SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Türkiyədən hərbi məhsullar alırıq və alacağıq" - Prezident İlham Əliyev

"Türkiyədən hərbi məhsullar alırıq və alacağıq" - Prezident İlham Əliyev

Tarix:

31-10-2017, 16:11

/ 60 367 dəfə oxundu.
"Türkiyədən hərbi məhsullar alırıq və alacağıq" - Prezident İlham Əliyev

"Azərbaycanla Türkiyə arasında imzalanan imtiyazlı ticarət anlaşması böyük əhəmiyyət daşıyır. Bu, ticarət dövriyyəsinin artmasına imkan verəcək".
Bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib.
Ölkə başçısı deyib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 mlrd. dollar, Türkiyə isə Azərbaycana 11 mlrd. dollar sərmayə qoyub: "Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır".
Prezident vurğulayıb ki, bugünkü toplantıda enerji nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edilib. "Bütün qarşımıza qoyulan məsələlər öz həllini tapdı. Biz qarşıya qoyulan hədəflərimizə doğru irəliləyirik. TANAP-ın icrası ilə bağlı problem yoxdur. Yaxın vaxtlarda bu layihənin icrası başa çatacaq. Ötən gün Bakı-Tbilisi-Qars layihəsi istismara verildi. Bu tarixi hadisəni qeyd etdik. Bu bizim böyük uğurumuz və qələbəmizdir. Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün layihələr icra edilir".

***

"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir".
Bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb.
"Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq", - deyə prezident vurğulayıb.

***

“Türkiyə prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Mən Rəcəb Tayyib Ərdoğanın diqqətinə danışıqlarla bağlı son vəziyyəti çatdırdım”.
Bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və 7 rayon işğal altındadır, bir milyon azərbaycanlı öz torpağında köçkün vəziyyətindədir. BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilib. Qətnamələrə əsasən erməni silahlı qüvvələri dərhal və qeyd şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalıdır. Lakin bu qətnamələr kağızda qalır. Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır”, - deyə o vurğulayıb.
İ. Əliyev qeyd edib ki, bu, Azərbaycana qarşı göstərilən ikili standart siyasətidir: “Bəzən BMT TŞ-nin qətnamələri bir neçə günə icra edilir. Bizə gəldikdə, 20 ildən çoxdur qətnamələr icra olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç zaman imkan verməz ki, onun torpaqlarında ikinci erməni dövləti yaransın. Bu məsələdə dəstəyə görə türkiyəli həmkarıma minnətdarlığımı bildirmişəm. Türkiyə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycan haqq işini dəstəkləyir”.

***

“İki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur”.

Bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, iki ölkə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir: “Müzakirə olunan məsələlərlə bağlı aramızda fikir birliyi var. Bütün müzakirə olan məsələlər həyatda öz həllini tapır. Siyasi əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər olur. Mən bu il iki dəfə Türkiyədə səfərdə olmuşam. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Beynəlxalq təşkilatlar çərçivəsində də bir-birimizi dəstəkləyirik. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır”.
Prezident qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bölgə üçün böyük amildir və sabitləşdirici rol oynayır. Onun sözlərinə görə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyada böyük gücə çevrilib, dostlar buna sevinir: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi olacaq”.

Şərhlər

XƏBƏR LENTİ