Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarının (maşın nömrələri) verilməsi qaydaları qanunvericiliklə tənzimlənir.
Unikal.org xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir.
Maşın nömrələrinin qiyməti isə “Dövlət rüsumu haqqında” qanun əsasında müəyyən edilir. Qanuna görə, avtomobil nömrələri üçün rüsumlar seriya və rəqəmlərə görə dəyişir.
Bu qanunun 18-ci maddəsində qeyd olunub ki, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır.
Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasında dəyişir.
Yəni qanunla Azərbaycanda ən bahalı maşın nömrəsi 2500 manat ola bilər.
Rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 22 manat təşkil edir.
Amma Azərbaycanda bəzi avtomobil dövlət qeydiyyatı nişanlarının çox baha olması haqqında məlumatlar da yayılır.
Məsələn, Azərbaycandakı alqı-satqı saytlarına da nəzər yetirdikdə məlum olur ki, satışda minlərlə manata nömrələr var.
Misal üçün, 10-NK-009 qeydiyyat nişanının qiyməti 10 min manatdır.
Bundan başqa, satış elanında 13 500 manatlıq nömrə də var – 90-OU-002.
90-VA-009 nömrəsi isə 15 min manata satılır.
Bu da son deyil. Belə ki, qısa araşdırmamız zamanı məlum oldu ki, hətta 60 min manata da avtomobil qeydiyyatı nişanı satılır – 33-SS-333.
Maraqlıdır, qanunda göstərilən maksimum məbləğ 2500 manat olduğu halda, bəzi nömrələr niyə bu qiymətdən baha satılır?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında deyib ki, daha bahalı maşın nömrələrindən əldə olunan gəlir dövlət büdcəsinə getmir, bu qiymətlər bazar qaydaları ilə tənzimlənir.
Maşın nömrələrinin qiymətinin necə tənzimlənməli və buna hansı qurumun nəzarət etməli olduğundan danışan ekspert bəzi idarələrin şəffaf işləmədiyini deyir:
“Bəzi qurumlarda müəyyən adamlar var ki, şirkətin və dövlət müəssisəsinin işgüzar nüfuzunu nəzərə almır”.
R.Ağamirzəyevin sözlərinə görə, bahalı avtomobil nömrələrinin qiymətlərini bazar tənzimləsə də, burada da anlaşılmazlıqlar yaranır. Bu isə qeyri-şəffaflıqla bağlıdır.
“Dövlət rüsumu haqqında” qanuna istinadən həmin cədvəli təqdim edirik: