SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistan vətəndaş müharibəsi astanasında - Paşinyan yenidən rəhbər seçilsə...

Ermənistan vətəndaş müharibəsi astanasında - Paşinyan yenidən rəhbər seçilsə...

Tarix:

16-03-2021, 11:33

/ 540 dəfə oxundu.
Ermənistan vətəndaş müharibəsi astanasında - Paşinyan yenidən rəhbər seçilsə...

İrəvan küçələrinə çıxan erməni millətçiləri Rusiyaya arxa çevirdiklərini açıq şəkildə bəyan etməyə başlayıblar. Onlar Kremldən çəkinmədən Qərbə tərəf üz tutmağın vacibliyini vurğulayırlar.

Sərbəst fəaliyyət göstərən amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında erməni nasistlərinin və “Sasna tsrer” terrorçu qruplaşmasının üzvlərinin İrəvan küçələrindəki növbəti yürüşü barədə reportaj hazırlayıb. Virtualaz.org xəbər verir ki, jurnalist yürüş iştirakçıları ilə söhbətləşir. Onlardan biri deyir: “Biz erməni millətçiləriyik. Rusiyaya da qarşıyıq, Amerikaya da...”

Digər millətçi isə daha konkret danışır: “Biz Rusiya faşizminə qarşıyıq, Kreml faşizminə qarşıyıq. Biz Qərbin tərəfdarıyıq...”

Həmin yürüş iştirakçısı Nikol Paşinyan barədə də mövqeyini ifadə edir: “O satqındır!”

Jurnalistin sualına cavab olaraq deyir ki, “Sasna tsrer” liderləri daha yaxşı baş nazir olardı. Onu müşayiət edən digər iştirakçı-yaşlı erməni isə dəqiqləşdirir, “Sasna tsrer” lideri Jirayr Səfilyanı baş nazir kimi gördüklərini deyir.

Bundan əlavə, Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, layihə qanunverici orqanın müdafiə və təhlükəsizlik komissiyasına təqdim olunub.

“2020-ci il sentyabrın 27-də elan olunan hərbi vəziyyət rejiminin ləğvini təklif edirik”, - “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan bildirib. Onun sözlərinə görə, Ermənistandakı de-yure hərbi vəziyyət rejimi ölkədəki şəraitə uyğun deyil və siyasi proseslərə mane olur.

Ermənistan parlamentinin üzvü Artak Zakaryan isə bu ilin may-iyun aylarında seçkilər keçirməyi planlayan baş nazir Nikol Paşinyanın yenidən həmin vəzifəyə seçildiyi təqdirdə vətəndaş müharibəsinin başlayacağını bildirib.

Zakaryan feysbuk vasitəsilə yaydığı məlumatda Ermənistanda vətəndaş müharibəsinin başlayacağını deyib. Onun sözlərinə görə, Paşinyan yenidən baş nazir seçilməməlidir: “Cinayətkarlarla yenidən seçkilərə getmək böhrandan çıxış yolu deyil. Əgər bu baş versə, vətəndaş müharibəsi qaçılmazdır. Sözlərimi yadda saxlayın, əgər yanılsam hamıdan üzr istəyəcəyəm. Seçki öncəsi və sonrası proseslər dava, şiddət, bıçaqlanma, işgəncə və saxtakarlıqlarla müşayiət olunacaq”.

Göründüyü kimi, təcavüzkar ölkə kritik duruma düşüb, dalana dirənib. Bu vəziyyətdən çıxış yolu görünürmü?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Ermənistanın yeni sahib axtarışına çıxdığını qeyd etdi: “Azərbaycan torpaqlarını erməni işğalçılarından azad etdi və elə bir tarixi zəfər qazandı ki, bu, ermənilərə bütün mənalarda yaxşıca dərs oldu. Hazırda yaranmış yeni reallıqda ermənilər hər gün bir qədər daha çox öz acizliklərini və məğlubiyyətlərini dərk edirlər. Bu, eyni zamanda həm də bu vaxta qədər nə əldə ediblərsə Rusiyanın hesabına əldə edilib gerçəkliyinin dərk edilməsi deməkdir. Ona görə də öz məğlubiyyətlərinin səbəbkarı kimi ilk növbədə elə Rusiyanı görürlər. Bu isə onları yeni sahib axtarışına sövq edir. Nəticədə Qərb onlara cazibədar gəlir. Ancaq bir şeyi unudurlar ki, Qərbdə heç də onların yolunu gözləmirlər. Ermənistan diktaturanın, faşizmin, antisemitizmin, etnik-dini dözümsüzlüyün hökm sürdüyü qapalı bir ölkədir. Bu isə onların Qərbə inteqrasiyasını mümkün etmir. Sadəcə, islamafobiya və türkofobiya bəzi qərbli mərkəzlərlə Ermənistanın ortaq təmas nöqtələridir. Lakin ermənilər Qərbi arzu edərkən yaşadıqları regionda geostrateji, mövcud olan reallıqları unudurlar. Hər şeydən öncə isə mövcud olduqlarına, dövlət qura bildiklərinə görə borclu olduqları Rusiyanı və onun geosiyasi ambisiyalarını ”xatırlamırlar". Ermənistan müstəqil dövlət deyil və orada kimin nə istəməsi əsla heç nəyi həll etmir. Rusiya-Ermənistan münasibətlərinin maksimum həddə gərgin olması isə digər region dövlətləri ilə Rusiya arasında yaxşı perspektivlər yarada bilər ki, bu da tarixi ədalətin bərpası və Rusiyanın Qafqazdakı nüfuzu üçün yaxşı tendensiya ola bilər".

Politoloq Əhəd Məmmədli Azərbaycanın mövcud durumdan yararlanmasının vacibliyindən söz açdı: “Ermənistanda qərbyönümlü qüvvələr güclüdür. Düşmən ölkədə Soros inqilab etdi. Sorosun inqilabının bədəlini erməni xalqı hələ də ödəyib qurtara bilmir. Orada qərbyönümlü qüvvə iqtidardadır. Sadəcə, müharibədə məğlubiyyət Paşinyanı məcburən rusyönümlü etdi. Amma yenə də onun bəzi açıqlamaları əksini deyir. Məsələn, ”İsgəndər"lərlə bağlı dedikləri onun antirus meyilli olduğunu göstərir. Müxalifətə gəldikdə isə düşmən ölkədə qərbyönümlü qüvvələr ilk gündən 10 noyabr razılaşmasının əleyhinə çıxırlar. Və bu qüvvələrin Ermənistanda güclü olması və hakimiyyətə gəlməsi bizim maraqlara uyğundur. Ermənistanda nə qədər antirus meylləri güclü olacaqsa, bu, o qədər Azərbaycanın xeyrinədir. Azərbaycan düşmən ölkədəki bu qarşıdurmadan maksimum yararlanıb, Qarabağ problemini birdəfəlik həll etməlidir".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “Bunu Ermənistanın ikili vəziyyəti ilə izah edirəm. Bir tərəfdən dövlət rəhbərliyi, cəmiyyət Rusiyadan narazıdır. Rusiya onların ümidlərini doğrultmadı. Növbəti dəfə onları aldatdı. Ötən əsrin əvvəllərində də belə oldu. Rusların əlində alət olub, Osmanlıya qarşı çıxdılar. Sonradan bunun bədəlini ödədilər. İkinci dəfə indi bu durumla üzləşiblər. Düşünürdülər ki, Rusiyanın köməkliyi ilə Qarabağ məsələsini xeyirlərinə həll edəcəklər, işğallarını davam etdirəcəklər. Amma II Qarabağ savaşında bu dəstəyi görmədilər, nəticədə cəmiyyətdə Kremlə qarşı bir ümidsizlik yarandı. Başqa tərəfdən də ümid yerləri tükənib. Deyə bilərlər ki, Rusiya yanımızda olmadı, Qərbə üz tutaq. Amma burada da dəstək alacaqlarına ümid etmirlər. Lakin Nikol Paşinyan qərbmeylli siyasətindən əl çəkmir. Bir növ cəmiyyətdə ikitirəlik hökm sürür. Rusiyaya dəstək mitinqləri də keçirilir, etiraz da edilir. Rus səfirliyinin qarşısında baş verən aksiya, eləcə də rus hərbi bazasında olan qarşıdurma buna misaldır. Son aylarda belə proseslər gedir. Ona görə qəti şəkildə demək mümkün deyil ki, erməni cəmiyyəti xəttini müəyyənləşdirib. Hələ ki iki qütb arasında çırpınırlar”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ