SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əli Əsədovun Moskva ƏRKANI... - Düzmü buyurdu?..

Əli Əsədovun Moskva ƏRKANI... - Düzmü buyurdu?..

Tarix:

26-05-2021, 10:36

/ 430 dəfə oxundu.
Əli Əsədovun Moskva ƏRKANI... - Düzmü buyurdu?..

Baş nazir Əli Əsədovun mayın 20-si Moskvada olarkən rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə Qarabağ müharibəsində Kremlin tutduğu mövqeni yüksək qiymətləndirməsi cəmiyyətin etirazçı və müxalifət düşərgəsi tərəfindən birmənalı qarşılanmayıb. Ə.Əsədov görüşdə deyib ki, Azərbaycan Prezidenti və hökuməti 44 günlük müharibə zamanı Rusiyanın rolunu yüksək qiymətləndirib.

Amma bu təşəkkür ölkənin bəzi müxalifət qüvvələrində etirazla qarşılanıb. “Yeni Müsavat” xəbər verir ki, inkarçı müxalifət münaqişənin qaynağını Rusiya göstərir və Moskvanın müharibədəki rolunu qiymətləndirməyi yersiz hesab edir. Lakin Rusiya reallığını professional şəkildə qiymətləndirə bilməyənlər proseslərə belə lokal və dar çərçivədə yanaşırlar. Rusiya prezidentinin müharibə vaxtı tutduğu mövqe, Qarabağın Azərbaycan ərazisi olduğunu və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi barədə bəyanatları olub. Sonra isə üçtərəfli sənədə imza atıb ki, bu da birmənalı olaraq Azərbaycanın xeyrinə olan sənəddir. Sonrakı mərhələdə də ermənilərin status iddialarını dəstəkləməyib və hazırda da sənədin icrasında mövqeyini dəyişməyib. Amma müxalifət də onu yada salır ki, Rusiya müharibədə Ermənistanı silahlandırıb, Şuşaya Rusiya istehsallı “İsgəndər” raketi atılıb. O halda Rusiyaya niyə təşəkkür edilməlidir?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, əvvəlcə 30 ilə yaxın müddətdə Rusiyanın tutduğu mövqeni və ardınca 44 günlük müharibədə sərgilədiyi münasibəti, postmüharibə dönəmində də baş verənləri nəzərə almaq lazımdır. X.Bəşirovun fikrincə, Rusiya həmsədr ölkə kimi 44 günlük savaşda konstruktiv yanaşma ortaya qoyub: "Rusiya Cənubi Qafqazda hər zaman fəal iştirak edən, bu regionda maraqları olan aktorlardan biridir. Ona görə supergüc bir dövlətin də öz aspektindən maraqlarını nəzərə almalıyıq. Digər həmsədr Fransa ilə müqayisədə Rusiyanın mövqeyi yerlə-göy qədər fərq edir. Rəsmi Paris isə həm müharibədə, həm sonrakı dövrdə qeyri-konstruktiv mövqe tutub, ermənipərəst yanaşma ortaya qoyub. Müharibənin gedişində isə Paşinyandan Putinə dəfələrlə zəng olsa da, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etmək üçün dəridən-qabıqdan çıxsa da, Moskva bu məsələdə də yenə konstruktiv mövqedə dayandı".

Ekspert hesab edir ki, üçtərəfli bəyanatın imzalanmasında Rusiya rəhbərliyi vasitəçi kimi iştirak etdi, regionda sülhün yaranmasında maraqlı olduğunu ortaya qoydu: “Bizim üçün münaqişə keçmişdə qalıb, Prezident bunu dəfələrlə qeyd edib. Əgər Ermənistanın revanşist çağırışları sözdən əmələ keçsə, ”dəmir yumruq" yenidən işə düşəcək. Eyni zamanda Rusiya münaqişənin arxada qaldığını bəyan edir və kommunikasiyaların açılmasında maraqlıdır. Bu mənada baş nazir Əli Əsədovun həmkarı ilə görüşdə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanla Rusiyanın maraqları uzlaşır. Həmçinin minalanmış ərazilərin xəritələrinin qaytarılmasında Rusiya maraqlı görünür. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Rusiyanın marağındadır. Baltikyanı və Skandinaviya istiqamətdən Avropaya yolu bağlanıb və yeganə yolu Qaradəniz qalır deyə indi Zəngəzur yolu yeni xətdir. Bu baxımdan Əli Əsədovun Rusiyanın mövqeyini yüksək qiymətləndirməsinin əsaslı dəlilləri var. Biz heç də demirik ki, problemlər həllini tapıb, sadəcə, qarşılıqlı şəkildə məsələlər yoluna qoyulacaq".

Siyasi şərhçinin fikrincə, Ə.Əsədovun minnətdarlığını tənqid edənlər diqqət yetirməlidirlər ki, Azərbaycan Prezidentinin Rusiyanı tənqid etdiyi məqamlar da olub: "Dövlət başçısı Rusiyanın Ermənistanı silahlandırmasına görə iradını bildirib, “İsgəndər” raketinə görə izahat istəyib. Bu, Azərbaycanın konstruktiv mövqeyidir. Bizim maraqlara zidd addım atan istənilən hüquqi subyektə, dövlətə tənqidi mövqe ortaya qoymalıyıq, bizə konstruktiv mövqe nümayiş olunanda qarşılıqlı tərəfdaşlıq əsasında birgə addım atırıq".

Şərhlər

XƏBƏR LENTİ