XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Mövlam Şıxəliyevin azadlıqda qalmasının səbəbi

Mövlam Şıxəliyevin azadlıqda qalmasının səbəbi

Mövlam Şıxəliyevin azadlıqda qalmasının səbəbi
3-06-2017, 12:23

Xəbər verdiyimiz kimi Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti Vüsal Ələkbərovun vəkillərinin müdafiə çıxışı etməsindən sonra ona son söz üçün 1 həftə vaxt verib. Ancaq MTN-nin şöbə rəisi məhkəmədən 2 həftə istəyib.
Hakim son söz üçün 2 həftənin çox olduğunu qeyd etdikdə, Vüsal Ələkbərov bu müddətdə daha dərindən düşünərək sözügedən cinayət işi üzrə mövcud mütəşəkkil dəstənin başında duranların adlarını bir-bir əməlləri ilə açıqlayacağını bəyan edib: “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”
Qeyd edək ki, Vüsal Ələkbərov məhkəmədə çıxışı zamanı bu ifadələri işlədərkən milli təhlükəsizlik naziri Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutub.
Vüsal Ələkbərovun sensasion açıqlaması ilə bağlı apardığı araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxıb. Saytımızı bilgiləndirən mənbə Vüsal Ələkbərovun indiyədək susmasının səbəbini Mövlam Şıxəliyevlə həbsdəki istintaqçılar arasındakı razılıqla əlaqələndirib. Belə ki, MTN dağılandan sonra və həbslərin ilk dalğası zamanı istintaqçılar nazirliyin İstintaq Baş İdarəsinin rəisi general Mövlam Şıxəliyevin əleyhinə hər hansı ifadə verməyəcəyi, həmçinin, generalın da istintaq dövründə zərərçəkənlərə razılaşacağı barədə razılıq əldə ediblər.
Bu posesdə prokurorluq orqanlarının rəhbərliyi də zərərçəkənlərin maraqlarının təmini baxımından Mövlam Şıxəliyevin çöldə qalmasına göz yumub.
Öz növbəsində isə Mövlam Şıxəliyev bir neçə zərərçəkənin pulunu qaytarsa da MTN cinayətlərinin qurbanı olan bir sıra iş adamları bu prosesdən kənarda qalıb. Həmin şikayətçilər isə məhkəmədə Vüsal Ələkbərova ən ağır cəzanın verilməsini təkid edir. Görünür, həyatının uzun illərinin həbsxanada keçəcəyini dərk edən Vüsal Ələkbərov Mövlam Şıxəliyev tərəfindən aldadıldığını anlayıb.
Məhz buna görə də son bəyanatını səsləndirib.
Mənbəmiz qarşıdakı prosesdə Vüsalın və digərlərinin Mövlam Şıxəliyev və Eldar Mahmudov barəsində sensasion faktlar açıqlayacağını istisna etməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.