SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Sistemyaradıcı banklar hansılardır?” - Hüquqşünasdan Elman Rüstəmova sual

"Sistemyaradıcı banklar hansılardır?” - Hüquqşünasdan Elman Rüstəmova sual

Tarix:

5-05-2020, 18:27

/ 913 dəfə oxundu.
"Sistemyaradıcı banklar hansılardır?” - Hüquqşünasdan Elman Rüstəmova sual

Mərkəzi Bankın sədri həmişə "bazar iqtisadiyyatı"ndan danışırdı. Onun indi bu çağrışının səbəbləri nədir?..
Bank üzrə mütəxəssis: “Elman Rüstəmov sistemyaradıcı bankların olmasını deməklə, dolayı yolla sahibkarlara dedi ki, hər bankda hesab açıb əməliyyatları orada aparmasınlar”

“Əslində sahibkarlar hansı bankların sistem əhəmiyyətli olduğunu bilirlər. Amma sistem əhəmiyyətli banklar o qədər özlərindən razıdılar ki, həmin banklarda xidmət yaxşı olmur, qiymətləri daha bahadır”.

Bu sözləri bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Mərkəzi Bankın sədrinin dövlət banklarını və iri sistemyaradıcı bankları təbliğ etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, sahibkarlar bank seçərkən diqqətli olmalıdırlar. Hesab açmamışdan əvvəl, sahibkar bankı araşdırmalı, maliyyə göstəriciləri ilə tanış olmalıdır. Sahibkar hesab açarkən də riskə gedir, gələcəkdə bankın müflis olması nəticəsində itirəcəyi vəsaitə görə özü məsuliyyət daşıyır.

Elman Rüstəmov, “Bu, bütün sivil iqtisadiyyatlarda, müasir maliyyə sistemi olan ölkələrdə belədir”, deyərək qeyd etdib ki, Azərbaycanda 30 bank fəaliyyət göstərib:

“30 seçim mövcud olub, Əgər bura gedib (Atabank və Amrahbank -red) hesab açırsansa, bu müştərinin öz seçimidir. Buna nə dövlət məcbur edib, nə də Mərkəzi Bank”.

Elman Rüstəmov etiraf edib ki, bankların fəaliyyəti kifayət qədər şəffaf olmayıb, əhali və biznes bankları seçməkdə doğru qərar qəbul etməyiblər.

Göründüyü kimi Mərkəzi Bankın sədri Elman Rüstəmov dövlət banklarını və iri sistemyaradıcı bankları təbliğ edib. Mərkəzi Bankın sədri həmişə "bazar iqtisadiyyatı"ndan danışırdı. Onun indi bu çağrışının səbəbləri nədir?

Mövzunu PİA.az-ın əməkdaşı hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “Elman Rüstəmovun çağırış bazar iqtisadiyyatı və hüquqi dövlət prinsiplərinə ziddir”.

Elman Rüstəmovun bank sistemini çox ağır vəziyyətin gözlədiyini bildiyini vurğulayan hüquqşunas əlavə edib ki, pandemiyaya görə problemi kreditlər artacaq. Çünki əhali və sahibkarlar borclarını ödəməkdə çətinlik çəkəcəklər. Həm də bu il də olmasa, gələn il növbəti bankların bağlanması ehtimalı var. Buna görə də Rüstəmov indi elə çıxış etdi ki, sabah xəbərdarlıq etdiyini deyə bilsin:

“Mərkəzi Bankın sədrinin mətbuat konfransında dediyi bu fikirlər əlbəttə ki, birmənalı deyil. Çünki Elman Rüstəmov sistemyaradıcı bankların olmasını deməklə, dolayı yolla sahibkarlara dedi ki, hər bankda hesab açıb əməliyyatları orada aparmasınlar. Bu da bir neçə sual yaradır.

Əgər bizdə bazar iqtisadiyyatıdırsa, bu zaman sağlam rəqabət olmalıdır və inhisarçılıq olmamalıdır. Bu isə faktiki qeyri-sağlam rəqabətə və inhisarçılığa çağrışdır. Həm də sual yaranır ki, bəs onda niyə digər banklar fəaliyyət göstərir. Əgər onların vəziyyətləri belə pisdirsə, o zaman o banklar niyə bağlanmırlar.

Həmçinin sual oluna bilər ki, sistemyaradıcı banklar hansılardır? Mərkəzi Bank onların siyahısını açıqlamalıdır. Əks halda hərənin öz fikiri ola bilər. Şəxsən mənim hansı bankların sistemyaradıcı banklar olması haqqında fikrim var. Amma onu səsləndirmək düzgün olmaz. Çünki bazarda panika yaradar. Amma əgər Mərkəzi Bankın sədri buna istinad edirsə, onda zəhmət çəkib həmin bankların da adlarını çəkməlidir.

Əkrəm Həsənov: “Ola bilər ki, Elman Rüstəmovun özü bazarda inhisarlaşmaya maraqlı olduğu üçün belə bir çıxış etdi”.

Sistem əhəmiyyətli banklar hansı banlar olduğunu Elman Rüstəmov ifadə etdi. Düzdür Rüstəmov rus ifadəsini tam düzgün səslənfirmədi. Çünki o rus dilini iddia etdiyi qədər yaxşı bilmir. Amma hər bir halda sistem əhəmiyyətli bank elə bankdır ki, onun çökməsinə imkan vermək olmaz. Çünki o bank çöksə, bu bütün bank sistemi üçün pis olar. Buna ən bariz misal olaraq 3 il əvvəl Beynəlxalq Bankı dövlətin xilas etməsidir. Beynəlxalq Bankın bağlanmaması üçün dövlət 3 milyarddan çox pul ayırdı. Çünki Beynəlxalq Bank sistem əhəmiyyətli böyük bankdır.

Düzdür 4 il əvvəl Standart Bankı da sistem əhəmiyyətli deyib dövlət xilas etməyə çalışdı. Amma son nəticədə o bankı bağladılar. Bu həqiqətən də bank sistemi üçün böyük zərbə oldu. Bu baxımdan Rüstəmovun çağırışı böyük problemdir. Çünki bu çağırış bazarlarda inhisarçılığa aparacaq. Əslində sahibkarlar da hansı bankların sistem əhəmiyyətli olduğunu bilirlər. Amma sistem əhəmiyyətli banklar o qədər özlərindən razıdılar ki, həmin banklarda xidmət yaxşı olmur, qiymətləri daha bahadır.
Həmçinin onların inzibati resursları daha güclüdür. Yəni sahibkar bilir ki, sabah o bankla konflikti yaransa, bank onu məhkəməsiz hüquq mühafizə orqanlarının vasitəsilə əzə bilər. Sahibkarlar ona görə elə banklardan qaçırlar. Sahibkarlar bilirlər hansı banklar arxalıdır. Sadəcə sahibkar həmin banklarla işləməkdən qorxurlar.

Əkrəm Həsənov: “Əsl səbəb odur ki, Elman Rüstəmov anlayır ki, bank sistemini çox ağır vəziyyət gözləyir”.

Ola bilər ki, Elman Rüstəmovun özü bazarda inhisarlaşmaya maraqlı olduğu üçün belə bir çıxış etdi. Amma hesab edirəm ki, əsl səbəb başqadır. Əsl səbəb odur ki, Elman Rüstəmov anlayır ki, bank sistemini çox ağır vəziyyət gözləyir.

Pandemiyaya görə problemi kreditlər artacaq. Çünki əhali və sahibkarlar borclarını ödəməkdə çətinlik çəkəcəklər. Həm də bu il də olmasa, gələn il növbəti bankların bağlanması ehtimalı var. Buna görə də Rüstəmov indi elə çıxış etdi ki, sabah xəbərdarlıq etdiyini deyə bilsin.

Hər bir halda bu çağır çox qorxulu və təhlükəlidir. Həmçinin bu çağırış bazar iqtisadiyyatı və hüquqi dövlət prinsiplərinə ziddir”.

Şərhlər

XƏBƏR LENTİ