SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanda pandemiya ilə mübarizə planlı şəkildə aparılır

Azərbaycanda pandemiya ilə mübarizə planlı şəkildə aparılır

Tarix:

2-06-2021, 14:19

/ 490 dəfə oxundu.
Azərbaycanda pandemiya ilə mübarizə planlı şəkildə aparılır


Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması»” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərlə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsini  insanlığa  dəyər  kimi qiymətləndirmiş, donor təşkilatlarını ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır.
Bu gün COVID-19-un planetimizdə yaratdığı risklər  davam etməkdədir.  Ümumi evimiz olan planetimizdə pandemiyaya qarşı mübarizədə  tətbiq etdiyi «Azərbaycan modeli» ilə nümunə göstərilən ölkəmizdə koronavirusa qarşı mübarizə ilk gündən kompleks plan əsasında həyata keçirildi.  İnsanların gündəlik  həyatlarını, məişətini özünün tələbinə uyğunlaşdıran pandemiya  dövlətlərin iqtisadiyyatına da təsir göstərdi.   Pandemiyadan zərər çəkən ölkələr hələ də sarsıntı içərisində qalmaqla   iqtisadiyyatlarını normallaşdırmaq üçün  yollar axtarırlar.  
2000-ci illərin əvvəllərində  yaranan iqtisadi böhrandan daha az itki ilə çıxan ölkəmizdə  pandemiyaya qarşı mübarizənin ilk günlərindən  dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqət daha da gücləndirildi, səhiyyənin inkişafı naminə nəzərdə tutulan  köklü islahatların həyata keçirilməsi sürətləndirildi.  Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildi. Qısa zamanda  13 modul tipli səhiyyə ocaqları,  «Yeni klinika» kimi möhtəşəm xəstəxana inşa edildi, tibb müəssisələrində  çarpayıların sayı 10 mini ötdü. COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlandı. Respublikamızda  pandemiyadan qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına  başlanıldı.  Yeni yoluxmuş xəstələrin həyatlarını  ilk  mərhələdən etibarən qorumaq üçün hər cür  imkana malik, müasir avadanlıqlarla təmin olunmuş təcili yardım maşınları respublikamıza  gətirildi. Dünyanın ən tanınmış təcrübəli  həkimləri ölkəmizə dəvət edildi.  Görülmüş tədbirlər nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda yeni yoluxmalar və ölüm halları nisbətən az oldu. Dövlət tərəfindən elan olunan karantin rejimlərinin, məhdudiyyətlərin  tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu. Virusun   fəsadlarına qarşı mübarizəni sərtləşdirən  Azərbaycan həkimlərinin səyi, dövlətin dəstəyi ilə  ümumi bəlaya qarşı mübarizə metodlarının tətbiqinə diqqət artırıldı. Azərbaycanın humanizmi siyasəti  nümunə göstərildi.  
 Pandemiya dövründə 30-dan çox ölkəyə  maliyyə və humanitar yardım göstərən, Ümumdünya Səhiyyə Təşkilatına  10 milyon dollar məbləğində könüllü ianə  ayıran  Azərbaycan ÜST tərəfindən digər ölkələrə nümunə kimi təqdim  olunub, bu da ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.
Yeni yoluxma hallarının azaldığı  ölkəmizdə «Azərbaycan Respublikasında  COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun proseslərdə  könüllülərin sayının artması müsbət nəticəsini verir. Respublikamızda əhali arasında, təşkilatlarda kütləvi həyata keçirilən vaksinasiyanın  davam etdirilməsi pandemiyaya qarşı  ən təsirli mübarizə vasitəsidir.
 Ümumdünya Səhiyyə Assambleyasının   74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günlərindən Azərbaycanda həyata keçirilən profilaktik tədbirlərdən, davam edən vaksinasiyanın əhəmiyyətindən bəhs etmişdir. «Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi «Sinovak»”, qalanı isə «AstraZeneca»” və «Sputnik»” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Biz 2021-ci ilin «Səhiyyə işçiləri» ili” elan edilməsini alqışlayırıq» söyləyən Prezident İlham Əliyev  ÜST-ün ötən il Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmasını təşkilatla birgə fəaliyyətin uğuru adlandırmışdır. 
Prezident İlham Əliyev öz çıxışında peyvəndlərin bölünməsində ədalət prinsipinə sadiqliyin bu gün daha vacib olduğunu bir daha diqqətə çatdırmışdır. «Davam edən «peyvənd millətçiliyi»”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür» söyləyən Prezident İlham Əliyev  BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirlməsini  insanlığa  dəyər adlandırmış,  inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ