XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Düşmən Qarabağ savaşını virtual müstəviyə çəkir - iki səbəb

Düşmən Qarabağ savaşını virtual müstəviyə çəkir - iki səbəb

Düşmən Qarabağ savaşını virtual müstəviyə çəkir - iki səbəb
1-08-2017, 09:22

“Son zamanlar Ermənistan ordusunda artmaqda olan ölüm halları və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq üçün düşmən planlaşdırılmış təxribatlar həyata keçirir”. Bu sitat Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin ötən şənbə yaydığı açıqlamadandır.

Məlumatda daha sonra deyilir ki, belə təxribatlardan biri Ermənistanın sosial şəbəkələrdə azərbaycanlıların adı ilə saxta profillər yaradıb, bununla da vaxtaşırı Azərbaycan ordusunda guya müxtəlif neqativ hadisələrin baş verdiyini iddia edən yalan məlumatlar yaymaqdır. “Aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Ordusu barədə yalan, iftira, təxribat məqsədli xəbər yayan ”Tofiq İbrahimov" adlı facebook profili Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılaraq idarə edilir. Həmin profildə paylaşılan bütün hadisələr uydurmadır, ad və soyadları çəkilən şəxslərin də Azərbaycan Silahlı Qüvvələrinə heç bir aidiyyəti yoxdur", - deyə Müdafiə Nazirliyi xəbərdarlıq edib.

Nazirlik onu da bildirir ki, düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı əks etdirməyən bu kimi xəbərlərin gələcəkdə də yayılması istisna edilmir. “Bununla bağlı bir daha kütləvi informasiya vasitələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyəti diqqətli olmağa, düşmən təbliğatına uymamağa, Ermənistanın bu qəbildən təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv əks-fəaliyyət göstərməyə çağırırıq”, - deyə nazirlik bəyan edib.

***

Qeyd edək ki, axır vaxtlar düşmən ölkənin xüsusi xidmət orqanları həqiqətən də virtual məkanda Azərbaycana qarşı təxribat kampaniyasını gücləndirib. Düşmən tərəf hansısa mifik azərbaycanlı adından saxta profil yaradıb, onun dili ilə silahlı qüvvələrimizdə guya deqradasiyanın, başıpozuqluğun baş alıb getməsini sübut eləmək üçün müxtəlif “faktlar” uydurur, onlara həqiqət donu geydirməyə çalışır.

Şübhə yox ki, təbliğat və əks-təbliğat savaşının tərkib hissəsi olan bu olduqca mühüm məsələni ən əvvəl Azərbaycanın KİV-ləri diqqətdə saxlamalı və ona həssaslıq göstərməlidir. Belə olarsa, o zaman sosial şəbəkələrdə erməni “tələsi”nə və təsiri altına düşənlər də xeyli az olar və yaxud heç olmaz.

Unutmaq lazım deyil ki, düşmən Azərbaycana, silahlı qüvvələrimizə qarşı belə çirkin, ordumuzu xalqın gözündən salmağa, ordu-xalq birliyini sarsıtmağa yönəlmiş qarayaxma kampaniyasını bundan sonra daha şiddətlə davam etdirəcək. Əsas da iki səbəbdən.

Birincisi, acından ölən Ermənistan artıq anlayıb ki, Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq gücündə deyil və Rusiya da hərbi balansı təmin eləmək üçün ermənilərə bir elə canıyananlıq etməyəcək. Əksinə, Rusiya ilə Azərbaycan arasında silah ticarəti İrəvanın gizli-açıq etirazlarına rəğmən, davam edir və edəcək.

İkincisi, ordusuna yetərli sayda çağırışçı tapa bilməyən Ermənistan hərbi qüvvələrimiz haqda erməni gənclərində neqativ rəylər yaratmaqla bir növ onları hərbi xidmətə həvəsləndirməyə ümid edir. O motivlə ki, “Azərbaycan ordusu elə də güclü deyil, hərbi xidmətdən yayınmayın, ölkədən qaçmayın!”

***

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə düşdüyü indiki ağır, çıxılmaz siyasi-iqtisadi və hərbi vəziyyəti dünənədək Azərbaycan üzərində “hərbi qələbə”dən danışıb lovğalanan səhra komandirləri də artıq etiraf etməyə başlayıb. Məsələn, Şuşanın işğalına başcılıq eləmiş, Azərbaycan həbsxanasının darıxdığı erməni general, “komandos” adlandırılan hərbi cani Arkadi Ter-Tadevosyan separatçı rejimin başında duranların korrupsiya əməllərindən danışarkən Konfusidən misal gətirərək deyib: “Kasıb ölkədə varlı yaşamaq ayıbdır”.

Onun sözlərinə görə, nə Ermənistanda, nə də Dağlıq Qarabağda dəbdəbə içində yaşamaq yolverilməzdir. Bununla da o, “qalib ermənilər”in bu gün hansı ağır vəziyyətdə olduğunu etiraf eləmiş olub. “Xalq ölkəni tərk edir, başqa ölkələrə köçür, işsiz-gücsüzdür və kiminsə belə bahalı maşınları görür. Bu, bizə şərəf gətirmir və mən fikrimi Konfusinin sözləri ilə əsaslandırıram”, - deyə o, narazı formada bildirib.

***

Məsələ də ondadır ki, əhalisi, xüsusən də gənc, çağırış yaşlı kişiləri baş götürüb gedən bir ölkənin - Ermənistanın Azərbaycana qarşı uzun müddət duruş gətirəcəyi isə mümkün deyil. Yəni izolyasiya vəziyyətində olan Ermənistan topsuz-tüfəngsiz, müharibəsiz də çöküşə məhkumdur. Sadə səbəbə: bir ölkənin mövcudluğu üçün ilkin şərt - onun xalqıdır. Əgər həmin xalq müharibə vəziyyətindən, yoxsulluqdan bezib başqa ölkələrə üz tutursa, deməli, önün dövləti də heç kimə lazım deyil və labüd iflasa doğru gedir.

musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.