XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » "Kapital Bank" vətəndaşın dizini yerə gətirib... - HÜQUQ NƏ DEYİR?

"Kapital Bank" vətəndaşın dizini yerə gətirib... - HÜQUQ NƏ DEYİR?

"Kapital Bank" vətəndaşın dizini yerə gətirib... - HÜQUQ NƏ DEYİR?
5-01-2022, 10:21

Bugünlərdə redaksiyamıza müraciət edən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən, adının çəkilməsini istəməyən hərbçi tanışı üçün "Kapital bank"da zamin durduğunu, həmin şəxsin, yəni hərbçinin tanışının kredit öhdəliyini icra edə bilmədiyi üçün kredit borcuna görə onun əmək haqqının 50 faizinin tutulduğunu bildirib.

"Mənim əmək haqqından başqa gəlir yerim, qazanc mənbəyim yoxdur, bu halda isə maaşımdan özümə heç nə qalmır"

Həyat yoldaşından ayrıldığını deyən hərbçinin sözlərinə görə, aldığı 700 manat əmək haqqının yarısını məhkəmə qərarı ilə aliment qismində ödəyir, yerdə qalan hissə isə "Kapital bank" tərəfindən tutulur: "Beləliklə də aldığım 700 manat əmək haqqının 350 manatı alimentə, 350 manatı isə zamin durduğum üçün "Kapital bank" tərəfindən tutulur. Mənim əmək haqqından başqa gəlir yerim, qazanc mənbəyim yoxdur. Bu halda isə maaşımdan özümə heç nə qalmır. Bir müddətdir ki, ondan-bundan borc alaraq dolanıram. Əgər bu hal bir qədər də davam edərsə, onda artıq vəziyyətim lap pis olacaq, dilənməyə məcbur qalacam. İndi üzləşdiyim bu çıxılmaz vəziyyətdən yaxa qurtarmaq üçün hara, kimə müraciət edəcəyimi bilmirəm".

Xalqxeber.az xəbər verir ki, hərbçi Hurriyyet.az-dan üzləşdiyi problemin həllində yardımçı olmağımızı xahiş etdiyindən məsələ ilə bağlı ətraflı məlumat almaq, eyni zamanda şikayətçiyə hüquqi yolu izah etməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik.

Vəkilin sözlərinə görə, əgər ödənişlərdə aliment də varsa, o zaman vətəndaşın maaşının maksimum 70 faizi tutula bilər: "Məsələnin hüquqi proseduru belədir ki, vətəndaşın borcuna görə onun aylıq gəlirinin, o cümlədən əmək haqqının 50 faizi tutula bilər. Əgər ödənişlərdə aliment də varsa, o zaman maaşının maksimum 70 faizi tutula bilər. Yəni, bu halda həmin hərbçinin 700 manatlıq maaşının cəmi 70 faizi tutula bilər. İndiki halda isə onun əmək haqqının 50 faizi alimentə, yerdə qalan 50 faizi isə kredit borcuna tutulur. Qeyd etdiyim kimi, əgər vətəndaş maaşının 50 faizini alimentə ödəyirsə, onda bank kredit borcuna görə maaşın 20 faizini tutmalıdır. Yerdə qalan 30 faiz isə vətəndaşın özünə qalmalıdır".

Bank sektoru üzrə mütəxəssis hesab edir ki, əgər proses bu cür baş vermirsə, bu, qanun pozuntusudur: "Yəni, əmək haqqının 50 faizi alimentə tutulduqdan sonra bank onun maaşından 20 faiz tuta bilər. Əks halda, bu, qanun pozuntusudur. Sadəcə, ola bilər ki, vətəndaş maaşını da həmin bankdan alır və bankda müqavilədə yazır ki, sən borcu vaxtında verməsən, maaşdan tutacağam. Bu səbəbdən də bank aliment tutulduqdan sonra qalan vəsaiti borc qismində tutur. Nəticədə vətəndaşa heç nə qalmır. Bank isə öz növbəsində, vətəndaşla arasında olan müqaviləyə istinad edir. Odur ki, bu halda vətəndaş iş yerinə müraciət etməli və əmək haqqının digər banka köçürülməsini tələb etməlidir. Çünki Əmək Məcəlləsinə görə, hər kəs əmək haqqının alınması formasını seçməkdə sərbəstdir. Bu zaman vətəndaşın zamin durduğu bank məhkəməyə müraciət edəcək, nəticədə məhkəmə qərarı ilə onun maaşının 20 faizi tutulacaq, aliment ödəndikdən sonra yerdə qalan 30 faiz isə vətəndaşa çatacaq".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.