SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “MTN işi”ndə günahkar təkcə Mövlam Şıxəliyev deyil" - TƏFƏRRÜAT

“MTN işi”ndə günahkar təkcə Mövlam Şıxəliyev deyil" - TƏFƏRRÜAT

Tarix:

7-12-2021, 14:58

/ 403 dəfə oxundu.
“MTN işi”ndə günahkar təkcə Mövlam Şıxəliyev deyil" - TƏFƏRRÜAT

Dekabrın 7-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Bu günə qədər cinayət işi üzrə hazırlıq iclası və 6 proses keçirilib. Ötən müddət ərzində 32 zərərçəkən və 4 zərərçəkənin hüquqi nümayəndəsindən yalnız 1 nəfər 1 epizod üzrə dindirilib. Həmin epizod üzrə şahidlər də məhkəmədə sualları cavablandırıblar.

Ümumilikdə 2 aya yaxındır ki, proses davam edir. Bu müddət ərzində zərərçəkənlər mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə üz-üzə, təkbətək qalıblar.

Məhkəmə prosesini izləyən vəkillər və zərərçəkmişlərdə belə fikir formalaşıb ki, ittihamın sübut olunması yalnız zərərçəkənlərin maraq dairəsindədir və onlar öz sualları, vəsatətləri ilə quldur dəstəni ifşa etməlidir: “Dövlət ittihamçısı isə ötən müddət ərzində zərərçəkənlərin vəsatətlərinə, suallarına susmaqla cavab verir. Eyni tərzi təqsirləndirilən, onların vəkillərinə münasibətdə də sərgiləyir. Hətta zərərçəkənlərin azadlıqda olan təqsirləndirilən şəxslərin onlara təzyiq göstərməsinin qarşısının alınması ilə bağlı vəsatətlərini belə dövlət ittihamçısı müdafiə etməkdən yayınır. Sanki ittihamın irəli sürülməsi, müdafiə edilməsi, sübut olunması, ittihamın təsdiqlənməsi dövlət ittihamçısını maraqlandırmır”.

Zərərçəkənlər deyir ki, dövlət ittihamçısı prosesə gəlməsə belə, nəsə dəyişməyəcək. Çünki kənardan belə qənaət formalaşır ki, Vüsal Mehrəliyev prosesdə prosessual qaydanın pozulmaması üçün formal olaraq iştirak edir. Əslində isə prosesdə bu şəkildə iştirakı ilə Cinayət Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozur.

Zərərçəkənlər sual edir: bunun səbəbi nədir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “MTN işi” üzrə istintaq alayarımçıq aparılıb. Bu gün məhkəmə də həmin alayarımçıq istintaqın davamdır: “Mövlam Şıxəliyev və digərlərinin ittiham olunduğu cinayətlər 1 günün içində törədilməyib. Həmin cinayətlər illərlə davam edib, yüzlərlə Azərbaycan vətəndaşına saxta qondarma ittihamlar verilib, həmin ittihamlar əsasında qanunsuz həbs olunub. MTN-in İstintaq Təcridxanası şəxsi zindan kimi istifadə edilməklə vətəndaşlar azadlıqdan mərhum ediblər. Zindana salınan vətəndaşlar tələb olunan pulu, əmlakı, malını verənə qədər orada saxlanılıblar. Bu gün Mövlam Şıxəliyev ”qurbanlıq" rolunu bilərəkdən özü qəbul edir, dəmir barmaqlıq arxasında sakit oturub yaxın zamanda azadlığa çıxacağına ümidlidir. İttihamçı onun üstünə getsə, ittihamı sübut etmək üçün qanunamüvafiq addımlar atsa, Mövlam Şıxəliyevin mövqeyi kəskin şəkildə dəyişəcək. Onun özü olduqca sərt ittihamçıya çevriləcək. Deyəcək ki, ittihamlar qondarma olubsa, niyə Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi, onun başında dayanan Rüstəm Usubov, Rüstəm Usubovdan yuxarıda dayanan Zakir Qaralov həmin ittihamları təsdiq edib? Niyə onun və əlaltılarının vətəndaşların həbsinə dair vəsatətləri təmin edilərək məhkəmələrə təqdimatlar göndərilib? Niyə məhkəmələr saxta və uydurma ittihamları təsdiq etməklə günahsız vətəndaşlar barəsində qondarma hökmlər cıxarıblar?

Mövlam Şıxəliyevin barəsində ittihamedici hökm çıxarılacaqsa, qanunun tələbidir ki, onun uydurduğu saxta ittihamları təsdiq edən vəzifəli şəxslər - Rüstəm Usubovla Zakir Qaralov da istintaqa cəlb edilməlidirlər. Onların məsuliyyətdən kənar qalması üçün isə Mövlam Şıxəliyevin barəsində formal hökmün çıxarılması bir şərtə çevrilən məsələdir. Reallıqlar “MTN işi” üzrə obyektiv istintaq, obyektiv məhkəmə aparılmasını istisna edir. Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmədə dövlət ittihamçısının seyrçi mövqeyi də böyük ehtimalla qeyd olunan məqamlara söykənir.

Zərərçəkən Hüseyn Səfərov isə bildirir ki, ona qarşı irəli sürülmüş qondarma dələduzluq ittihamı ilə bağlı məsuliyyət daşıyan vəzifəli şəxslərin də dairəsi tam olaraq müəyyən edilməyib və barələrində qanuna müvafiq şəkildə hec bir hüqiqi qiymət veilməyib.

Belə ki, zərərçəkən Hüseyn Səfərova qarşı ittihamın irəli sürülməsində cinayət işi üzə müstəntiq Mahir Qasımovun rolu, ona rəhbərlik edən şöbə müdiri Vüsal Ələkbərov və İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin bilavasitə təqsiri var.

Hüseyn Səfərovun qondarma ittihamla qanunsuz həbsi üçün Mövlam Şıxəliyev vəsatət verən vəzifəli şəxsdir. Bu qanundankənar vəsatətə əsasən təqdimat verən isə baş prokurorun 1-ci müavini Rüstəm Usubov olub. Hüseyn Səfərovun həbsinə verilən təqdimatı Səbayel Məhkəməsində Rauf Hüseynov (hazırda Qaradağ məhkəməsinin sədridir-red.) qərarı ilə təmin edib: “Ümumilikdə isə Azərbaycan məhkəmələrində MTN-dən gələn təqdimatları, ittihamları təmin edən hakimlərin əksəriyyəti də Eldar Mahmudova yaxın şəxslər olub. Obrazlı desək, Eldar Mahmudov kontrabasda tək ifaçı olmayıb. Sonradan qondarma cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Burada da qondarma ittihamlar hakim mantiyası geyinmiş, vaxtilə MTN-də işləmiş müstəntiqlər tərəfindən hökmə çevrilib. Beləcə cinayət halqası qapanıb. Azərbaycan vətəndaşlarının həyatları məhv edilib”.

Hüquqşünas deyir ki, bu gün “MTN işi”nin alayarımçıq aparılması, gələcəkdə bu iş üzrə yenidən istintaq araşdırmalarının aparılmasını, təqsirkarların tam dairəsinin müəyyən olunmasını zəruri edir.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, ibtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var. Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ