SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Füzuli şəhərinin işğaldan azad olunması strateji əhəmiyyət kəsb edir

Füzuli şəhərinin işğaldan azad olunması strateji əhəmiyyət kəsb edir

Tarix:

21-10-2021, 16:02

/ 499 dəfə oxundu.
Füzuli şəhərinin işğaldan azad olunması strateji əhəmiyyət kəsb edir


44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tarixinin ən şanlı səhifələrini yazaraq tarixi yurd yerlərimizi düşmən işğalından azad etdi. Vətən müharibəsində qazandığımız Qələbə tarixi ədaləti bərpa etdi və 30 ilə yaxın kağız üzərində qalmış BMT qətnamələrinin yerinə yetirilməsini təmin etdi.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ümumilli Lider Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Rayonun azad olunması istiqamətində həyata keçirilən ən uğurlu əməliyyat isə cənab Prezident İlham Əliyevin əmri ilə erməni təxribatlarına qarşı başladılan İkinci Qarabağ müharibəsi zamanı aparılan Füzuli əməliyyatı idi. 17 oktyabr 2020-ci il tarixində rəşadətli ordumuz Füzuli şəhərini, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etmişdir.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi ərəfəsində aparılmış ən ağır döyüşlərdən biri kimi yadda qaldı. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. 
Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın füzulilərlə birlikdə olması bir daha bu ərazilərə və dövlətin vətəndaşına olan diqqətin göstəricisidir.
Hazırda Füzuli rayonun və ilk növbədə Füzuli şəhərinin bərpası və sürətli inkişaf prosesləri davam etməkdədir. Dövlət başcısının qısa müddət ərzində bu rayona 4 dəfə səfər etməsi, bərpa-quruculuk işləri ilə yerindəcə tanış olması, təməlqoyma mərasimində iştirak etməsi, zəruri tapşırıq və tövsiyələrini verməsi aparılan işlərin daha intensiv təşkilinə təkan vermişdir. 
Füzuli rayonunda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. 

Aysel Mənsimova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ