SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Parlament işinə 7 deputat əsksiklə davam edir... - "Müqəddəs yerlər" bu dəfə boş qalıb...

Parlament işinə 7 deputat əsksiklə davam edir... - "Müqəddəs yerlər" bu dəfə boş qalıb...

Tarix:

9-10-2019, 09:48

/ 929 dəfə oxundu.
Parlament işinə 7 deputat əsksiklə davam edir... - "Müqəddəs yerlər" bu dəfə boş qalıb...

Ötən həftə Rafael Cəbrayılovun deputat mandatına xitam verildikdən sonra deputatsız qalan seçki dairələrinin sayı 7-yə çatıb, Milli Məclisin deputatlarının sayı isə 118-ə enib.

Məlumat üçün bildirək ki, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra 4 deputat prezidentin sərəncamı ilə hökumətdə yüksək vəzifələrə təyin edilib. Belə ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, 2018-ci ildə deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Beləliklə, hazırda deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar, 9 saylı Binəqədi Seçki Dairəsi.

125 seçki dairəsindən 7-sinin deputatsız olması həmin dairələrdə deputat seçkisinin keçirilməsi zərurətini yaradırmı və seçki keçirilə bilərmi?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, qanunun tələbinə görə deputatsız qalan dairələrdə seçkilər çoxdan keçirilməli idi: “Əvvəla, qanunun tələbi yerinə yetirilməlidir, ikincisi mən hesab edirəm ki, Azərbaycanda mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir. Ona görə də 7 dairə üzrə seçkilər keçirmək əvəzinə, parlamenti buraxıb yeni seçkilər keçirilməsi daha məntiqlidir. Milli Məclisin yenidən formalaşmasına ehtiyac var. İstər dünyada, istər regionumuzda, istərsə də elə ölkəmizdə baş verən siyasi prosesləri analiz etsək görərik ki, indiki parlament buraxılmalı və daha yeni, bu günün ictimai-siyasi, iqtisadi çağırışlarına cavab verən təzə parlament formalaşdırılmalıdır. Bizim hazırkı parlament bir çox deputatların səsləndirdikləri məsuliyyətsiz və sərsəm fikirlərə, bəyanatlara görə xalq arasında da etimadını çoxdan tükədib. Hazırkı parlamentdə, demək olar ki, müxalifət təmsil olunmur, siyasi polemikalar getmir, fikir mübadilələri aparılmır. Hamısı onlara tapşırılan “lehinə” və ya “əleyhinə” düymələrini basmaqla məşğuldur. Hakimiyyət nəinki növbədənkənar parlament seçkiləri keçirməlidir, bunu daha şəffaf, daha demokratik və daha ədalətli şəraitdə etməlidir. İslahatlara başlamanın ən gözəl yollarından biri parlamentin demokratikləşdirilməsidir. Lakin 7 dairədə seçki keçiriləcəyinə inamım yoxdur. Birincisi, ölkədə parlament seçkiləri vaxtında keçiriləcəksə, seçkiyə cəmi bir il qalıb və hakimiyyət bunu nəzərə alıb 7 dairədə seçki keçirməyəcək. İkincisi, Azərbaycan praktikasında şahidi olmuşuq ki, əvvəlki çağırış Milli Məclisin zamanında da bir sıra dairələr hətta tam 5 il belə boş qalıb, yəni o dairələrə seçkilər keçirilməyib. Bu baxımdan indi seçkiyə bir il qaldığı vaxtda 7 dairə üzrə təkrar seçkilərin olacağını düşünmürəm".

MSK katibi Mikayıl Rəhimov isə bildirdi ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı prezident sərəncamı verildikdən sonra bəlli olur.

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbədənkənar seçki olmayacağı halda növbəti parlament seçkilərinə bir il bir ay müddət qalıb.

Şərhlər

XƏBƏR LENTİ