SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası

Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası

Tarix:

1-05-2024, 16:42

/ 657 dəfə oxundu.
Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası

 
Mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak edərək geniş çıxış edib. Yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün ölkəmizdə bir araya gəliblər. 
Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Mayın 1-dən 3-dək ölkəmizdə keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 
  2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransda İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Prezident İlham Əliyev tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülüb. Konfransda "Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi" qəbul edilib.
"Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. 
 "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə 2011-ci ildə, daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. 
 Təsadüfi deyil ki, Azərbaycan bu cür mərama xidmət edən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib. Çünki tarixən müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Bunu ölkəmizdə mövcud olan müxtəlif inanclara məxsus tarixi, dini abidələr də əyani göstərir. Tarixdə ilk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir.  Bunlar isə Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu məkan olmasına əyani nümunədir.
 Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. İslam ölkəsi Azərbaycanda bu gün məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların fəaliyyət göstərməsi də buna əyani nümunədir. Hazırda dünyanın əksər ölkələrində tüğyan edən dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin, ksenofobiyanın, islamofobiyanın fonunda Azərbaycanda var olan tolerantlıq unikallığı ilə diqqət çəkir və təqdir olunur. 
Məhz ölkəmizin sivilizasiyalararsı dialoqların keçirildiyi baş ünvana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara dayanır. Azərbaycan islam dövlətləri və təşkilatları ilə də mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Ölkəmizin milli mədəniyyətində islam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın islam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün "islam Mədəniyyətinin Paytaxtı" elan olunub. İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı Bakıda keçirilib.
Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı  narahat edən problemlərdən birgə çıxış yollarının aranması üçün uğurlu platformalar təqdim edir.
 Mayın 1-dən 3-dək davam edən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da mədəniyyətlərarası və dinlərarası qlobal dialoqlara Azərbaycanın növbəti töhfəsi olacaq. 
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ