SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Tarix:

4-03-2021, 10:26

/ 985 dəfə oxundu.
Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar etdi. Yuxarı Qarabağ və işğal edilmiş ətraf rayonlarımızın tarixi-mədəni dəyəri, füsünkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Həmin ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. İşğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdur.
Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq,münaqişəni həll etmiş ölkə kimi Azərbaycan bu qələbəni iqtisadi faydalara çevirməyi bacaracaq. Azərbaycanın işğaldan azad edilmiş torpaqların bərpası üzrə kifayət qədər təcrübəsi var. Belə ki, 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – "Böyük qayıdışın başlanğıc" nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib.
Füzuli rayonunda beynəlxalq hava limanının inşası, yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilən ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Bu, xüsusən də Yuxarı Qarabağ və işğaldan azad edilən digər rayon və şəhərlərə xarici turistlərin gəlməsi baxımından əlverişlidir. Həmçinin, Füzulidə hava limanının inşa edilməsi imkan verəcək ki, turistlər daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getsinlər. Füzuli rayonu həm də Yuxarı Qarabağa gedən nəqliyyat qovşaqları üzərindədir. Nəticə etibarı ilə hava limanı həm də Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək dəhlizin daha səmərəli istifadəsinə imkan verəcək.
Prezident İlham Əliyev 26 fevralda yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır.
İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı geniş olub, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edir. İşğaldan azad edilmiş torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Burada qarğıdalı, noxud və üzüm regionun xarekterik bitkilərindəndir. Xatırladaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambıq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayonlar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizin təbii imkanları, kənd təsərrüfatı potensialı bölgədə iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yarada bilər.Buna əsasən Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib.
Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir.
Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kub metr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir.
Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır. Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşən “Xudafərin” Su Elektrik Stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdır. Hal-hazırda isə “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanmışdır, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.
Kəlbəcər-Laçın zonasında güclü küləklər olduğuna görə külək enerjisi stansiyalarının qurulması üçün yaxşı imkanlar mövcuddur. Zəngilan-Cəbrayıl zonasında isə günəş şüalarının il ərzində miqdarı çox böyük olduğuna görə günəş stansiyalarının qurulması üçün uyğun şərait mövcuddur.
İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızin işlə təminatına müsbət təsir göstərəcək. İqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq.

Aysel Mənsimova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ