SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bağlanma təhlükəsində olan 4 bank - oliqarxlar niyə onları xilas edə bilmir?

Bağlanma təhlükəsində olan 4 bank - oliqarxlar niyə onları xilas edə bilmir?

Tarix:

29-04-2020, 09:56

/ 1 043 dəfə oxundu.
Bağlanma təhlükəsində olan 4 bank - oliqarxlar niyə onları xilas edə bilmir?

İqtisadçı deyir ki, bağlanan banklarda 812,5 milyon manat əmanət qalıb

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 4 bankın - “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.

İqtisadçılar bu qərarı daha 4 bankın ləğv edilməsi prosesinin başlanğıcı kimi dəyərləndiriblər.

Qeyd edək ki, həmin bankların oliqarxlara məxsus olduğu deyilir. Bununla bağlı Musavat.com-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bağlanma təhlükəsində olan bankların kimlərə məxsus olduğunu açıqlayıb.

Onun sözlərinə görə, “AtaBank”ın sabiq vergilər naziri Fazil Məmmədova bağlı olduğu deyilir. “AmrahBank” məşhur İldırımzadələrə məxsusdur. Əlbəttə, bu banklarda başqa kiçik səhmdarlar da var. “NBCBank”ın səhmlərinin əksəriyyəti isə ölkənin tanınmış iş adamlarından olan “Nurgun Group” şirkətinin sahibi Nuru Əliyevə məxsusdur. “AGBank” ASC-nin əsas səhmdarı isə Çingiz Əsədullayev hesab olunur. Milli Məclisin sabiq deputatı olan Çingiz Əsədullayev bankda 33,57% paya sahibdir. Çingiz Əsədullayevdən başqa səhmdarlar da var. Bu oliqarxların çoxu artıq vəzifədə deyil”.

Mövzuya münasibət bildirən iqtisadçı alim Qubad İbadoğlu isə vurğulayıb ki, bağlanan banklarda 812,5 milyon manat əmanət qalıb: “Baxmayaraq ki, 10 gün öncə Azərbaycanda bank sistemi likviddir deyən Mərkəzi Bank sədrinin növbəti dönəmdə ilk qərarı 4 bankın fəaliyyətinin dayandırılması oldu. Bununla da fəaliyyəti dayandırılan bankların sayı 17-yə çatdı. Bundan sonra Azərbaycan banklarının sayı 26 olacaq. Hesab edirəm ki, bu da son deyil, yəqin ki, il ərzində bankların bağlanması prosesi davam edəcək. Banka inzibatçı təyin olunması o deməkdir ki, həmin bankların idarə heyəti bu gündən sonra səlahiyyətlərini itirir, ondan sonra ləğvetmə komissiyasının tövsiyəsi əsasında banklar ya bağlana, ya da birləşə bilər, ondan sonra isə bankda olan əmanətlərin geri qaytarılmasına başlanılmalıdır. Əmanətlərə gəlincə, 1 oktyabr 2019-cu ilə olan son məlumata görə, "AtaBank”da 286,3 milyon manat, 1 yanvar 2020-ci ildə isə “AGBank”da 208,2 milyon manat, “NBC Bank”da 142,8 milyon manat və “AmrahBank”da 175,2 milyon manat əmanət vardır. Beləliklə də, 4 bankda cəmi 812,5 milyon manat əmanət qalıb. Əmanətlərin qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən aparılacaq. Bu zaman ilk növbədə sığortalanmış əmanətlər sahiblərinə qaytarılacaq və ən böyük çətinlik cari hesablarda olan vəsaitlərlə yanaşı sığorta olunmayan əmanətlərin qaytarılmasında gözlənilir”.

Məsələ ilə bağlı Musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, əslində bu banklar 2017-2018-ci illərdə bağlanmalı idi: “Çox gecikdirilmiş qərardır və zamanlama olaraq da doğru seçilmədi. İndiki şəraitdə neftin qiymətinin ucuzlaşdığı, pandemiya ilə bağlı əndişələrin artdığı dönəmdə 4 banka inzibatçı təyin olunması maliyyə bazarı üçün çox böyük psixoloji zərbə oldu. Zaman etibarilə 2 il bundan öncə olsaydı, daha yumşaq şəkildə keçid baş verə bilərdi. Hazırkı qərar isə ondan ibarətdir ki, 30 gün müddətində inzibatçı təyin edən orqan bankların aktivlərini və passivlərini hesablayacaq. Bundan sonra müəyyən qərar veriləcək. Həmçinin bankın borcunun və alacaqlarının nə qədər olacağı da hesablanacaq. Çox böyük ehtimalla, bu banklar bağlanacaq, onlardan ən azı 3-nün bağlanması mütləqdir. Ola bilər ki, biri də digər hansısa bankla birləşsin”.

N.Cəfərli vurğuladı ki, bağlanan banklarda 800 milyon manata yaxın əmanət var və onların qaytarılması ilə bağlı problem gözlənilmir: “Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu vəsaitlər bir neçə aya bölünərək qaytarıla bilər. Problem sadəcə Əmanətlərin Sığortalanması Fondunda vəsaitin olmamasıdır. Bununla bağlı da köhnə praktika var. Bank Standart bağlanarkən Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 500 milyon manat vəsait verdi və əmanətlər qaytarıldı. Yəqin ki, yenə də oxşar praktika olacaq, əhalinin depozitlərinin qaytarılmasında heç bir problem olmayacaq. Ola bilər ki, sahibkarların, hüquqi şəxslərin dövriyyəsindəki vəsaitlərin qaytarılmasında müəyyən problem yaşansın. Bunu digər banklar bağlanan zaman da görmüşük. Vətəndaşlar əmanətlərini yəqin ki, payız aylarında almağa başlayacaqlar.

İqtisadçının sözlərinə görə, problem odur ki, bank sistemində indiki verilən qərar həm əhalinin banklara güvəncini zədələyə bilər, həm də hökumətin kreditlərin ertələnməsi ilə bağlı verdiyi qərar payız aylarında bank sektorunu çökdürə bilər: “Burada ən böyük problem budur. Kreditlərin ertələnməsi, cərimələrin hesablanmaması ilə bağlı qərar 6 ay sonra çətinlik yaşadacaq. Çünki indiki ərəfədə həm vətəndaşların, həm də sahibkarların kredit ödəməyə gücü çatmadığından kreditləri ertələyəcəklər. Sentyabrda isə birdən-birə 6 ayın kredit borcunu birdəfəlik ödəmək məcburiyyəti yaranacaq. Bu zaman əhalidə belə bir ödəmə qabiliyyətinin olacağını da düşünmürəm. O səbəbdən sentyabr–oktyabr aylarında banklarda yüklənmə olacaq və problemli kreditlərin həcmi kəskin artacaq. Pandemiya və postkarantin dövrü ən azı bir neçə ay, hətta il çəkə bilər. Köhnə vəziyyətə qayıtmaq uzun zaman tələb edir. Ona görə də bununla bağlı əlavə proqramın hazırlanmasına ehtiyac var ki, payız aylarında bank sistemində əlavə problemlər yaranmasın”.

Şərhlər

XƏBƏR LENTİ