SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » ABŞ-Rusiya gərginliyi Qarabağa nə vəd edir - növbəti şans

ABŞ-Rusiya gərginliyi Qarabağa nə vəd edir - növbəti şans

Tarix:

16-08-2018, 09:22

/ 1 165 dəfə oxundu.
ABŞ-Rusiya gərginliyi Qarabağa nə vəd edir - növbəti şans

Rusiya ilə ABŞ arasında gərginlik gündən-günə artır. Dünyanın iki nəhəng ölkəsinin və nüvə dövlətinin arasında yaşanan “soyuq müharibə”nin ağır fəsadlar verə biləcəyi barədə çoxsaylı fikirlər səslənir. Bu gərginliyin Azərbaycan üçün nə vəd etməsi isə bir ayrı mövzudur.

Söhbət ondan gedir ki, adıçəkilən dövlətlər Qarabağ məsələsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bu mənada onlar arasında yaşananların Ermənistanın işğalı altında olan torpaqlarımızın taleyi üçün nələr vəd etməsi günümüzün aktual suallarındandır.

Düzdür, bir çox hallarda müşahidə etmişik ki, Vaşinqton və Moskva arasında çoxsaylı fikir ayrılıqları olsa da, Qarabağ məsələsində bu iki paytaxtın baxışları üst-üstə düşüb. Bəzən danışıqlarda rotasiya qaydası ilə təşəbbüslər əldən-ələ keçsə də, son nəticədə hər hansı bir irəliləyiş əldə olunmayıb. Üstəlik, nə ABŞ, nə də Rusiya, həmçinin üçüncü həmsədr ölkə Fransa Ermənistanı işğalçı dövlət olaraq tanımayıb. Hansı ki, dünya təcrübəsində işğala görə sanksiyaların tətbiqini az müşahidə etməmişik, həmçinin Rusiyaya qarşı Krımın işğalına cavab olaraq sərt sanksiyaların davamı gəlməkdədir.

Ümumiləşdirdikdə ABŞ və Rusiya nə dost, nə də “düşmən” olanda bunun Qarabağ məsələsinin həllinə hər hansı təsirini görməmişik. Hətta bir sıra hallarda paytaxtlardan birinin təşəbbüsü ələ alması digərində qıcıq yaradıb və anormal hadisələr baş verib.

İndiki durumda ABŞ-ın sərt sanksiyalarına məruz qalan Rusiyanın qardaş Türkiyə ilə daha da yaxınlaşması ümidləri artırır. Qeyd edək ki, yaxın tarixdəki təyyarə olayı zamanı Ankara və Moskvanın arasının vurulması üçün Qərb paytaxtları çox canfəşanlıq etdilər. Lakin sonrakı dönəmdə bölgənin iki nəhəng qonşusu aradakı gərginlikləri bir kənara ataraq əlaqələrini bərpa etdi, hətta bu təmaslardakı müzakirə mövzularından biri də Dağlıq Qarabağ məsələsi olurdu.

Avqustun 14-də bir araya gələn Rusiya və Türkiyə xarici işlər nazirləri bir daha Qarabağ məsələsindən bəhs ediblər. “Türkiyə və Rusiyanın XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər”.

Musavat.com-un “Report”a istinadən məlumatına görə, bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib. “Bir çox - Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanması ilə bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik”, - S.Lavrov deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin ölkəsinə qarşı sanksiyalara qoşulmamasını da alqışlayıb.

Bu açıqlamalar ümidvericidir. Qarabağ məsələsinin həllini özünün prioritetləri sırasına daxil edən Türkiyənin Rusiya ilə münasibətlərində Azərbaycanın ərazi bütövlüyü məsələsini önə çəkməsi təbii ki, faydamızadır. Digər tərəfdən, ABŞ-la münasibətləri gərginləşən Rusiyanın özünün də Azərbaycan faktorunu nəzərə aldığını söyləmək olar. Hətta bu ilin mayında prezident Putin Azərbaycan dövlət başçısına göndərdiyi təbrik məktubunda ölkəmizin mühüm rolundan bəhs edərək bunu yüksək qiymətləndirmişdi. Fakt budur ki, Azərbaycan heç bir mənada Ermənistan deyil. Ölkəmizin enerji resursları, bölgədəki rolu, nəqliyyat dəhlizi rolunu oynaması və s. amillər onu önə çıxarıb. Ermənistan isə bu gün gah sağa, gah sola doğru vurnuxmaqdadır. Təsadüfi deyil ki, Rusiyanın sərt üzünü görən Nikol Paşinyan indi də ABŞ konqresmenlərinin dəstəyi ilə D.Trampla görüşməyə can atır. Ancaq eyni zamanda Paşinyanın İrana səfərinin nəzərdə tutulduğu barədə xəbər yayılır. Deməli, Ermənistan ABŞ lideri ilə görüşməklə Rusiyanı, İrana səfər niyyəti ilə ABŞ-ı qəzəbləndirir ki, bu da normal siyasət sayıla bilməz. Ancaq görünür, yeni hökuməti başa salanlar tapılıb və açıqlamadan bir neçə saat sonra İrəvan öz mövqeyinə düzəliş etməli oldu.

“Ermənistan İranın ən vacib tərəfdaşlarından biridir və rəsmi İrəvan bu ölkə ətrafında gedən prosesləri diqqətlə izləyir”.Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə bağlı suala cavab verərkən deyib. Nağdalyan yaxın günlərdə Baş nazir Nikol Paşinyanın İrana səfər edəcəyi ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib. O, Paşinyanın proqramında İran səfərinin olmadığını bildirib və bir müddət əvvəl Ermənistan XİN və İranın İrəvandakı səfirliyinin bununla bağlı yaydığı məlumatı təkzib edib.

Qeyd edək ki, ABŞ tərəfi sanksiyaların İranla əməkdaşlıq edən dövlətlərə də şamil ediləcəyini açıqlayıb. Yaxın günlərdə İrana səfər etmək istəyi barədə məlumat yayılmış Nikol Paşinyan sentyabrda ABŞ prezidenti Donald Trampla görüşmək niyyətindədir. ABŞ tərəfi əvvəl buna nəzəri olaraq razılıq versə də, Ermənistan baş nazirinin İran səfəri barədə məlumat yayıldıqdan sonra ABŞ-ın İrəvandakı səfiri Riçard Mills açıqlama verərək, Trampın Paşinyanla görüşmək istədiyini, amma buna vaxtının olmadığını bildirmişdi.

Belə bir durumda Azərbaycan uğurlu balans siyasətini davam etdirir. Azərbaycan rəhbərliyi ABŞ prezidenti ilə görüşə can atmır, amma Ağ Ev rəhbəri Azərbaycan neftinin Avropaya çıxışını təmin edəcək TAP layihəsinə dəstək verir. Eyni zamanda Moskva Ermənistanın öz prinsiplərinə xilaf çıxmasına, NATO təlimlərinə qatılmasına sərt təpki göstərdiyi halda, Bakının mövqeyinə normal yanaşır. Bütün bunların fonunda Azərbaycanın maraqlarının təmin olunması istiqamətində addımların atılmasını müşahidə edirik. Məsələn, avqustun 12-də Aktauda imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” son razılaşma erməniləri kifayət qədər həyəcanlandırdı.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, fürsəti dəyərləndirmək lazımdır: “Ümumiyyətlə, son illərdə dünya siyasətində elə gəlişmələr olur ki, onların konkret olaraq bir məsələyə baxışlarını təyin etmək və dövlətlərin konkret bir məsələdə siyasətlərini proqnozlaşdırmaq çətindir. Dünyanın əsas söz sahiblərindən olan ABŞ-ın başına gətirilmiş Trampın sabah hansı siyasət yürüdəcəyi məlum deyil. Rusiyanın hədəf seçilməsi də bir qədər müəmmalı suallar ortaya çıxara bilər. Bizi maraqlandıran bu iki dövlətin arasında olan ”soyuq savaşın" bizim taleyüklü məsələmizə nə dərəcədə təsir etməsidir. Şübhəsiz, Qarabağ məsələsində bu iki ölkə arasında fikir ayrılıqları var. Amma onların özlərinin arasının yaxşı olmaması bu fikirayrılıqlarını daha da dərinləşdirəcək. Əslində uzun illər boyu da onların öz aralarında anlaşmaları səbəbindən problem bu səviyyəyə gəlib çatıb və həll olunması müşkülə düşüb. Biz bunların nə fikirləşməsinə baxmamalıyıq. Qarabağı Azərbaycana qaytara biləcək istənilən proyekti dəyərləndirməliyik".

Q.Çaxmaqlı əlavə etdi ki, bu gün Türkiyə ilə Rusiyanın arası yaxşıdırsa, ondan faydalanmaq lazımdır: “Demirikmi ki, bu gün Qarabağın açarı Rusiyanın əlindədir? Sabah ola bilsin durum dəyişsin. İranla bağlı ciddi gəlişmələr ola bilər və bölgənin nizamı pozula bilər. Bunlar olmamış dəqiq proqnozlaşdırma aparılmalıdır. Hansı mərhələdə nə edəcəyimizi hansı addımları atacağımızı bilməliyik. İranda onsuz da vəziyyət gərginləşəcək. Daha bu ölkə əvvəlki kimi ermənilərə dayaq olmayacağı bəllidir. Nədən İranla işləmirik? Və yaxud İranla bağlı siyasətimizi elə qura bilərik ki, onun rəqibləri - konkret halda ABŞ öz siyasətini dizayn edə bilər. Bu məsələnin həllinin ABŞ-sız mümkün olmadığını göz önünə alaraq, elə ABŞ-ın özü ilə də ciddi çalışmalarımız ola bilər. Siyasət çevik hərəkəti sevir. Dünya siyasətinin hər an dəyişdiyi indiki zamanda Qarabağı özümüzün etmək fürsəti yarana bilər. O anı dəyərləndirmək bizim, sadəcə olaraq, borcumuzdur”.

Xəzərin statusu ilə bağlı mühüm anlaşmanın ABŞ-Rusiya və ABŞ-İran qarşıdurmasının pik həddə qalxdığı dövrdə əldə olunduğunu da unutmaq olmaz. Dənizin hüquqi statusuna dair konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlərə səbəb olacaq. Virtualaz.org xəbər verir ki, bu barədə “Krasnodarskie izvestie” portalının şərhçisi Konstantin İzotyevin məqaləsində deyilir. Müəllifə görə, mütəxəssislər bu sənəddən bütün sahilyanı ölkələrin udduğunu deyirlər. “Amma hamıdan çox udan Azərbaycan oldu” - o bildirir. “Ermənistanın baş naziri Nikol Paşinyan növbəti mitinqdə özünün hakimiyyətə gəlişinin 100 günlüyünü qeyd etməyə hazırlaşır və yolüstü özünün siyasi opponentləri ilə haqq-hesab çürüdür, belə bir vaxtda regionda mühüm geosiyasi qərarlar Ermənistanın iştirakı olmadan qəbul edilir. Əgər belə davam etsə, Dağlıq Qarabağın da taleyinin İrəvansız həll ediləcəyi saat gəlib çatacaq” - məqalədə deyilir.

Hər halda, Ermənistan üçün “əcəl zəngi” çalınır. Azərbaycan rəhbərliyi bundan əvvəl Nikol Paşinyan hökumətini sələflərinin səhvlərini təkrar etməməyə çağırmışdı. Göründüyü kimi, artıq Bakının uğurları ölkə xaricində etiraf olunmaqdadır. “Dənizdən-dənizə Ermənistan” xülyasında olanlar sərsəm xəyallarından əl çəkməsələr, onları fəlakətli perspektivlər gözləyəcək, artıq bu, şübhə doğurmur...

Şərhlər

XƏBƏR LENTİ