Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin yaralanması barədə erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın sosial şəbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: “Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə, xidmət etmir.
Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir”.
Nazirlikdən həmçinin bildirilib ki, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib: “Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.
Qeyd edək ki, Ermənistanın sosial şəbəkələrində erməni silahlı birləşmələrinin Azərbaycan hərbçisini vurmaları barədə məlumat yayılıb. Yaralanan hərbçinin Natiq Qurbanov olduğu bildirilir.