayət qədər ciddi səviyyədədir. Hesab edirəm ki, həm xalqımız, həm də Silahlı Qüvvələrimizi səfərbər edərək, bütün istiqamətlərdə - həm hərbi, həm təbliğati, həm də siyasi - hər an müharibəyə hazır olmalıyıq”, - deyə o əlavə edib.

*****

Azərbaycan söz yox ki, müharibə hazırlıqlarını daim göz önündə tutub və tutacaq. Çünki ayrı yolu yoxdur. Klassik ifadə ilə desək, sülh istəyən müharibəyə hazır olmalıdır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin dişsiz və bivec vasitəçiliyi, işğalçı ölkə ilə işğala məruz qalan ölkəyə eyni gözlə baxmaq siyasəti də sülhə deyil, müharibə şansına işləyir.

Belə görünür, bu amillər toplusu, sülh və müharibə perspektivləri Azərbaycan, Rusiya və Ermənistanda prezident (baş nazir) seçkiləri bitdikdən sonra - aprel-may aylarında özünü daha qabarıq şəkildə büruzə verəcək. Həmin dövr, ardınca yay mövsümü isə hərbi əməliyyatlar üçün ən əlverişli hesab olunur.

Xatırladaq ki, bir sıra hərbi ekspertlər, həmçinin, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru məhz həmin dövrdə hərbi əməliyyatların mümkünlüyü barədə xəbərdarlıqlar ediblər. Təbii ki, o vaxtadək sülh danışıqlarında real irəliləyiş olmasa. Buna inam isə əfsus ki, getdikcə azalır ki, artmır - işğalçı ölkənin təxribatçı və maksimalist mövqeyi hesabına ...

musavat.com

Şərhlər

XƏBƏR LENTİ