XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » NATO-ya alternativ - “Avropa NATO-su”: - Azərbaycan nə etməli?

NATO-ya alternativ - “Avropa NATO-su”: - Azərbaycan nə etməli?

NATO-ya alternativ - “Avropa NATO-su”: - Azərbaycan nə etməli?
28-11-2017, 09:44

Avropa İttifaqı ölkələrinin yarıdan çoxunun yaxın zamanlarda “Avropa müdafiə paktı”nı - Avropada daimi strukturlaşdırılmış əməkdaşlıq haqqında sazişi (PESCO) imzalayacaqları ilə bağlı gedən söz-söhbətlər səngimək bilmir. İmza atmağı planlayan ölkələrin rəsmi olaraq bu ilin dekabrında keçiriləcək Avropa Birliyi zirvəsində elan ediləcəyi gözlənilir.

PESCO tərəfdarları layihənin NATO-ya alternativ deyil, daha çox tamamlayıcı rol oynadığını qeyd etsələr də, əksər ekspertlər Avropa NATO-sunun yaradılacağını proqnozlaşdırırlar. Yeni yaradılacaq qurumun isə birbaşa Amerikanın maraqlarına zərbə olacağı deyilir.

İndiyədək NATO kimi güclü bir qurumu nəzarətində saxlamağı bacaran Ağ Evin getdikcə bu imkanlardan mərhum olduğu açıq şəkildə görünür. Başqa sözlə, Amerikasız yeni NATO-nun formalaşmaq üzrə olduğu qeyd olunur.

Bəs Azərbaycan mövcud situasiyada necə davranmalıdIr? Bununla bağlı müxtəlif fikirlər var. “Avropa NATO-su” yaradılarsa, rəsmi Bakının qoşulub-qoşulmamasının verə biləcəyi nəticələrlə bağlı fikirlər də birmənalı deyil.

İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, burada ən çox söhbət “soyuq müharibə”nin qalibi olan NATO-dan gedir: “Qalibiyyət NATO-nun qlobal miqyasda hökmranlığını getdikcə gücləndirdi. SSRİ-nin süqutundan sonra isə bu qurum sıralarını genişləndirdi. ABŞ-ın NATO üzərindən yürütdüyü siyasət dünyanın müxtəlif qitələrində hər zaman dartışılır. Xərclərinin böyük hissəsini qarşılayan ABŞ NATO-da hərbi qərarlarda da dominantlığını qoruyub saxlayır. Əfqanıstan, İraq kimi yerlərdə verilən qərarların Ağ Ev tərəfindən verildiyi heç kəsdə şübhə doğurmur. Sonuncu Brüssel sammitinin NATO kölgəsi altında keçdiyini düşünürəm. Bu fikirlərimin bir sıra əsasları var. Avropa İttifaqı ölkələrinin Brüssel sammitində NATO baş katibinin o ölkələrin rəhbər şəxslərini qəbul etməsi, ondan sonra da Atlantik Şuranın iclası yaddaqalan oldu. Məhz bu səbəbdən sammitin NATO kölgəsi altında keçdiyini deyirəm. Digər tərəfdən, Avropanın Birləşmiş Ştatlar modelində güclü bir hərbi-siyasi təşkilat formalaşdırmaq ideyaları çoxdan var. Siyasi NATO nəzəriyyələrinin, sadəcə, bir təşəbbüs olaraq ortalıqda qaldığı da məlumdur. Açığı, NATO-nun ayağı Avropada nə qədər möhkəmləndirilsə də, onun Amerikadan kənarda qalması qeyri-mümkündür. Amerikasız NATO real deyil. NATO elə ABŞ deməkdir”.

Deputat rəsmi Bakının mövqeyinə də aydınlıq gətirdi: “Azərbaycanın bugünkü vəziyyətdə nə edə biləcəyi ilə bağlı deyə bilərəm ki, 90-cı illərdəki strategiyamız artıq xeyli dəyişib. Əvvəlki illərdə daha çox proqramlara qoşulurduqsa, amma indi belə deyil. Rusiyanın regionda güclənməsi fonunda, eləcə də Amerikanın Barak Obama dövründə İranla münasibətləri yumşaltmaq xətti götürməsi bizim xarici siyasətdə müəyyən qədər korrektələr etməyimizə səbəb oldu. İndi Azərbaycan NATO ilə münasibətlərini yüksək səviyyədə qoruyub saxlamasına rəğmən, bu quruma üzvlük üçün can atdığını qətiyyən bəyan etmir. Düşünürəm ki, bu çox doğru yanaşmadır. Çünki regional dövlətlərin xarakteri bizə onu deyib ki, hər bir halda toqquşma meydanına dönməməlisən. Azərbaycan son dərəcə ehtiyatlı, dəqiq hesablanmış xarici siyasət aparır. Bu siyasət iradəmizdən kənar hansısa bloklara qoşularaq, onun nəticəsində digər dövlətlərin əleyhimizə təxribatlarına səbəb olmasın kimi bir fəlsəfəyə dayanır”.

musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.