SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Bu gün Bakı mədəniyyətlərin qovuşduğu məkandır

Bu gün Bakı mədəniyyətlərin qovuşduğu məkandır

Tarix:

1-05-2024, 16:42

/ 1 089 dəfə oxundu.
Bu gün Bakı mədəniyyətlərin qovuşduğu məkandır

 
 Çoxkonfessiyalı və çox mədəniyyətli ölkə olması, müxtəlif mədəniyyətlərin inkişafını stimullaşdıran qanunvericiliyin mövcudluğu və bir çox digər səbəblər Azərbaycanı tolerantlıq ətrafında gedən beynəlxalq diskussiyaların reallaşdırıldığı arenaya çevirir. Bakıda beynəlxalq tədbirlərin uğurla keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirir. 
Bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər qət etdiyi yol sübuta yetirir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər. 
 Prezident İlham Əliyev də bu məsələyə ciddi önəm verir və dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevrilib, eyni zamanda qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb.
Hazırda bir çox dövlətlər ölkəmizin bu sahədəki uğurlu təcrübəsini öyrənir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan "Bakı Prosesi" mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş "Bakı Prosesi" çərçivəsində Azərbaycanda müntəzəm olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Ötən müddət ərzində forumun coğrafiyası genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilatların və institutlarin rəhbərləri və nümayəndələri qatılıblar. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.
Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq mayın 1-dən 3-dək Bakı şəhərində  "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda tədbir keçiriləcəyini xatırladan deputat bildirib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar  sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək.  Tədbir iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
 Dünyanın bir sıra ölkələrində yaranmış münaqişələr, əsasən, dialoqun olmaması səbəbindən daha gərgin xarakter alır. Bu mənada,  dövlətimiz və Prezident İlham Əliyev üzərinə böyük missiya götürərək dünyada sülhə, əmin-amanlığa, tolerantlığa hesablanmış fəaliyyətini layiqli şəkildə davam etdirir. Azərbaycan dünyanın üzləşdiyi mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanınır. Ölkəmizin mövqeyi dünyada bir sıra vacib qərarların qəbuluna da birbaşa təsir göstərir.
 
 
 Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 

Şərhlər

XƏBƏR LENTİ