SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Baş DYP İdarəsi Qarabağ qazisinə öz nömrəsini vermir

Baş DYP İdarəsi Qarabağ qazisinə öz nömrəsini vermir

Tarix:

9-05-2022, 11:00

/ 494 dəfə oxundu.
Baş DYP İdarəsi Qarabağ qazisinə öz nömrəsini vermir

 
Dövlət Yol Polisi İdarəsinin avtomobil nömrələrini rüşvətlə ayrı-seçkilik edərək verməsinə hüquqi qiymət verilməməsi sözügedən idarənin rüşvət- korrupsiya sahəsində yeni – yeni özbaşınalıqlara yol verməsinə nədən olur.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1 maddəsinə görə, 001-009 avtomobil nömrələrinin verilməsinə görə, ayrı hərflərin kombinasiyasından ibarət olduqda 2000 (iki min) manat, eyni hərflərin kombinasiyasından ibarət olduqda isə 3000 (üç min) manat; 100-900 nömrələrinin verilməsi üçün uyğun olaraq 1500 və 2000 manat; 111-999 nömrələri üçün uyğun olaraq 1000 və 1500 manat dövlət rüsumunun tutulması doğrulanıb. Avtomobil nömrələrinin verilməsinə məsul olan müvafiq icra hakimiyyəti orqanı DİN Baş Dövlət Yol Polisi İdarəsinin isə özünün özəl rüşvət-korrupsiya qanunu qüvvədədir. Vətəndaş istehlakçı istədiyi nömrəni rüsum qarşılığında almaqdan məhrum edilib. Bu sətirlərin yazarı 15 ildir 10-001 nömrəsinin “əlil -qazi” avtomobilinə verilməsinə nail ola bilmir. Öncə BDYPİ rəisi Ramiz Zeynalov əməkdaşını göndərib, qospitalda Qarabağ qazisini sovqatla ziyarət edib və istədiyi nömrəni verəcəyinə söz verib. Lakin hər dəfə rəsmi məktublarla çağırıb, gedəndə gözləməyi, hələ nömrələrin sərfiyyatda olmadığını, belə nömrələrin xüsusi rüsumla veriləcəyini bildirib imtina ediblər. Hələ də 001 nömrəsinin sərfiyyatda olmadığını və olmayacağını bildirirlər.

Bu necə ola bilər? 001 nömrəsinin olmadığını iddia etmək TƏK OLAN ALLAHI danmaq deyil? Təkcə Bakı şəhəri üzrə 001 nömrəsinin sərfiyyatdan gizlədilməsi dövlət büdcəsinə 10 milyon manat ziyan vurur. Respublika üzrə ortalıq 150 milyon manatın büdcədən yayındırılmasını 66 rayonun, 11 respublika tabeli şəhərin olması faktı ortaya qoyur. (Bu hələ dövlət qiymətləridir , yol polisinin bazar qiymətləri onlarla dəfə artıqdır!-M. B ) Bəs niyə ali dövlət hakimiyyəti orqanları, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası dövlət büdcəsinin gözlənilən gəlirlərinin azaldılmasına , yol polisinin “nömrə” xətti ilə büdcə daxilolmalarının sıfırlanmasına susurlar? Biz hələ qanunların icrasına və tətbiq edilməsinə nəzarət etməyə borclu olan baş prokurorluğun nəyə nəzarət etməsini də demirik. Bir baş prokurorluq ki , korrupsiya ilə bağlı 161 qaynar xəttinə zənglərə “rüşvət rüsumu” tətbiq edə, onun qanunun tətbiqinə hansı yetkisi ola bilər? Yeri gəlməsə də, dövlətin korrupsiyaya qarşı 161 qaynar xəttinə zənglərə görə Bakcell şirkəti ödəniş tutmasını “qısa nömrənin sahibi olan şirkətin (?-heç demə, baş prokurorluq dövlət şirkəti imiş! -M. B. ) müəyyən etdiyini yenidən bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin Qarabağ qazisinə qərəzi o həddə çatıb ki, özünə məxsus 007 nömrəsinin yenidən verilməsindən imtina edir. Bu imtinanı “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinin lll hissəsini köçürməklə “əsaslandıran” yol məmurlarının diqqətinə “Yol hərəkəti haqqında” qanunun digər maddələrini də oxumağa və tətbiq etməyə borclu olmalarını çatdırırıq. Elə həmin 29-cu maddənin Vl hissəsində yazılıb : “Bu maddənin lll, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının ƏVVƏLKİ (SONUNCU) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə , həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2 maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.” “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.2 maddəsində isə bu Qanunun 18.65.6.1 maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və hərflərin kombinasiyası istisna olmaqla , avtonəqliyyat vasitələri üçün DİGƏR dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə CƏDVƏL HİSSƏSİNDƏ GÖSTƏRİLMİŞ RƏQƏM VƏ HƏRFLƏRİN KOMBİNASİYASI DA DAXİL OLMAQLA, dövlət qeydiyyat nişanlarının TƏKRAR VERİLMƏSİNƏ görə 30 (otuz) manat dövlət rüsumunun tutulması doğrulanıb. Biz kəsinliklə iddia etmirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin başbilənləri bu maddələrdən bilgisizdirlər. Əksinə, yol məmurları qanunu da, maddələri də əzbər bilirlər; sadəcə tətbiq etməyi yox, gizlətməyi üstün tuturlar. Elə avtomobil nömrələrini gizlətdikləri kimi. Bu isə xidmət qurumu olan BDYPİ-nin insan hüquqlarını, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla qorunan istehlakçı hüquqlarını kobud pozması deməkdir və korrupsiya faktıdır . “Nömrə məmurları”nın istehlakçılara “nömrə” gəlməsi” adi nömrələrin “xronoloji ardıcıllıqla verilməsi” bəhanəsilə şişirdilmiş qiymətə satılmasında da üzə çıxır. Birincisi, bu ardıcıllığı kim müəyyən edir :nömrəni gizlədib “piştaxta altından” satan satıcı yol polisi, yoxsa alıcı, istehlakçı? Qanunvericiliyə görə, malı, xidməti seçmək hüququ istehlakçıya məxsusdur, amma yol polisi inhisarçı mövqeyindən yararlanaraq qiyməti diqtə edir. İkincisi, necə olur, adi “bərkgedən” (010,011,020,022 070,077,090,099 və s.) nömrələr “xronoloji ardıcıllıqla” “bərkgedən” məmurların “bərkgedən” uşaqlarına qismət olur? Bu da yol polisinin “nömrə lotereyası”dır ? QANUNU POZ, NÖMRƏ QAZAN?!

“Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinin ll-l hissəsində rüsumun məbləği, mövcud olan nömrələr barədə məlumatların BDYPİ-nin internet səhifəsində yerləşdirilməsi, habelə imtahan -qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılması doğrulanıb. Bəs niyə yol polisi rəhbərlik səviyyəsində nömrələri və məlumatları gizlədir? Hətta vətəndaşa öz nömrəsini yenidən verməkdən qanunu bilərəkdən yanlış tətbiq edərək imtina edir? Bu gizliliyin, imtinanın bircə qaynağı var : KORRUPSİYA!!!

NƏ QƏDƏR KORRUPSİYA SÜRƏCƏKSƏ, QANUN, KONSTİTUSİYA KAĞIZ ÜZƏRİNDƏ QÜVVƏDƏ OLACAQ.

Məğrur BƏDƏLSOY

Şərhlər

XƏBƏR LENTİ